1301
Aktual 5 avqust — 17:48

Gömrük Komitəsi kitab satıcılarının ağır ittihamlarına cavab verdi

Bir neçə gün əvvəl "Qanun nəşrlər evi"nin rəhbəri Şahbaz Xuduoğlu və "Əli və Nino" kitab mağazalar şəbəkəsinin sahibi Nigar Köçərli Dövlət Gömrük Komitəsini kəskin tənqid ediblər. Xüsusilə sahibkarlar gömrük orqanlarını malların rəsmiləşdirilməsində süni əngəllər yaratmaqda, şəffaflığın olmaması və korrupsiyada ittiham edirlər. Malların qısa bir gömrük bəyannaməsi sistemi, habelə yüklərin rəsmiləşdirilməsi qaydalarını pozduğuna görə cəzaların artırıldığı iddia edilib.

Sahibkarların tənqidləri nə dərəcədə haqlıdır? İlkin məlumat sistemi niyə onları narazı salıb, hansı göstəricilərə görə cərimələr tətbiq olunub və nəhayət, gömrük orqanları haqqında demək olar ki, hər bir tənqidi yazıda adı çəkilən "Ramal Trans" MMC şirkəti kimindir?

Virtualaz.org-un bu və digər suallarını Dövlət Gömrük Komitəsinin Mətbuat və ictimaiyyətlə əlaqələr İdarəsinin  rəisi Natiq Axundov cavablandırıb.

- Şahbaz Xuduoğlu və Nigar Köçərli tərəfindən tənqidi yazıların ortaya çıxmasını nə ilə əlaqələndirirsiniz və bunlar nə dərəcədə əsaslıdır?

-Son illər Prerzident İlham Əliyev tərəfindən gömrük sistemində həyata keçirilən islahatlar beynəlxalq ticarətin və tranzitin sürətli inkişafını stimullaşdıran, xarici ticarət əməliyyatlarını asanlaşdıran, daha modern, daha çevik gömrük xidməti formalaşdırdı.  Artıq iki ildir “nəzarətdən-xidmətə” devizi ilə fəaliyyət göstərən gömrük sistemində şəffaflığın təmin olunmasını, kölgə iqtisadiyyatınını aradan qaldırılmasını, düzgün uçot sisteminin qurulmasını, ilk növbədə könüllü riayət prinsipinin formalaşmasını təmin edən yeniliklər tətbiq edir.

Məhz gömrük sistemində aparılan və bütün mərhələləri barədə mütəmadi olaraq cəmiyyətin məlumatlandırıldığı kadr və struktur islahatlarının nəticəsidir ki, gömrük-keçid məntəqələrində əvvəlki sıxlıqlar müahidə edilmir. 600-dən artıq sahibkarlıq subyektinin faydalandığı “Yaşıl dəhliz” buraxılış sistemi hesabına sahibkarlar idxal və ya ixrac etdikləri malları gömrük orqanına gəlmədən və gömrük əməkdaşı ilə təmasda olmadan birbaşa öz anbarına boşaldır, eyni zamanda xaricə göndərə bilir.

“E-növbə” sistemi hazırda regionda tətbiq edilən ən mütərəqqi layihələrdən biridir ki, şəxsi avtomobilləri ilə xaricə səyahət edənlərin sərhəd-gömrük məntəqələrini  vaxt itirmədən  keçməsini təmin edir. Bundan başqa infrastrukturun yenidən qurulması, əməkdaşların potensialıın gücləndirilməsi,  müasir texniki nəzarət vasitələrinin tətbiqi və modern gömrük sisteminin ən vacib amillərindən sayılan risklərin idarə olunması prinsipinin reallaşdırılması sərhədkeçmə proseslərini asanlaşdırmaqla yanaşı, sahibkarların əlavə vaxt və vəsait itkisinin qarşısını alır, xidmət səviyyəsinin yüksəldilməsinə şərait yaradır. Şübhəsiz ki, son iki ildə gömrük-sərhəd keçid məntəqələrinin  buraxılış qabiliyyətinin 3 dəfə artmasının səbəbi də gömrük sistemində həyata keçirilən innovativ islahatların nəticəsidir.

