3290
Aktual 25 may — 18:20

Polisdə döyülməyə görə bunt qalxdı

Ermənistanın Azərbaycanla sərhəd Qafan şəhərində dünən səhər saatlarında polisin dörd nəfəri saxlaması yerli sakinlərin hakimiyyətə qarşı bunt qaldırmasına səbəb olub.

Virtualaz.org Ermənistan KİV-lərinə istinadən xəbər verir ki, saxlanılanlardan birini tezliklə buraxıblar, amma bədənində zorakılıq izləri ilə. İlk baxışdan bu sıradan insident sayıla bilərdi, amma saxlanılanların hamısı qonşu Qacaran şəhərinin meri Manvel Paramazyanın yaxın adamları idi. Və onları bir məqsədlə saxlamışdılar-Paramazyana qarşı ifadə almaq.

Məsələ bundadır ki, Qacaran meri bu vəzifəni çoxdandır tutur, hələ Paşinyanın hakimiyyətə gəlişindən əvvəl şəhərə başçılıq edir. Üstəlik heç bir partiyanın üzvü deyil. Son vaxtlar isə ona təzyiq göstərib istefaya məcbur etmək istəyirlər ki, yerinə Paşinyanın adamını gətirsinlər.

“Mən baş verənləri siyasi təqib adlandırıram, hərçənd heç vaxt siyasi intriqalara qoşulmamışam və ancaq Qacaranın inkişafı ilə məşğul olmuşam. Ancaq bəzi dövlət adamları görünür mənim siyasi bitərəfliyimdən sıxılır. Bir neçə gün əvvəl polis mənim və qohumlarımın mənzilini axtarıb, nəticədə şübhəli heç nə tapmayıblar. Lakin bunun ardınca vətəndaşlarımızın zorakılıqla müşaiyət olunan həbsi başlayıb. Bu biabırçı hərəkətlərə görə günahkar olanları  öz qanunsuz addımlarına soy qoymağa çağırıram. Qarabağın qapısı ağzında vəziyyəti qarışdırmaq ermənilərin marağına uyğun deyil, bunun fövqəladə nəticələri ola bilər”,-mer özünün Facebook səhifəsində bildirib.

Polisin hərəkətlərindən hiddətlənən Qacaran və Qafan şəhərlərinin sakinləri yerli polis məntəqəsinin qarşısına toplaşaraq saxlanılanların azad edilməsini tələb ediblər. Məlum olub ki, daha bir nəfər Yerevan polisində saxlanılır və ondan Qacaran merinə qarşı ifadə almaq istəyirlər.

Etirazçılar baş verənlər haqda ombudsman Arman Tatoyana müraciət ediblər. O, baş verənlərlə bağlı cinayət işi qaldırılmalı olduğunu deyib, amma məsələ ilə bu gün mayın 25-də maraqlana biləcəyini bildirib. Baş nazir Nikol Paşinyan da məsələni araşdırıb günahkarları cəzalandıracağını deyib.

Lakin onun vədinə Qafanda inanmayıblar, adamlar yada salıblar ki, Paşinyan iki ildir “tostlar deyir”, amma ölkədə dəyişən heç nə yoxdur.

Qafan polisi isə yaydığı məlumatda bildirib ki, Ermənistan polisinin rəisi Arman Sərkisyanın tapşırığı ilə insidentlə bağlı rəsmi təhqiqat başlanıb. Toplaşanların sayı isə gün ərzində artıb və ancaq gecə yarısı etirazçıları sakitləşdirib evlərinə göndərmək mümkün olub. Saxlanılanların isə hamısını azad ediblər.

Virtualaz.org

Xəbərlər