773
Aktual 26 mart — 19:26

Fərhad Bədəlbəyli: “Qızım və kürəkənim karantinə düşdülər”

“Olduqca təhlükəli və faciəvi vəziyyətdir. Bizimkilər başa düşmürlər, küçədə-bayırda gəzirlər, Bulvara çıxırlar, hansı bəla ilə üz-üzə qaldığımızı hələ dərk etmirlər”.

Virtualaz.org bildirir ki, bunu jurnalistlərə açıqlamasında Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli deyib.

ABŞ-dan qayıdan qızı və kürəkəni barədə danışan F.Bədəlbəyli bildirib ki, onlar hazırda karantindədirlər: “Mən onların karantinə alınmamaları üçün heç bir şey etmədim. Qoy nə qədər lazımdır karantində otursunlar. Burda tanış, hörmət-filan keçmir. Nə lazımdır, o da olmalıdır, başqa cür ola bilməz”.

Xalq artisti qeyd edib ki, koronavirus pandemiyası ilə mübarizə müharibəyə bənzəyir: “Bu, müharibədir… Mən hamıya deyirəm, bir az özünüzə gəlin. Nə qədər restoran olar, nə qədər kef olar, nə qədər qonaqlığa getmək olar? Bəsdir! Bir az ciddilik lazımdır. Ölkə çox çətin vəziyyətdədir. Dövlət hər şey edir. Qocalardan kim təkdir ərzaq göndərəcəklər, könüllülər yaxşı işləyəcəklər. Bizdə bu sistem çox yaxşı qurulub. Ona görə mən hamıya deyirəm, çölə çıxmayın, evdə oturun. O qədər kitab var, oxusunlar, internet var, sosial şəbəkələr, filmlər, seriallar var. Evdə qalıb vaxt keçirmək üçün hər cür vasitə var…”.

Xəbərlər