Qeyd edək ki, son iki ildə gömrük orqanları nəzərdə tutulan proqnozdan əlavə 2 milyard manatdan çox vəsait toplayaraq dövlət büdcəsinə köçürülməsini təmin edib ki, bu da maliyyə nəzarətinin gücləndirilməsi, kölgə iqtisadiyyatına qarşı qətiyyətli və səmərəli mübarizənin nəticəsidir.

Ölkəmizin gömrük orqanları son iki ildə 3 tondan artıq narkotik vasitəni aşkar edərək qanunsuz dövriyyədən çıxarıb ki, bunun da əsas hissəsini heroin təşkil edir.

Xüsusilə informasiya texnologiyalarının gömrük sistemində tətbiqinə geniş yer verilir ki, bu istiqamətdə əldə olunan nəticələr, tamamilə azərbaycanlı mütəxəssislər tərəfindən hazırlanan layihələr Ümumdünya Gömrük Təşkilatının rəhbərliyi və ayrı-ayrı qurumları tərəfindən inkişaf etməkdə olan ölkələrə nümunə göstərilir, tətbiqinə dair tövsiyələr verilir.

Azərbaycan gömrük sistemində aparılan islahatlar və əldə edilən nəticələr Ümumdünya Gömrük Təşkilatının, bir sıra beynəlxalq qurumların, inkişaf etmiş ölkələrin rəsmiləri və mütəxəssisləri tərəfindən yüksək qiymətləndirilir. Onu da qeyd edək ki, gömrük sistemində aparılan islahatlar beynəlxalq reytinq hesabatlarında ölkəmizin mövqeyinin yüksəlməsində də mühüm rol oynayıb.

Bir sözlə ölkə başçısının tapşırıq və tövsiyələrinin rəhbər tutan gömrük orqanlarının əsas məqsədi sahibkarlara daha münbit şəraitin yaradılması, vətəndaş məmnuniyyətinin, xidmətlərin əlçatanlığının maksimum dərəcədə təmin edilməsidir. Bu istiqamətdəki fəaliyyət beynəlxalq ekspertlər, dövlət və özəl sektor tərəfindən təqdir olunur.

Ancaq həyata keçirilən islahatlar cəmiyyət və beznes nümayəndələri tərəfindən kompleks şəkildə müsbət qiymətləndirilsə də təfərrüatlara gəlincə yeniliklərdən məmnun qalmayanlara da rast gəlmək olur və bu təbii haldır. Lakin hər bir halda istər fərdi, istər ictimaiyyətə açıq şəkildə aparılan qiymətləndirmə obyektiv olmalı və faktlara əsaslanmalıdır. Bu baxımdan son günlərdə bəzi sahibkarlar tərəfindən gömrük sitemində aparılan islahatlar, xüsusilə qisa idxal bəyannaməsinin tətbiqi ilə bağlı aparılan müzakirələr də bu baxımdan ədalət prinsipindən uzaqdır və daha çox subyektiv amillərə söykənir. Son günlərdə Şahbaz Xuduoğlu və Nigar Köçərlinin də sosial şəbəkələrdəki hesabları üzərindən yayımladıqları və bir sıra kütləvi informasiya vasitələri tərəfindən tirajlanan  paylaşımlardakı iddialar də bu qəbildəndir. Müəliflərin gömrük orqanları və gömrükdəki islahatlarla bağlı fikirlərinə hörmətlə yanaşsaq da bildirmək istəyirik ki, irəli sürülən iddialar subyektiv xarakterlidir və bir hissəsi, ümumiyyətlə həqiqətə uyğun deyil. Nigar Köçərli gömrük rəsmiləşdirilməsi prosesində yubanmaların və süni əngəllərin olduğunu, rəsmiləşdirməyə 5-6 gün vaxt sərf etdiyini bildirsə də, Dövlət Gömrük Komitəsinin Vahid Avtomatlaşdırılmış İdarəetmə Sistemi vasitəsilə aparılan araşdırmaların  nəticəsi  onun haqsız olduğunu sübut edir.  Belə ki, “Əli və Nino Yayım MMC” adına gələn yükə görə cari ilin fevral ayının 11-də saat 18:54-də bəyannamə təqdim olunduğundan iş günü başa çatdığına görə 1 gün sonra rəsmiləşdirilmə prosesinə başlanılıb və fevralın 13-ü günün ikinci yarısında yük sahibinə təhvil verilib.

