3002
Aktual 18 may — 21:15

"Arzu Verdiyev və Eldar Musayev başqalarının torpaqlarını zəbt edib, rayon rəhbərliyini söyüb..."

Goranboy rayon Qızılhacılı qəsəbə  sakinləri Verdiyev Arzu Vəli oğlu və Musayev Eldar Cabbar oğlunun YouTube sosial şəbəkəsində yerləşdirilmiş videomüraciətinə rayon İcra Hakimiyyətindən cavab gəlib.

İcra Hakimiyyətindən virtualaz.org-un redaksiyasına göndərilən açıqlamada deyilir ki,

Mayın 13-də Goranboy RİH-də, icra hakimiyyətinin başçısının  müəyyən edilmiş qrafikə əsasən keçirilən və çoxsaylı insanın iştirak etdiyi qəbul zamanı, Qızılhacılı qəsəbə sakinləri Verdiyev Arzu Vəli oğlu və Musayev Eldar Cabbar oğlu inzibati binanın həyətinə gələrək, “özlərinin haqsız tələblərini təmin etmək” üçün tələblər irəli sürüblər.

“Yəni başqa şəxslərə- rayonun Aşagı Ballıqaya kənd sakinləri Əskərov Etiram Akif oğlunun, Pirimov Əli İsaq oglunun və Qızılhacılı qəsəbə sakinləri Hüseynova Aygün Rafiq qızının, Qəhramanov Yunis İslam ogluna məxsus olan, zəbt etikləri pay torpaqlarını əllərində saxlamaq məsələsi ilə bağlı İcra Hakimiyyətinə daxil olan müraciətlərin araşdırılmasına etiraz ediblər. Bu zaman onlara “Vətəndaşların müraciətləri haqqında” Qanuna əsasən daxil olan müraciətlərin araşdırılmasının RİH-nin səlahiyyətinə aid olduğu izah edilib. Lakin Arzu Verdiyev və Eldar Musayev bununla razılaşmayıb,  qəbulda iştirak edən RİH-nin Başçısının Aparatının məsul işçiləri və digər rəhbər vəzifəli şəxslər haqqında təhqiramiz ifadələr işldiblər, nalayiq hərəkətlər ediblər, qəbulun keçirilməsinə maneçilik törətməklə RİH qanuni iş rejimini pozmaga cəhd göstəriblər. Məsələ ilə əlaqədar dərhal rayonun hüquq mühafizə orqanlarına məlumat verilib və hazırda faktla bağlı rayon prokurorluğu tərəfindən araşdırma aparılır”,-açıqlamada deyilir.

İcra Hakimiyyəti daha sonra bildirir ki,  Verdiyev Arzu Vəli oğlu və Musayev Eldar Cabbar oğlu dəfələrlə sosial şəbəkələrdə yerləşdirdikləri video çəkilişlərdə Qızılhacılı bələdiyyəsinin torpaq sahələrindən istifadədə qanunsuzluqlara yol verildiyini bildiriblər. 2019-cu və 2020-ci ilin ötən dövrü ərzində, müxtəlif məsələrlə bağlı həmin vətəndaşların rayon İcra Hakimiyyətinə daxil olmuş 10-a qədər müraciətlərinə baxılıb və hər birinə qanunamüvafiq qaydada müfəssəl cavab verilib.

Goranboy rayon İcra Hakimiyyəti daha sonra bildirir: “Hər iki vətəndaş 2020-ci il mayın 4-də RİH-nin inzibati binasında İcra başçısı və rayonun hüquq mühafizə orqanlarının rəhbərləri tərəfindən  qəbul edilib, müraciətləri ilə bağlı onlara bir daha qanunamüvafiq izahat verilib, məsələnin aidiyyətı dövlət orqanları tərəfindən yerində araşdırılacağı  çatdırılıb. Onların müraciətinin təkrar qaydada araşdırılması üçün İcra Hakimiyyəti  tərəfindən Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinə 05 may 2020-ci il tarixdə 127 nömrəli, ƏMDK yanında Torpaqların Dövlət idarəetməsinin təşkil üzrə Dövlət Agentliyinə 05 may 2020-ci il tarixli 128 nömrəli məktubla müraciət olunub.  Qızılhacılı qəsəbə sakinlərinin RİH-ə daxil olmuş müraciətləri əsasında Rayon İcra Hakimiyyəti tərəfindən aparılan araşdırmalar zamanı müəyyən edilib ki, Arzu Verdiyev qəsəbə sakini Qəhrəmanov Yunis İslam oğlunun icarəsində olan torpaq sahəsinin 5 hektarını onu təhdid edərək əlindən alıb və həmin sahədə arpa əkib, digər qəsəbə sakini Pirimov Əli İsa oğlunun icarəsindəki Dövlət Ehtiyat Fonduna aid olan örüş sahəsinin daxilində qanunsuz arxlar çəkib, həmin sahənin bir hissəsini isə şumlayaraq pambıq əkib. Bundan başqa sahibkar Hüseynova Aygün Rafiq qızının istifadəsindəki torpaq sahəsindən onun məcburi çıxmasını tələb edib və əhalinin pay torpaqlarına gedən yolu, həmçinin ərazidə mövcud olan hərbi məqsədli ehtiyat yolu zəbt edərək əkib. Arzu Verdiyevin bu qanunsuz hərəkətləri barədə vətəndaşlar tərəfindən  Rayon İcra hakimiyyətinə daxil olmuş müraciətlər əsasında aidiyyətı üzrə Goranboy rayon Polis Şöbəsinin İstintaq Bölməsində araşdırma aparılır”.

