643
Aktual 23 may — 13:33

Paşinyanı Şuşaya görə cərimələyə bilərlər

Qarabağ separatçılarının təzə lideri Araik Harutyunyanın andiçmə mərasimindən sonra verilən ziyafətdən yayılan fotoşəkillər Ermənistan hakimiyyətinə qarşı yeni kəskin tənqid dalğasına səbəb olub.

Virtualaz.org bildirir ki, bu barədə “Azadlıq” radiosunun erməni xidməti məlumat yayıb.

Dünən təşkil edilən tədbirdən çəkilən fotolardan görünür ki, Ermənistanın baş naziri Nikol Paşinyan, Ermənistan Milli Məclisinin sədri Ararat Mirzoyan və daha bir neçə yüksək vəzifəli şəxs açıq havada düzənlənən ziyafətdə sosial məsafəyə riayət etmədən iştirak edirlər.

Sosial şəbəkələrin istifadəçiləri koronavirusun sürətlə yayıldığı bir vaxtda belə izdihamlı tədbirin keçirilməsini tənqid edərək, Ermənistanın baş nazirinin dəfələrlə vətəndaşları izdihamlı tədbirlərdə iştirak etməməyə və maska taxmağa çağırdığını xatırladıblar. Bununla yanaşı, sosial şəbəkə istifadəçilərinin qeyd etdiyi kimi, Ermənistan rəsmilərinin özləri bu qaydalara əməl etmirlər.

“Məlumatlı Vətəndaşlar Birliyi” ictimai təşkilatının rəhbəri Daniel İoannisyan öz Facebook səhifəsində, baş nazir Paşinyan da daxil olmaqla, ziyafət iştirakçılarına cərimə tətbiq olunması tələbi ilə Qarabağ polisinə müraciət edəcəklərini bildirib.

İoannisyanın sözlərinə görə, yüksək vəzifəli şəxslər 20-dən çox insanın iştirak etdiyi tədbirləri qadağan edən komendant qərarını pozublar.

Səs-küyə səbəb olan fotoşəkilləri şərh edərkən Ermənistanın səhiyyə naziri Arsen Torosyan da bu gün nümunə göstərməyin zəruriliyindən danışıb. O bildirib ki, sosial məsafəyə hər yerdə və hər vəziyyətdə riayət edilməlidir.

Virtualaz.org

Xəbərlər