Fevralın 17-də isə müəssisənin adından daha bir bəyannamə təqdim olunub və bir gün sonra rəsmiləşdirilmə başa çatdırılıb. Qeyd edək ki,  “Əli və Nino Yayım MMC” -yə aid yüklər hər iki halda qarışıq yüklər şəklində, yəni bir nəqliyyat vasitəsində bir neçə idxalatçıya aid mallarla birlikdə ölkəyə gətirildiyindən rəsmiləşdirilmə və nəzarət prosesinin uzanması təbiidir.

Digər tərəfdən rəsmiləşdirilmə və nəzarət prosesinə sərf olunan vaxt yükün növündən çox asılıdır. Belə ki, ümumiyyətlə ölkəmizə idxal olunan kitablar birbaşa məlumat daşıyıcısı mallar olduğundan gömrük orqanları risk əsaslı gömrük nəzarətini tətbiq etmək, kitablardakı məlumatlarla tanış olmaq məcburiyyətindədir ki, bu da əlavə vaxt itkisi deməkdir. Əks halda məsələn, Azərbaycanın ərazi bütövlüyünə dair təhrif olunmuş məlumatların əks olunduğu kitabların və ya  digər məlumat daşıyıcılarının sərbəst dövriyyəyə buraxılması zamanı cəmiyyətin, bəlkə də elə iddia müəlliflərinin ilk sözü bu olacaqdı ki, gömrük hara baxır?!  

Qısa araşdırmadan da göründüyü kimi, Nigar Köçərlinin bəhs etdiyi idxal əməliyyatlarının “ləngiməsinə” səbəb obyektiv amillərdir, əslində isə ləngimədən söhbət gedə bilməz. 

- Bu tənqidi yazılarda, xüsusən də "Ramal Trans" MMC şirkətindən  bəhs olunur, guya ki, bütün sahibkarlar malların qeydiyyatı zamanı pul ödəməlidirlər. Bu şirkətin  gömrük orqanları ilə nə əlaqəsi var və ümumiyyətlə nə işlə məşğul olur?

- Əvvəla onu qeyd edim ki, Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 119.1-ci maddəsinə əsasən malları gömrük ərazisinə gətirən şəxs həmin malları göndərən gömrük orqanı tərəfindən müəyyən edilmiş marşrutla və müddətdə təyinat gömrük orqanına və ya onlarla razılaşdırılmış digər yerə çatdırmalıdır. Bu yerlər gömrük nəzarəti zonaları adlanır. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 93.1-ci maddəsinə uyğun olaraq, gömrük sahələrində, gömrük sərhədi boyunca, gömrük rəsmiləşdirilməsi yerlərində, sərbəst zonalarda, gömrük anbarlarında, malların yükləmə-boşaltma və müvəqqəti saxlanc yerlərində, gömrük nəzarəti altında olan malların daşınmasını həyata keçirən nəqliyyat vasitələrinin dayanacağında, gömrük orqanlarının olduğu yerlərdə və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi digər yerlərdə müvafiq icra hakimiyyəti orqanı tərəfindən gömrük nəzarəti zonaları yaradılır və rejim qaydaları müəyyən edilir.

