454
Aktual 28 mart — 20:44

Prezident Azərbaycan həkimlərinin peşəkarlığı, icbari tibbi sığortanın təxirə salınması və koronavirus haqda

Bu gün prezident İlham Əliyev Bakıda “Yeni Klinika”nın açılışında çıxışı zamanı Azərbaycan həkimlərinin peşəkarlığından, ölkədə icbari tibbi sığortaya keçid proqramının koronavirus pandemiyasına görə təxirə salına biləcəyindən və virusa qarşı aparılan mübarizədən danışıb.

Sitat:

Bu gün biz koronavirus xəstələrini bir neçə xəstəxanada yerləşdiririk, o cümlədən Bakı şəhərində və bölgələrdə. Əgər bizdə bu infrastruktur olmasaydı, bu xəstəliyə qarşı necə mübarizə apara bilərdik?! Eyni zamanda, onu da bildirməliyəm ki, son illərdə həkimlərin peşəkarlığı böyük dərəcədə artıb. İndi təsəvvür etmək olmur ki, 10-15 il bundan əvvəl Azərbaycanda çox çətin əməliyyatların həyata keçirilməsi mümkünsüz idi.

 Bu gün isə bizim həkimlərimiz ən çətin əməliyyatları aparırlar, insanları həyata qaytarırlar, neçə ildir ki, açıq ürək, orqanların transplantasiyası əməliyyatları keçirilir. Yəni, bütün bunları bir neçə il bundan əvvəl təsəvvür etmək belə mümkün deyildi. Ona görə həkimlərin təlimi, onların peşəkarlığının artırılması sahəsində də böyük işlər görüldü. Bizim tələbələrimiz xarici ali tibb məktəblərinə ezam edildilər, həmçinin kurslarda təlim keçdilər. Odur ki, bu gün bizim səhiyyə infrastrukturumuz həkimlərin peşəkarlığı və bilikləri ilə uzlaşmalıdır. Hələ ki, bu istiqamətdə görüləsi işlər çoxdur. Əlbəttə, siz yaxşı bilirsiniz ki, dünya tibb elmi sürətlə inkişaf edir. Bu gün elə xəstəliklər müalicə olunur ki, əvvəlki illərdə bu xəstəliyin çarəsi yox idi. Ona görə Azərbaycan həkimləri, xüsusilə həkimlərin gənc nəsli, orta nəsli daim öz üzərində işləməlidir ki, bütün dünyada mövcud olan və yaranan yeni texnologiyalar, yeni müalicə qaydaları, yeni müalicə üsulları bizdə tətbiq olunsun. Mən hesab edirəm ki, bu sahədə əlavə işlərin görülməsi lazımdır.

Əlbəttə, hesab edirəm ki, icbari tibbi sığortanın Azərbaycanda tam tətbiq edilməsi nəticəsində biz səhiyyə sistemində çox ciddi dönüşə nail olacağıq. Bildiyiniz kimi, üç şəhərdə pilot layihə həyata keçirilmişdir. Mənə verilən məlumata görə, o şəhərlərin sakinləri İcbari Tibbi Sığorta Agentliyinin fəaliyyətindən çox razıdırlar, həkimlər də razıdırlar və xəstələr də lazımi müalicə alırlar. Ona görə bu ildən başlayaraq ölkə üzrə icbari tibbi sığortaya tam keçid nəzərdə tutulurdu. Ancaq koronavirus xəstəliyinin müdaxiləsi nəticəsində bu proqramın icrası müəyyən dərəcədə təxirə salına bilər. Çünki biz öz addımlarımızı vəziyyətə görə atmalıyıq. O cümlədən hesab edirəm ki, koronavirusla mübarizədə də biz qabaqlayıcı tədbirlərin görülməsi nəticəsində vəziyyəti nəzarət altında saxlayırıq. Halbuki bir daha demək istəyirəm, ən inkişaf etmiş ölkələrdə vəziyyət nəzarətdən çıxıbdır. Minlərlə insanın ölməsi və xəstəliyin demək olar ki, dünyada geniş yayılması bütün ölkələr üçün böyük sınaqdır, böyük çağırışdır. Biz elə işləməliyik, elə tədbirlər görməliyik ki, bu vəziyyətdən az itkilərlə çıxaq. Bu məqsədlə mənim göstərişimlə operativ qərargah yaradıldı. Qərargah 24 saat işləyir. Hesab edirəm ki, qərargahın fəaliyyəti nəticəsində biz çox önəmli addımlar ata bildik.

Biz Ümumdünya Səhiyyə Təşkilatı ilə təmasdayıq. Hesab edirəm ki, biz birinci ölkələrdən idik ki, bu təşkilatla təmas yaratdıq və onların mütəxəssislərini ölkəmizə dəvət etdik. Onlar vəziyyətlə tanış oldular və bizdə görülən işlərə yüksək qiymət verdilər. Eyni zamanda, biz beynəlxalq aləmin məsuliyyətli və çox dəyərli üzvü kimi Ümumdünya Səhiyyə Təşkilatına koronavirusla mübarizə aparmaq üçün 5 milyon dollar ianə verdik. Bu da bizim ümumi işimizə, dünyanın üzləşdiyi problemin həllinə verdiyimiz dəyərli töhfədir. 

Xəbərlər