1683
Aktual 22 may — 17:21

4 həkim koronavirusdan vəfat etdi

Nazirlər Kabineti yanında operativ qərargahın KİV nümayəndələri üçün növbəti brifinqi keçirilir.

Virtualaz.org xəbər verir ki, mətbuat konfransında Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı iştirak edir.

Tədbirdə ölkədə tətbiq edilən karantin rejiminin yenidən yumşaldılmasından sonra koronavirusla bağlı son vəziyyət müzakirə olunur.

4 həkim vəfat edib....

Ramin Bayramlı bildirib ki, indiyədək 681 tibb işçisi koronavirusa yoluxub.

Bu isə ümumi yoluxma hallarının 18 faizini təşkil edib. Onların əksəriyyəti kiçik və orta tibb işçiləridir. 537 tibb işçisi sağalıb, digərlərinin müalicəsi davam etdirilir. İndiyə qədər 4 həkim vəfat edib.

Təklif qəbul edilmədi...

Operativ Qərargah şənbə və bazar günü hərəkətin məhdudlaşdırılması təklifini qəbul etməyib. Bunu isə İbrahim Məmədov bildirib.

Onun sözlərinə görə, Operativ Qərargah şənbə və bazar günü hərəkətin məhdudlaşdırılması təklifini qəbul etməyib, əvvəlki kimi sərtləşdirmə də olmayacaq.

İran Azərbaycana təşəkkür edib

İbrahim Məmmədov isə bildirib ki, Azərbaycandan İrana 120 İran vətəndaşının keçməsi təmin olunub. Bundan əlavə, Baş Nazir Əli Əsədovun İranın Birinci vitse-prezidenti ilə görüşündə bir sıra məsələlər müzakirə olunub. İranın Birinci vitse-prezidenti Azərbaycana humanitar yardım üçün də təşəkkür edib.

İ. Məmmədov əlavə edib ki, mayın 19-da 120 nəfər Azərbaycana gətirilib. Amma bu, karantin zonalarının imkanlarından asılıdır. Bununla belə, “Evə gedirəm” portalı üzrə Moskvadan Azərbaycana aviareys gözlənilir. Ona görə də Rusiyadakı vətəndaşlarımızı “Evə gedirəm” portalı üzərindən ölkəyə gəlməyə çağırırıq. Xüsusən Dağıstanda kütləvi toplaşmalar onların sağlamlığı üçün təhlükə törədir. Təsadüfi deyil ki, bundan əvvəl Rusiyadan gələnlər arasında yoluxma 30 faizə yaxın olub.

Beynəlxalq uçuşların bərpası və sərhədlərin açılması ilə bağlı xüsusi plan hazırlanır: “Bu planda hansı ölkələrlə uçuşların olacağı öz əksini tapacaq. İlk növbədə isə Naxçıvana uçuşlar bərpa olunacaq. Planın hazırlanması prosesinin iyunun 15-dək uzanması gözlənilir. Bu gün axşam isə İstanbuldan 174 nəfərin olduğu təyyarə reysi gələcək və onlar karantin zonasına yerləşdiriləcəklər".

Ötən həftə koronavirusun pik həddi olub

Ramin Bayramlı qeyd edib ki, ötən həftə ölkədə 755 nəfər koronavirusa yoluxub. Bu da o deməkdir ki, həmin zaman pik hədd yaşanıb.

TƏBİB sədri əlavə edib ki, bu həftə isə ölkədə 581 nəfər virusa yoluxub. Həftə tam başa çatmayıb. Amma yolxuma hallarının çoxluğunu müşahidə edilir.

Bu həftə 7 nəfər ölüb

TƏBİB sədri məlumat verib ki, bu həftə 7 nəfər vəfat edib. Ötən həftə də 7 nəfər ölmüşdü. Ötən həftə 365 nəfər virusdan sağalaraq evə buraxılıb.

Daha bir tibb işçisi vəfat edib

R. Bayramlı deyib ki, 1962-ci il təvəllüdlü tibb işçisi bu gün vəfat edib.

Həmin tibbişçisinin başqa xəstəliyi də olub. Aprelin 30-dan Mərkəzi Neftçilər Xəstəxanasında müalicə alırdı və süni nəfəs aparatına qoşulmuşdu. Yanaşı xəstəlikləri ilə əlaqədar vəziyyəti ağırlaşdı və bütün səylərə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmadı.