Bir qayda olaraq, saxlanc anbarı statusuna malik bu zonalar şəxslər tərəfindən yaradılır və orada yerləşdirilmiş mallara gömrük nəzarətinin həyata keçirilməs üçün qanunvericiliklə müəyyən edilmiş tələblərə riayət olunur. Adıçəkilən şirkətə məxsus saxlanc anbarı da gömrük nəzarəti zonası statusuna malikdir. Ümumiyyətlə, biz dəfələrlə bəyan etmişik və bir daha nəzərə çatdırırıq ki, həmin dayanacaqlar Komitənin sisteminə daxil olan qurum deyil, orada yalnız gömrük nəzarəti həyata keçirilir və burada göstərilən xidmətlərin növü, dəyəri sahibkarla dayanacaq sahibi tərəfindən tənzimlənir. Yük nəqliyyat vasitələrinin gömrük orqanları tərəfindən məcburi qaydada həmin dayanacağa yönləndirilməsinə dair iddialar isə tamamilə cəfəngiyyatdır.

Malların müvafiq gömrük proseduru altında yerləşdirilməsi üçün gömrük rəsmiləşdirilməsi başa çatdırıldıqdan sonra onlar idxalatçının, sahibinin sərəncamına verilir.

Bununla belə, gömrük sərhədini keçən bütün mal və nəqliyyat vasitələri gömrük nəzarəti və rəsmiləşdirilməsinin həyata keçirilməsi üçün təyinat gömrük orqanlarına yönləndirilmir.

Bildiyiniz kimi, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 dekabr tarixli 427 nömrəli Fərmanı ilə xarici ticarət iştirakçılarının “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququnu əldə etməsi, həmin hüququn dayandırılması, ləğvi və bərpası Qaydası” təsdiq olunmuşdur. Bu qaydalarla xarici ticarət iştirakçılarına verilmiş üstünlüklər sırasında həm də idxal olunan malların gömrük sərhəd buraxılış məntəqəsindən birbaşa şəxslərin öz anbarına aparılması və gömrük rəsmiləşdirilməsi elektron qaydada, mallar və nəqliyyat vasitələri gömrük orqanlarına gətirilmədən həyata keçirilir.

Xüsusilə vurğulamaq istərdik ki, idxal-ixrac əməliyyatları üzrə qeyd olunan sadələşdirilmədən istifadə etmək hüququ 616 xarici ticarət iştirakçısına verilmişdir. Cari ilin 6 ayı ərzində ümumi ticarət dövriyyəsinin idxalda 35 faizi məhz “Yaşıl dəhliz” iştirakçılarının payına düşür.

Bu baxımdan, öz idxal-ixrac əməliyyatlarını sadələşdirilmiş qaydada yerinə yetirmək istəyində olan xarici ticarət iştirakçılarına tövsiyə edirik ki, “Yaşıl dəhliz” sisteminin üstünlüklərindən yararlanmaq üçün qanunla müəyyən edilmiş qaydada Dövlət Gömrük Komitəsinə müraciət etsinlər.

- Azərbaycan gömrüyündə aparılan islahatlar çərçivəsində Qısa İdxal  Bəyannaməsi (QİB) kimi bir yenilik tətbiq olundu. Qısa İdxal Bəyannaməsinin iş prinsipi haqqında danışardınız və nəyə görə tənqid obyekti oldu.

- Qlobal ticarətdə təchizat zəncirinin təhlükəsizliyinin təmin olunması üçün ticarət edilən mal və nəqliyyat vasitələri barədə məlumatların əvvəlcədən gömrük orqanlarına təqdim edilməsi prinsipi formalaşdırılmış və tətbiq olunmaqdadır. Əvvəlcədən məlumatlandırma praktikası müasir dövrdə ticarət əməliyyatlarının sürətləndirilməsi kontekstində risk əsaslı yanaşmanın rəhbər tutulduğu gömrük nəzarəti metodlarının tətbiqinə şərait yaradır və malların sürətli qaydada təyinat məntəqələrinə, o cümlədən xarici ticarət iştirakçılarının öz anbarlarına çatdırılmasına şərait yaradılmasına xidmət edir.

