2848
Aktual 31 mart — 10:12

Zənginləri koronavirus vahiməsi bürüdü

Milyonlarla insan, o cümlədən də varlı təbəqə dünyada tüğyan edən koronovirus epidemiyasından  ciddi cəhdlə qorunmağa çalışır. Lakin varlıların epidemiyadan özlərini təcrid etməsi dezenfeksiyaedici vasitələrin alınmasından, marketlərin piştaxtalarındakı ərzaq məhsullarının ehtiyat tədarükündən ibarət deyil.

Dünyanın zəngin insanları Covid-19-a yoluxmamaq  məqsədilə  icarəyə şəxsi təyyarələr götürür, uzaq adalara yola düşür, tənha villalara çəkilir, xüsusi olaraq hazırlanmış bunkerlərdə bu fəlakətdən özlərini  qorumağa çalışırlar. Onlardan bir çoxu hər ehtimala qarşı özləri ilə şəxsi həkimlərini, tibb bacılarını da aparırlar.

Britaniya mətbuatının yazdığına görə, son həftə ərzində Londondakı zəngin təbəqə özəl klinikalarda koronovirus testlərindən keçmək üçün həkimləri az qala mühasirəyə alırlar.

Böyük Britaniyanın diaqnostik mərkəzlərində varlılara bu testdən yalnız koronavirusa yoluxma ehtimalı yüksək olan şəxslərin keçirilməsi vacib olduğu bildirilir.

“Zənginlər klinikaya gələrək testdən keçmək istəyirlər. Şəxsi yoxlama üçün pul ödəyə biləcəklərini deyirlər. Təəsüf ki, biz onları yoxlaya bilmərik. Çünki Səhiyyə Nazirliyi tərəfindən göstəriş verilib ki, bütün testlər mərkəzləşdirilmiş şəkildə NHS və Public Health Englandda keçirilsin" – özəl klinikanın direktoru Mark Ali belə deyir.

Adının açıqlanmasını istəməyən özəl klinikalardan birinin əməkdaşı “The Guardian” nəşrinə açıqlamasında sağlamlığından narahat olan varlı təbəqənin testdən keçmək üçün klinikada növbəyə dayandıqlarını bildirib.

“Varlı müştərilər stress içərisindədirlər. Onlar  Covid-19 vaksini üçün yalvarırlar. Halbuki alimlər vaksinin hazırlanmasının ən azı bir il çəkəcəyini deyiblər. Bir çoxlarına qripə qarşı ümumi peyvənd edilib. Onlarla tibbi konsultasiya aparmışıq, özlərini qorumağı məsləhət görmüşük”- ürək-damar cərrahı Ali deyir.

Həkim deyir ki, klinikaya müraciət edən zənginlər immun sistemini möhkəmləndirmək üçün minerallar və vitaminlərdən ibarət venadaxili iynələr vurulmasını  xahiş edirlər: “Yaşlı insanların 90  faizində vitamin çatışmazlığı var. Vitaminlər immun sistemini möhkəmlədir. Vitamin C, B 12,  qlutation, sink və aminturşular kompleksi - arginin, taurin, lizin və sitrullin kimi  komplekslərin venadaxili qiyməti 350 funt dəyərindədir”.

Home Depot şəbəkələrinin həmtəsisçisi 84 yaşlı milyarder Ken Lenqon isə tibbi məsləhət almaq üçün Nyu-York universitetinin aliminə zəng vurub.

Şəxsi təyyarələrin sifarişi ilə məşğul olan firmanın icraçı direktoru Adam Tvid jurnalistlərə açıqlamasında deyib ki, zənginlər koronovirusdan qorxusu ilə evlərindən birbaşa evakuasiya edilərək ölkədən çıxırlar: “Bəziləri yaşlı turistlərdir, kimisinin sağlamlıq problemləri var. Hava limanında camaat arasında narahat olmaq istəmirlər. Ona görə də öz ailəsinə şəxsi təyyarə sifariş edirlər. Biz elə indicə Fransanın cənubundan Londona bir qrup apardıq. Onların arasında zəifləmiş, immuniteti zəif olan sərnişinlər vardı”.

Firma rəhbəri deyir ki, çox zəngin müştərilər  İtaliyadakı epidemiya təhlükəsindən sonra Britaniyadan və başqa Avropa ölkələrindən şəxsi uçuşlar  sifariş edirlər.

Zənginlərin böyük əksəriyyəti koronovirus təhlükəsindən qorunmaq üçün öz bunkerlərində gizlənirlər, heç kimlə ünsiyyət qurmurlar, ziyartəçilərdən imtina edirlər.

Xatırladaq ki, bundan əvvəl zənginlərin koronavirusdan qaçmaq üçün özlərinə Karib hövzəsində ins-cins yaşamayan adalar aldığı, yaxud Şotlandiyanın qədim qəsrlərinə üz tutduqları məlum olmuşdu. Habelə onlardan bəziləri yaşadıqları malikanələrə virusun keçə biləcəyindən ehtiyat edərək yaxtalarında özlərini karantinə aldıqları bildirilirdi.

İnarə Rafiqqızı

Virtualaz.org

Xəbərlər