2294
Aktual 9 aprel — 23:30

OPEC+ ölkələri ortaq qərara gəldilər: neft hasilatı azaldılacaq

OPEC və qeyri-OPEC ölkələri nazirlərinin videokonfrans formatında keçirilən görüşündə OPEC+ üzrə neft hasilatının gündəlik 10 milyon barel azaldılması barədə razılığa gəlinib.

“Bloomberg” xəbər verir ki, sövdələşmə mayın 1-dən tətbiq olunacaq.

Ekspertlər bildirirlər ki, razılaşma ən azı neft qiymətlərinin düşməməsinə şərait yaradır. Əgər heç bir razılaşma olmasaydı, qiymətlərin yenidən çökəcəyi gözlənilirdi.

***20:24

Səudiyyə Ərəbistanı və Rusiya arasında neft hasilatının azaldılması ilə bağlı razılıq əldə edilib.

Bu barədə “Reuters” agentliyi öz mənbələrinə istinadən xəbər yayıb.

Qeyd edilən anlaşmanın bir az öncə başlayan OPEC+ ölkələrinin virtual iclasında əldə edildiyi deyilir.

Məlumata görə, apreldən etibarən Rusiya gündəlik neft hasilatını 2 milyon barel, Səudiyyə Ərəbistanı isə 4 milyon barel azaldacaq.

Ümumilikdə isə OPEC+ ölkələrinin gündəlik hasilatı 20 milyon barel azaltmaq istədiyi qeyd edilib.

***18:14

Bu dəqiqələrdə neft hasil edən ölkələrin OPEC+ formatında, Azərbaycanın da iştirakı ilə olduqca kritik danışıqlara başlaması gözlənilirdi.

Virtualaz.org xəbər verir ki, koronavirusa görə videokonfrans rejimində keçirilən danışıqlar zamanı tərəflər gündəlik neft hasilatının 10-15 milyon barrel azaldılmasını müzakirə edəcəklər. Bu rekord həcmdə ixtisardır, çünki hazırda bazarda gündəlik tələbatdan 20 milyon barrelə qədər artır neft var. Belə vəziyyətin yaranmasının səbəbi pandemiya və iki iri neft hasilatçısı-Səudiyyə Ərəbistanı ilə Rusiya arasında bazar payı uğrunda müharibədir.

Danışıqlar ərəfəsində Rusiyanın gündəlik neft hasilatını 11.5 milyon barreldən 9 milyon barrelə qədər azaltmağa hazır olduğu açıqlanıb. Daha sonra Rusiya Energetika Nazirliyindəki mənbə 1.6 milyon barrel ixtisara razılaşdıqlarını bildirib. Lakin Səudiyyə Ərəbistanı buna da qane olmayıb.

“Siz daha çox ixtisara getməlisiniz”,-OPEC-dəki mənbə danışıqların başlaması ərəfəsində TASS-a bildirib.

Səudiyyə Ərəbistanı isə hasilatı 4 milyon barrel azaltmağa razıdır, amma aprel ayı üçün hasilat rəqəmlərinə əsasən. “Reuters” bu barədə səudiyyəli qaynaqlara istinadən bildirir. Belə ki, mart ayında OPEC+ razılaşması pozulandan sonra Səudiyyə gündəlik hasilatı 2.7 milyon artırıb və 12 milyon barrelə çıxardıb. Beləliklə, bu ölkə indi əslində əvvəlki hasilat həcmini 1.3 milyon barrel azaltmağa hazırdır. Rusiyanın bununla qane olub-olmayacağı məlum deyil.

Danışıqlara ilk dəfədir ki, kartelə daxil olmayan əksər neft ölkələri, o cümlədən Argentina, Braziliya, Norveç, Kolumbiya, Misir, İndoneziya, Trinidad və Tobaqo qatılıblar.

 

Virtualaz.org

Xəbərlər