Azərbaycan Respublikasının tərəf olduğu "Gömrük prosedurlarının sadələşdirilməsi və uzlaşdırılması haqqında" Beynəlxalq Konvensiyaya (Yenilənmiş Kyoto Konvensiyası) və Ümumdünya Gömrük Təşkilatının “Beynəlxalq Ticarətin Asanlaşdırılması və Təhlükəsizliyi Üzrə Çərçivə Standartları”na uyğun olaraq, risklərin təhlili sisteminin səmərəliliyinin təmin edilməsi və risk əsaslı gömrük nəzarətinin həyata keçirilməsi üçün əvvəlcədən məlumatlandırma standartı müəyyən edilmişdir.

Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 82-ci və 92-ci maddələrinə əsasən gömrük nəzarəti formaları seçilərkən bu Məcəllənin 100.2-ci maddəsində müəyyən edilmiş qaydada yaradılan riskin idarə edilməsi sistemindən istifadə olunur.

Risklərin idarə edilməsi sisteminin səmərəli fəaliyyətinin təmin edilməsi üçün əsas amil mal və nəqiyyat vasitələri barədə məlumatların əvvəlcədən təqdim edilməsi olduğundan, Gömrük Məcəlləsinin 113-cü maddəsinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilməsi müəyyən olunmuşdur. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur, lakin gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmur. Yəni qısa idxal bəyannaməsi təqdim edilməyən malların sərhəd keçidi prosesində heç bir manə yaradılmır və yalnız təyinat gömrük orqanında rəsmiləşdirmə zamanı qanunun tələblərinə uyğun olaraq aidiyyəti tədbirlər görülür.

Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanı ilə təsdiq edilmiş “Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl dəhliz” və digər buraxılış sistemlərindən istifadə Qaydaları”nın 2.2-ci maddəsinə əsasən qısa idxal bəyannaməsində risklərin təhlili, gömrük nəzarətinin düzgün aparılması üçün zəruri olan məlumatlar əks etdirilməli və malların gömrük sərhədini keçməsindən ən azı 1 (bir) saat əvvəl verilməlidir.

Təsadüfi deyil ki, qısa idxal bəyannaməsinin əvvəlcədən verilməsi öhdəliyi həm də “Yaşıl dəhliz” buraxılış sistemindən istifadə zamanı əsas göstəricilərdən biridir və bu dəhlizin verdiyi üstünlüklərdən yararlanmaq üçün ilk növbədə əvvəlcədən məlumatlandırma ilə bağlı qanunvericiliyin tələblərinə əməl olunmalıdır.

Əvvəlcədən məlumatlandırma prinsipinin tətbiqini iqtisadi birlik və gömrük ərazisi təşkil edən Avropa İttifaqı və Avrasiya İqtisadi Birliyinin nümunəsində də görmək olar.

Belə ki, Avropa İttifaqının Gömrük Məcəlləcisinin 127-ci maddəsinə uyğun olaraq, Birliyin ərazisinə gətirilən mallara dair əvvəlcədən giriş bəyannaməsi (entry summary declaration) təqdim olunmalıdır. Həmin maddəyə uyğun olaraq, giriş bəyannaməsi mallar Birliyin gömrük ərazisinə gətirilməmişdən əvvəl müəyyən olunmuş müddət ərzində malların birinci daxil olacağı gömrük orqanına təqdim edilməli və təhlükəsizlik və mühafizə məqsədləri üçün risklərin təhlilinin aparılması ilə bağlı zəruri məlumatları əks etdirməlidir.

Avrasiya İqtisadi Birliyinin Gömrük Məcəlləsinin 11-ci maddəsinə əsasən ilkin məlumatların təqdim edilməsi məcburidir və bu məlumatlar malların gömrük ərazisinə gəlməzdən əvvəl risklərin qiymətləndirilməsi və gömrük nəzarətinin formalarının müəyyənləşdirilməsinə xidmət edir.

Göründüyü kimi, mallara dair ilkin məlumatların təqdim edilməsi gömrük risklərinin təhlili sisteminin tətbiqi vasitəsilə mallara və nəqliyyat vasitələrinə tətbiq  olunacaq gömrük nəzarəti metodlarının əvvəlcədək müəyyənləşdirilməsinə, eləcə də daha az riskli hesab edilən əməliyyatların müvafiq sadələşdirilmiş gömrük prosedurları və əməliyyatlarından yararlanmasına yardım edir.

