1206
Aktual 27 mart — 00:40

Amerikalı səyyah Azərbaycanda ilişdi və…

Son 5 ildə dünyanı fasiləsiz gəzib-dolaşan amerikalı səyyah Tom Tursiç indi Azərbaycandadır və sərhədlər bağlı olduğundan ölkəmizi tərk edə bilmir.

Virtualaz.org bildirir ki, bu barədə nj.com saytı xəbər yayıb.

Nyu-Cersi sakininin dünya boyu gəzməsi qlobal koronavirus pandemiyasına görə məcburən dayanıb. Tursiç Azərbaycana Savanna ləqəbli iti ilə birgə gəlib və buradan bərə vasitəsilə Qazaxıstana keçməyi planlaşdırırdı. Lakin onun Xəzər səyahəti baş tutmadı.

Gözləmək olardı ki, belə bir problemlə qarşı-qarşıya qalan Tursiç Amerika Birləşmiş Ştatlarına dönmək istəyəcək. Lakin yox, amerikalı vətəninə uçmaqdan imtina etdi və sərhədlərin açılmasını, yəni ən azı 15 aprelə qədər, gözləmək qərarına gəldi.

Səyyahın bəxti gətirdi: Azərbaycanın miqrasiya xidmətləri mövcud vəziyyəti nəzərə alaraq, ölkəmizdə qalmaq üçün onun vizasının vaxtını uzadıblar.

Artıq 30 min kilometr yol qət etmiş amerkalı səyyah deyib ki, Qazaxıstanla sərhəd açılana qədər Azərbaycanda qalacaq: “Dediklərimi bir kənara qoysaq, gündəlik həyatımla bağlı elə də böyük zərərə düşməmişəm. Çox şadam ki, Azərbaycandakı miqrasiya xidməti mənim vəziyyətimi anlayışla qarşıladı və vizamı heç bir problem olmadan uzatdı. Gürcüstan da sərhədi bağlayıb, buna görə də Azərbaycan mənim qalmağıma icazə verməsəydi, gərək Savanna və mən evə uçaydıq. Ancaq hər şey yaxşıdır və indi biz gecəni ulduzlu səma altında çadırda keçiririk, çobanları və onların eşşəklərini qarşılayaraq...”.

Tursiç doğma Nyu Cersi-dən 2 aprel 2015-ci ildə, 26 yaşı tamam olan gün çıxıb. Texasda köpəyi götürüb və sonra oradan cənuba doğru yoluna davam edib. Səyahətçi Cənubi Amerikadan Antarktidaya üzərək keçib və sonra Avropaya uçub. Onun illik xərci orta hesabla 12 min dollar təşkil edir. Bu məbləğin bir hissəsi sponsor tərəfindən ödənilir.

Natiq Hüseynzadə

Virtualaz.org

Xəbərlər