1395
Aktual 3 iyun — 16:00

Ölümü ilə ABŞ-ı ayağa qaldıran, Trampı bunkerdə gizlənməyə məcbur edən Corc Floyd

Keçən həftə ABŞ-ın Minneapolis şəhərində Derek Michael Chauvin adlı ağdərili polis işçisi 46 yaşlı qaradərili amerikalı George Floydu həbs edərkən diziylə boynunu sıxıb və bu onun ölümünə səbəb olub.

Bu hadisə bütün ölkədə qəzəbli etiraz aksiyalarıyla nəticələndi.

George Floyd Houston-da - Yates Liseyində Amerika futbolu oynayıb, liseyin komandası 1992-ci ildə Texas çempionatında ikinci yeri tutub.

2007-ci ildə oğurluğa görə həbs edilən Floyd 5 il həbs cəzası alıb.

Ancaq sonra digər amerikalılar kimi yaşamağa başlayıb, qarşılaşdığı şəxsi və ictimai problemləri həll etməklə özünə daha yaxşı həyat qurmağa çalışıb.

100 mindən çox amerikalının həyatına bais olan, 40 milyon insanı işsiz qoyan böyük bir ictimai sağlamlıq böhranının və iqtisadi çətinliklərin fonunda baş verən bu hadisə ABŞ-ın 2020-ci ildə üzləşdiyi problemlərdən birinə çevrildi. 


George Floyd Texas əyalətində - Houston şəhər mərkəzinin cənubunda qaradərililərin sıx yaşadığı Uçüncü Bölgədə böyüyüb.

Məşhur müğənni Beyonce-nin də doğulub böyüdüyü bu məhəllədə həm də blyuz musiqisinin önəmli nümayəndələri yetişib. Floydun ölümündən sonra məlum olan faktlardan biri də budur ki, 1990-cı illərdə o, hip-hop tərzinin yaradıcısı, məşhur hyustonlu DJ Screw ilə birlikdə çalışıb.

Ancaq Amerikanın digər şəhərləri kimi, Houston-un da yoxsulluq və irqi ayrı-seçkilik faktlarıyla zəngin tarixi var.

20-ci əsr boyu davam edən irqi problemlər Üçüncü Bölgədə də kəskin hiss olunub, son illərdə isə bura qanqster müharibələriylə, evsizlik probleminin yaratdığı gərginliklərlə məşhurlaşıb.

"Nə vaxt o məhəlləyə yad bir adamla getsəm, hamısı "Aman allah, belə yoxsulluq görmədim" deyirdilər. İnsanlar hələ də 1920-ci illərdə tikilmiş daxma tipli evlərdə yaşayırlar. Yoxsulluq çox dərin qatlara işləyib və orda yaşayan biri olaraq deyirəm ki, bundan qurtulmaq çox çətindir," - "Reconcile" səhnə adıyla rap musiqisi ifa edən Ronnie Lillard BBC-yə müsahibəsində belə deyib.

Lillard bələdiyyə layihəsi olan Cuney Evləri məhəlləsində Floydun yaxşı tanındığını deyir:

"Cuney Evləri digərlərindən fərqləndiyi üçün onlara "Kərpiclər", orda yaşayanlara isə "Kərpic oğlan" deyirdilər. Floyd da onlardan biriydi".

F

"Zərif nəhəng"

Boyu 2 metrdən çox olan Floyd hələ gənc yaşlarından idmana maraq göstərməyə başlayıb, basketbol və Amerika futbolu üzrə xüsusi qabiliyyət nümayiş etdirib. Həmin illərdə George-u tanıyanlar ona "zərif nəhəng" deyirmişlər.

"12 yaşlı bir uşağın 2 metrə yaxın boyu vardı. O vaxta qədər belə uzun adam görməmişdim deyə onunla ilk rastlaşanda heyrətdən ağzım açıq qaldı," - uşaqlıq dostu və keçmiş komanda yoldaşı Jonathan Veal Amerika mətbuatına verdiyi müsahibədə deyib.

Yates Liseyinin Amerika futbolu komandasında 88 nömrəli forma geyən Floyd daha sonra Floridadakı Cənubi Florida Dövlət Kollecinin basketbol komandasına dəvət alıb və 1993-95-ci illərdə orda təhsil alıb (CNN),

Sonrakı illərdə o, Texasa qayıdaraq universitetə daxil olub, ancaq təhsilini davam etdirməyib. Bundan sonra həyatının yönü dəyişib, 2007-ci ildə 5 il həbs cəzası alana qədər oğurluğa və narkotik maddə daşımaya görə bir neçə dəfə saxlanıb.

Yeni bir səhifə açmaq cəhdi

Floyd cəza evindən çıxandan sonra məhəllələrindəki Resurrection Houston kilsəsiylə münasibətlərini yaxşılaşdırıb.

Ronnie Lillard deyir ki, o dövrdə Floyd həyatını və mühitini dəyişməyə çalışıb.

Silahlı zorakılıq hadisələrini qınadığı və gəncləri "evə qayıtmağa" çağırdığı videomüraciəti Floydun 2017-ci ildə hazırladığı güman olunur. Hazırda bu video sosial şəbəkələrdə geniş yayılmaqdadır.

Ailəsinin "Houston Chronicle" qəzetinə bildirdiyinə görə, 2018-ci ildə bir xristian təşkilatının vasitəçiliyilə Floyd Minnesotaya köçüb.

"Yeni bir səhifə açmağa çalışırdı. Əldə etdiyi nəticələrdən məmnunuydu," - keçmiş dostu və sinif yoldaşı Christopher Harris mətbuata açıqlamasında belə deyib.

Salvation Army Fondunun mühafizə xidmətində iş tapan Floyd daha sonra yük maşını sürücüsü də işləyib. O dövrdə ona "Böyük Floyd" deyirlərmiş.

Pandemiya dövründə işsiz qalıb

"Covid-19" pandemiyasına görə xeyli sayda iş yerləri bağlandığı üçün bir çox amerikalı kimi Floyd da işsiz qalıb.

Deyilənə görə, həbs edildiyi gün o, saxta 20 dollarlıq əskinasla siqaret almaq istəyib.

Floydun ölümü ABŞ-ın hər yerində qəzəbli etiraz aksiyalarına səbəb olub.

20-dən çox şəhərdə 1600-dan çox adam həbs olunub. 21 ştata Milli Qvardiya Qoşunları yeridilib.

Dostu Floydu "sülhpərvər adam" kimi xarakterizə edən repçi Ronnie Lillard deyir ki, "Bağışlamağa meyilli ürəyi vardı, eyni zamanda cəmiyyətin problemlərinin də fərqindəydi. Etiraz aksiyalarına gəlincə, bu, artıq George Floyd hadisəsinin sərhədlərindən kənara çıxan məsələdir. Məncə, baş verənlər Amerikanın Amerikayla bağlı xəyal qırıqlığının və ona qarşı qəzəbinin ifadəsidir".

Xəbərlər