- Həqiqətdirmi, Azərbaycanda malların bəyannetmə qaydalarının pozulmasına görə qonşu ölkələrə nisbətən daha yüksək cərimələr var? Cərimələrin miqdarını kim və necə təyin edir?

- Gömrük qanunvericiliyinin pozulması ilə əlaqədar inzibati qaydada cərimə məbləğləri Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun tətbiq edilir. Qısa idxal bəyannaməsinin verilməməsinə görə cərimələr isə sözügedən Məcəllənin 485-ci maddəsi ilə tənzimlənir.

İnzibati Xətalar Məcəlləsinin 25-ci maddəsinə əsasən tətbiq olunan inzibati cərimənin maksimal məbləği fiziki şəxslərə 5000 (beş min) manat, vəzifəli şəxslərə 10000 (on min) manat, hüquqi şəxslərə 50000 (əlli min) manat qeyd olunmuşdur. İXM-nin  485-ci maddəsində hüquqi şəxslərə 1500 (min beş yüz) manat cərimə nəzərdə tutulub və bu da maksimal inzibati cəriməyə nisbətdə 3 faiz təşkil edir. Konkret olaraq qonşu ölkələrdən Rusiya Federasiyasını misal gətirərək cərimənin az olduğunu bildirirlər. Nəzərə çatdırım ki, Rusiya Federasiyası İnzibati Xətalar Məcəlləsinin 35-ci maddəsinə əsasən hüquqi şəxslərə nisbətdə maksimal cərimə məbləği 1 milyon rubldur. Qısa idxal bəyannaməsinin verilməməsinə görə cərimə isə 50000 rubldur ki, bu da Rusiyanın İXM-nin 3.5-ci maddəsinə əsasən maksimal inzibati cəriməyə münasibətdə 5 faiz təşkil edir. Göründüyü kimi, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində ədalətlilik prinsipi pozulmayıb.

Məcəllənin müəyyən etdiyi cərimənin məbləğinə gəlincə isə, təbii ki, hər bir maddə, qanunvericilik aktı olaraq Milli Məclis tərəfindən təsdiq olunur, Azərbaycan Respublikasının Qanunu ilə təsdiqlənir və gömrük orqanları tərəfindən icra olunur.

- Prezident İlham Əliyev son çıxışlarının birində gömrük orqanlarının fəaliyyətini yüksək qiymətləndirərək, aparılan islahatlar nəticəsində əldə olunan nəticələri qeyd edib. Hal-hazırda Dövlət Gömrük Komitəsində hansı yeniliklər üzərində işlər aparılır və bunlar  xarici ticarət iştirakçılarına necə təsir edəcək?

- Gömrük işi sahəsində həyata keçirilən tədbirlər ilk növbədə xarici ticarətin asanlaşdırılması, biznes üçün əlverişli şəraitin yaradılması, eləcə də ölkəmizin tranzit potensialının artırılması məqsədinə xidmət edir.

Bu baxımdan, bir neçə yeni təşəbbüsləri diqqətinizə təqdim etmək istərdik:

Azərbaycan Respublikasının Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Sərhəddə ticarət işçi qrupunun 2020-ci il üçün Fəaliyyət Planı”na uyğun olaraq, Ticarətin Asanlaşdırılması üzrə Milli Komitənin yaradılması istiqamətində işlər aparılır. Belə bir strukturun yaradılması malların idxalı, ixracı və tranzit daşınması zamanı ticarət prosedurlarının asanlaşdırılması məsələlərinin koordinasiyası işinin təşkilinə və təkmilləşdirilməsinə, milli “Bir pəncərə” prinsipinin səmərəli idarə edilməsinə, gömrük-sərhəd prosedurlarının və sənədləşmənin unifikasiyasına, yuxarıda əks olunan məsələlər üzrə qurumlararası inteqrasiya prosesinin və əməkdaşlığın inkişafına, dövlət və özəl sektor arasında müntəzəm dialoqun təşkilinə, vaxt və xərclərə qənaət edilməsinə, yarana biləcək problemlərin optimal həllinə, o cümlədən ölkənin qlobal ticarətdə reytinqinin (Doing Business, Qlobal Rəqabətlilik və s.) daha da yüksəldilməsi məqsədi daşıyır.

