2050
Aktual 8 aprel — 19:19

Koronavirusun yayılmadığı Türkmənistan…

Ötən ilin dekabrında Çinin Vuhan şəhərində peyda olan yeni növ koronavirus bütün ölkələrə yayılsa da, bir neçə ölkədə bu virusa rast gəlinmir. Türkmənistan da bu ölkələr sırasındadır. Türkmənistan hökumətinin həqiqətləri gizlətdiyindən şübhələnən ekspertlər virusun getdikcə daha geniş miqyas alacağından narahatdırlar.

Virtualaz.org xəbər verir ki, “BBC”nin Türkiyə xidməti bununla bağlı məqalə dərc edib. Nəşrin məlumatına görə, dünya əhalisinin COVİD-19 ilə mübarizədə fövqəladə vəziyyət elan etməsi, təcrid və karantin tətbiq etməsi fonunda Türkmənistanda Ümumdünya Sağlamlıq Günü qeyd olunur və bu çərçivədə geniş velosiped turu təşkil olunub.

Türkmənistan səhiyyə sisteminin vəziyyətini araşdıran Londondan olan pofessor Martin McKee bu ölkənin rəsmi sağlamlıq statistikasının tamamilə etibarsız olduğunu bildirib. O, qeyd edib ki, son 10 ildə Türkmənistanda HİV/AİDS xəstəsi olmadığını iddia edirlər. Bu çox da  inandırıcı deyil. Professorun sözlərinə görə, ölkədə 2000-ci illərdə baş vermiş vəba daxil olmaqla bir sıra xəstəliklərin gizlədilməsinə dair sübutlar var.

Bildirilir ki, Türkmənistanda bir çox insan korona virusun artıq ölkəyə daxil olduğunu bilir, lakin qorxduqlarına görə bunu söyləməkdən  çəkinirlər. Aşqabadda şəxsiyyətini gizli saxlamaq istəyən bir şəxs rəsmi xəbər agentliyində işləyən bir tanışına istinadən koronavirusun ölkədə olduğunu söyləyib. Lakin tanışı ona bu barədə heç kəsə məlumat verməməsini tapşırıb. Bildirib ki, əks təqdirdə problemlə üzləşə bilər.

Türkmən səlahiyyətliləri hər hansı açıqlama verməsələr də, virusun yayılma ehtimalına qarşı tədbirlər görürlər. Ölkədə fəaliyyət göstərən Birləşmiş Millətlər Təşkilatı (BMT) ilə birlikdə hansısa planı üzərində iş aparılır.

“BBC”-yə açıqlama verən BMT koordinatoru Elena Panova planın ölkədəki əməkdaşlıq, risklər, müalicə tədbirləri, laboratoriya diaqnostikası və digər tədbirləri əhatə etdiyini söyləyib.

Türkmənistanda Covid-19-a yoluxma hallarına gəlincə isə, Panova bildirib ki, o, rəsmi məlumatlara güvənir, çünki bütün ölkələr bunu edirlər.

 

“Rüşvət verib qaçanlar var”

Türkmənistan bir aydan çoxdur bütün quru sərhədlərini bağlayıb. Ölkə fevral ayında Çinə və digər ölkələrə uçuşları dayandırıb. Bütün beynəlxalq reyslər paytaxt Aşqabaddan ölkənin şimal-şərqindəki karantin zonası olan Türkmənabata yönəldilib. Lakin bəzi məlumatlara görə, çadırlarda iki həftəlik karantindən qaçmaq üçün səlahiyyətlilərə rüşvət verərək ərazini tərk edənlər var.

Panova, ölkəyə daxil olan hər kəsin Covid-19 testindən keçdiyini söyləyib. Ancaq o, gündə aparılan testlərin sayı və Türkmənistana nə qədər test nümunəsi gətirildiyini açıqlamayıb. Panova deyib ki, hökumət nümayəndələri ilə aparılan danışıqlardan aydın olur ki, onların kifayət qədər sınaqları var.

“Hökumət nümayəndələri müəyyən hazırlıqlar gördüklərini söyləyirlər. Dəqiq məlumatımız yoxdur, şübhəsiz ki, xəstəxanalarda kifayət qədər avadanlıq var. Ancaq digər ölkələrdə olduğu kimi, epidemiya burada da səhiyyə sisteminə böyük təzyiq göstərir. Hazırda dövlət məmurları ilə nəfəs aparatları və digər avadanlıqların tədarükü ilə bağlı danışıqlar aparılır”, - Panova deyib.

Türkmənistanda həyat adi axarı ilə davam edir

Türkmənistanda şəhərlərarası səfərlərə məhdudiyyətlər qoyulub. Aşqabada daxil olan hər kəsdən həkim arayışı tələb olunur, marketlər və ofislər üzərlik tüstüsü ilə “dezinfeksiya” olunur. Bu ehtiyat tədbiri Türkmənistan prezidenti Qurbanqulu Berdimuhammədovun heç bir elmi sübut olmasa da, üzərliyin virusun qarşısını aldığını söyləməsindən sonra həyata keçirilir. Ancaq bütün dünyadan fərqli olaraq, Türkmənistanda həyat normal qaydada davam edir. Ölkədə kafe və restoranlar açıqdır, toy şənlikləri həyata keçirilir. Heç kim maska taxmır, kütləvi tədbirlər təşkil olunmağa davam edir.

“Qüdrət və xoşbəxtlik çağı”

Türkmənistanın rəsmi dövlət kanalı isə prezident Berdimuhammedovun idman salonunda ağırlıq qaldırarkən və ya velosiped sürərkən çəkilən şəkillərini tez-tez paylaşır. Təşkil edilən kampaniyalarda "insanlar sağlamdır və bu səbəbdən prezidentə şükür" şüarından istifadə olunur.

Berdimuhammedov prezidentlik dövrünü "Qüdrət və xoşbəxtlik çağı" elan edib. Əgər COVİD-19-un yayılması təsdiqlənərsə, bu mesajın etibarsız olacağı iddia edilir, buna görə ölkədə koronavirusun yayılması halları gizlədilir.

Gülnar Əliyeva

Virtualaz.org

Xəbərlər