Karantin rejimi uzadılacaq

Bayramlı deyib ki, müəyyən qərarlar qəbul edilib, növbəti həftələrdə açıqlanacaq.

Bayramlının sözlərinə görə, xüsusi karantin rejimi 1 iyundan sonra da uzadılacaq. Xüsusi karantin rejiminin hansı müddətə uzadılacağı gələcək günlərdə bildiriləcək.

Ticarət mərkəzləri açılır

TƏBİB sədri söyləyib ki, iyun ayının 1-dən böyük ticarət mərkəzlərinin açılması gözlənilir. Bayramlı əlavə ddib ki, çimərliklərin açılmasında da hər hansı problem görmürlər. “Burada əsas məsələ sosial məsafənin gözlənilməsidir. Bununla bağlı müvafiq qaydalara riayət olumalıdır. İdman tədbirləri də müzakirə olunur, 1 iyundan sonra bu barədə qərar veriləcək" , - o bildirib.

Toylara icazə verilmir

"Toy və digər kütləvi məclislərin bərpası üçün iyun ayı üçün məqbul hesab olunmur".

Bunu Ramin Bayramlı bildirib.

O qeyd edib ki, iyun ayında toyların keçirilməsi gözlənilmir:

"Hazlırda 10 nəfərdən çox adamın bir yerə toplaşması qadağandır. Əhaliyə bununla bağlı planlaşdırmalar aparılması tövsiyə edilmir".

Beynəlxalq uçuşların bərpası mümkün ola bilər

Bayramlı məlumat verib ki, beynəlxalq uçuşların bərpası müzakirə olunur: "Daxildə və xarici ölkələrdəki durum nəzərə alınacaq. Beynəlxalq uçuşların iyunun 15-dən bərpa edilməsi mümkün ola bilər".

Yeni laboratoriyalar qurulacaq

Bayramlı məlumat verib ki, hökumət tərəfindən 10 yeni avtomatlaşdırılmış laboratoriyanın qurulması barədə qərar verilib:

"Yaxın günlərdə bu laboratoriyaların qurulmasına başlanacaq. Ölkəmizdə hazırda 1 milyon nəfərə 25 minə qədər test düşür. Yeni laboratoriyalar test aparmaq imkanlarını artıracaq".

Yoluxma ən çox Bakının payına düşür

TƏBİB sədri bildirib ki, ölkədə koronavirusa yoluxma ən çox Bakıda qeydə alınıb.

Onun sözlərinə görə, yoluxanların 47,4 faizi Bakı, 10,8 faizi Aran, 9,8 faizi Lənkəran, 8,1 faizi Abşeron, 1,4 faizi Quba-Xaçmaz, 1,1 faizi Yuxarı Qarabağ, 0,8 faizi Dağlıq Şirvan, 0,7 faizi Şəki-Zaqatala, 0,1 faizi Naxçıvanın payına düşür.

Koronavirusa yoluxanların 6,9 faizi xaricdən gələnlərdir.

Bakıda Yasamal rayonunda 16 faiz, Nəsimidə 14 faiz, Sabunçuda 13,8 faiz, Nərimanovda 11,3 faiz yoluxma qeydə alınıb.

Yeni klinikalara ağır xəstələr gətirilir

Təsdiq olunmayan, lakin simptomlu koronaviruslu xəstələrin müalicəsi Yeni Klinikada təşkil edilə bilər.

Hazırda həmin klinikada əsasən ağır xəstələr müalicə alır: “Oradakı şərait bizə imkan verir ki, şöbələri ayıra bilək”.

Xaricdən gələnlərin 20 faizdən çoxunda virus aşkarlanıb

Ağırlaşan və ölümlə nəticələnən faktların çoxu evdə özlərini müalicə etmək istəyənlərlə əlaqəlidir.