Bundan əlavə elektron “bir pəncərə” sistemininin tətbiqinə dair ən yaxşı dünya təcrübələri öyrənilməklə xarici ticarət iştirakçıları üçün “elektron pəncərə” sisteminin tətbiqi istiqamətində müvafiq işlərə başlanılmışdır. “E-pəncərə” sisteminin tətbiq olunması Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilən mal və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsinin müasir tələblərə və ticarətin asanlaşdırılması prinsiplərinə uyğun olaraq həyata keçirilməsinə, idxal-ixrac və tranzit əməliyyatları zamanı aidiyyəti sənədlərin və məlumatların xarici ticarət iştirakçısı tərəfindən vahid platforma üzərindən təqdim olunmasına, xarici ticarət fəaliyyəti sahəsində inzibati əngəllərin aradan qaldırılmasına, ticarət dövriyyəsinin artırılmasına, şəffaflığın təmin edilməsinə, bütün ticarət əməliyyatlarının elektron qaydada yerinə yetirilməsinə və buna uyğun olaraq elektron pəncərə prinsipinin tətbiq edilməsinə xidmət edəcəkdir. 

 Ticarətin asanlaşdırılması üsullarından biri də “Məcburi qərarlar” sistemidir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinə nəzərdə tutulan aidiyyəti dəyişikliklər edildikdən sonra tam tətbiqi imkanları mümkün olacaq “Məcburi qərarlar” sistemi idxal və ixrac əməliyyatları üzrə gömrük və biznes arasında inamın təşviqində, sahibkarların düzgün biznes planının öncədən qurulmasında, gömrük əməliyyatları üzrə dayanıqlılığın və şəffaflığın davamlı təmin edilməsində, gömrük laboratoriyasına ünvanlanan təkrar müraciətlərin aradan qaldırılmasında və ümumilikdə malların maneəsiz və sürətli buraxılışının həyata keçirilməsi ilə vaxt və xərc itkisinin minimuma endirilməsində mühüm rol oynayacaqdır.

Ölkəmizin Avropa Yeni Komötürləşdirilmiş Tranzit Sisteminə (NCTS) qoşulması üçün də müvafiq tədbirlər görülür.

Bu məqsədlə, cari ilin 1 iyun tarixindən etibarən Avropa İttifaqının yardımı ilə bu sahədə Dövlət Gömrük Komitəsinə dəstək layihəsi başlanmışdır. Sözügedən tranzit sisteminə ölkəmizin qoşulması daşıma əməliyyatları zamanı biznes subyektlərinə alternativ tranzit gömrük prosedurları üzrə xidmətlərin göstərilməsinə şərait yaradacaq.

Əlavə olaraq, tərəfi olduğumuz digər beynəlxalq tranzit sistemlərinin rəqəmsallaşdırılması istiqamətində işlər davam etdirilir və BMT-nin Avropa İqtisadi Komissiyasının (UNECE) dəstəyi ilə eTIR layihəsinə başlanılmışdır.

Azərbaycan Respublikasının gömrük ərazisindən daşınan malların və nəqliyyat vasitələrinin tranzit xüsusi gömrük proseduru altında yerləşdirilməsi üçün gömrük bəyannaməsinin mallar və nəqliyyat vasitələri gömrük ərazisinə gətirilməzdən əvvəl elektron qaydada gömrük orqanlarına təqdim edilməsini nəzərdə tutan “Web Transit” xidmətinin təşkili üçün aidiyyəti texniki hazırlıq işləri görülür.

Söhbət etdi: Murad Səmədov

Virtualaz.org

Xəbərlər