854
Aktual 16 iyul — 13:57

Azərbaycan xüsusi təyinatlıları erməni postuna hücum ediblər?

Azərbaycan Müdafiə Nazirliyi (MN) Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı bölmələrimizin təxribat törətmək cəhdi və Ermənistanın Aygepar və Movses kəndlərinin guya bölmələrimiz tərəfindən D-30 toplarından atəşə tutulması barədə erməni tərəfinin yaydığı məlumatları təkzib edib.

Bu barədə virtualaz.org-a Müdafiə Nazirliyindən bildirilib.

"Bu cür məlumatlar erməni tərəfinin uydurması və dezinformasiyadır. Bölmələrimiz heç vaxt yaşayış məntəqələrini atəşə tutmur. Əksinə, bu gün səhər saatlarında Ermənistan silahlı qüvvələri Tovuz rayonunun Ağdam, Dondur Quşçu və Vahidli kəndlərini atəşə tutublar, mərmilər yaşayış binalarına düşüb”, - deyə V. Dərgahlı vurğulayıb.

Xatırladaq ki, bundan əvvəl Ermənistan Müdafiə Nazirliyinin nümayəndəsi Artsrun Ovhannisyan bildirmişdi ki, dünən gecə Azərbaycan xüsusi təyinatlıları ermənilərin “Qorxmaz” adlı mövqeyinə hücum ediblər. Bundan əlavə, erməni tərəfi bölmələrimizin guya D-30 toplarından Aygepar və Movses kəndlərini atəşə tutduğunu bəyan etmişdi.

Virtualaz.org

Xəbərlər