"Evdə özünü müalicəyə cəhdin qarşısı mütləq alınmalıdır. Hazırda ölkədə 1 139 nəfər karantindədir. Xaricdən Azərbaycana gələnlər arasında virusa yoluxanların sayı 20 faizdən çoxdur. Bu həftə 662 vətəndaş xaricdən gəlib. Hətta bir reyslə gələn şəxslər arasında yoluxma 30 faiz təşkil edib", - Bayramlı deyib.

Vəfat edənlərin yaş göstəricisi

Bayramlı əlavə edib ki, günlər üzrə ümumi testlərdə müsbət nəticələrin sayı 1,5 faiz həcmində müşahidə olunur. Bir sıra bölgələrdə pandemiyanın intensivliyi hələ də qalır: "Bu günə qədər vəfat edənlər arasında 50-59 yaş arası 13 nəfər, 60-69 yaş arasında 15, 70-79 yaş arası 11, 80 yaşdan çox 5 nəfər olub. Aşağı yaş qrupunda vəfat edənlərin yanaşı gedən xəstəlikləri olub".

Yevlaxın "Qaraçılar" məhəlləsində yoluxma

Yevlaxın “Qaraçılar” adlanan məhəlləsində koronavirusa yoluxma faizi yüksəkdir. Lakin bəzən vətəndaşlar hüquq-mühafizə orqanlarına, həkimlərə müqavimət göstərirlər. İnsanlar sağlamlıqlarına ciddi yanaşmalıdırlar.

Ramazan bayramı ilə bağlı müraciət edildi

TƏBİB sədri Ramazan bayramı ilə bağlı vətəndaşlara müraciət edib. Bildirib ki, bayram günləri qaydalara əməl etsələr, bayramdan sonra daha nikbin nəticələr görünər.

Onun sözlərinə görə, bu qaydalardan yalnız birinə əməl etməklə təhlükə aradan qalxmır. Tibbi maska taxılmalı, 1,5 metr məsafə gözlənilməli, gigiyenik qaydalara əməl edilməlidir. Pandemiyadan əvvəlki dövrə daha tez qayıtmaq üçün qaydalara əməl edilməlidir. Əvvəlki bayramlarda olduğu kimi bu bayramda qohumlara, böyükləri ziyarətə gedilməməlidir: "Yoluxma arzuolunmaz hala gedərsə, sərt karantin rejiminə geri dönməli olacağıq. Biz bunu istəmirik. Artıq bəzi ölkələr sərt karantin rejiminə geri dönüb. Bayramda qohumlar, yaxınlar ziyarətə edilməməlidir, hamı evdə olmalıdır”.

Televiziyanın 3 əməkdaşı koronavirusa yoluxub

Bayramlı televiziyaların birində 3 əməkdaşında koronavirus aşkar edildiyini deyib. Həmin şəxslərin təmasda olduğu şəxslər də müayinə olunub və nəticələr tezliklə məlum olacaq.

Tibbi maska taxılması məcburidir

Ramin Bayramlı əlavə edib ki, qapalı və açıq məkanlarda fəaliyyət göstərən restoranlarda tibbi maska taxılması məcburi olacaq. Belə ki, 31 maya qədər restoranların iş rejimi ilə bağlı tələblər həm qapalı, həm də açıq məkanda fəaliyyət göstərənlərə aiddir: "Qapalı məkanlarda, o cümlədən açıq məkanlarda tibbi maskanın taxılması məcburi olacaq. Açıq məkanlarda da sosial məsafənin qorunması, o cümlədən tibbi maskanın taxılması tövsiyə olunur”.

Hamilə qadınlar arasında yoluxanlar var

Bayramlı deyib ki, hamilə qadınlar arasında da yoluxanlar var. Bu risklər Operativ Qərargah tərəfindən nəzərə alınır: “Bu günə qədər həmin xəstələr, yəni həm analar, həm hamilələr arasında ağırlaşma olmayıb”.

Polislər də virusa yoluxub

Polislər arasında da koronavirusa yoluxma halları aşkarlanıb. Lakin Bakı Metropolitenində polislər arasında yolxuma aşkarlanmayıb: “Metro riskli nəqliyyat vasitəsidir. Belə yerlərdə maska taxılması və sosial məsafənin gözlənilməsi vacibdir”.

Ülviyyə Xudiyeva

Virtualaz.org

Xəbərlər