***14:25

Sosial şəbəkələrdə Goranboy rayon sakini Verdiyev Arzu Vəli oğlunun prezidentə videomüraciəti yayılıb.

Virtualaz.org xəbər verir ki, həmin şəxs  mayın 14-də Goranboy rayon icra hakimiyyətinin başçısının qəbuluna getdiyini, bu vaxt başçının birinci müavini tərəfindən döyüldüyünü və pəncərədən aşağı atıldığını bildirir.

Goranboy sakini deyir ki, o prezidentin Azərbaycanda ictimai nəzarətin zəif olması barədə çıxışınızdan ruhlanaraq Goranboy rayonunda baş verən qanunsuzluqlarla bağlı faktları ictimailəşdirib. Amma bunun əvəzində rayon İcra Hakimiyyətində döyülüb.

Arzu Verdiyev hadisəni belə nəql edir: “Dünən başçının qəbul günü idi. Mən də qərara aldım ki, Musayev Eldarla (yerli sakin) başçının qəbuluna gedim. İcra başçısının qəbuluna yaxınlaşdım, orada xeyli adam vardı, təxminən 40-50 nəfər. İcra başçısının birinci müavini Ceyhun Həsənov o boyda əhalinin içərisindən bizi görüb çağırdı, qəbul edib dərdimizi dinləyəcəyini dedi. İçəri keçdikdən sonra bizim hərəmizi bir otağa saldı. Məni orada kobud rəftara məruz qoydu, söyüşlər yağdırdı, nalayiq ifadələrlə danışdı, məni döydü, başımı pəncərəyə, divara vurdu. Sonra götürüb pəncərədən aşağı atdı. Bunun nəticəsi olaraq mənim əlimdə, başımda kəsiklər əmələ gəldi, yerdə məni qan aparırdı. İcra Hakimiyyətinin iki sürücüsü, deyilənə görə, biri Ceyhun Həsənovun bacısı oğludur, mənə bu vəziyyətdə yardım etmək əvəzinə söydülər, təhqir elədilər. Yenidən pəncərədən içəri ataraq hadisəni ört-basdır etməyə çalışdılar. Amma mən imkan tapıb qaça bildim və yaxınlıqdakı DTX rayon şöbəsinə sığındım. Sağ olsunlar, orada mənə yardım etdilər, təcili yardım çağırdılar, yaralarımı sarıdılar…”

Onunla birlikdə  torpaq və örüş yeri məsələsi ilə bağlı şikayətini çatdırmaq üçün qəbula gedən Eldar adlı yaşlı şəxs də videomüraciətdə təsdiq edir ki, icra başçısının müavini C.Həsənov A.Verdiyevin qolundan tutaraq içəri salıb. Onun özünün isə “arxasından təpiklə vurub”.

Sakinin bildirdiyinə görə, onu İcra Hakimiyyətinin arxa tərəfindən içəri salıblar, zalın yanındakı otaqda, şikayətə gələnlərin yanında Ceyhun Musayev “arxa tərəfindən diziylə vurub”, sinəsindən itələyib. Habelə hədələyib və “səninlə sonra danışacam” deyib.

Ürək xəstəsi olan Eldar Musayev deyir ki, o, İcra Hakimiyyətindən çıxaraq DİN-in 102 xidmətinə zəng vurub, icra başçısının müavini tərəfindən döyüldüyünü bildirib. Polislər gəlib və onu maşınla evinə çatdırıb. Evdə E.Musayevin vəziyyəti pisləşib və o, xəstəxanaya zəng vurub. Daha sonra onu xəstəxanaya aparıblar və tibbi yardım göstəriblər. Polislər də xəstəxanada şikayətçinin ifadəsini alıb.

Sonda A.Verdiyev deyir ki, həmin Ceyhun Həsənov Goranboyda oliqarxdır, çoxlu biznes obyektləri var və vəzifəsindən istifadə edib biznesinə “krışalıq” edir. “Xahiş edirəm onun barəsində tədbir görəsiniz”,-sakin prezidentə müraciətini yekunlaşdırır.

Virtualaz.org

Xəbərlər