1786
Aktual 25 mart — 23:30

Hakimiyyətə Tofiq Yaqublu gərək deyil...

Müəllif: Eynulla Fətullayev

Bu günlərdə Bakının yaşayış rayonlarından birində tanınmış müxalifətçi Tofiq Yaqublunun iştirakı ilə qəribə insident  baş verdi. Yaqublunun maşını ər-arvad Cəbrayılovların olduğu avtomobili cızdı. Müsavat partiyasının liderlərindən biri və eyni zamanda müsavatçıların barışmaz düşməni Əli Kərimlinin qatı tərəfdarı olan Tofiq Yaqublu “Toyota Corolla” markalı yapon avtomobilinin sükanı arxasında olub. Ər-arvad Cəbrayılovlar isə özlərinin sınıq-salxaq “07” avtomobilində qəzada iştirak ediblər. Daha sonra DİN müəyyən edib ki, hadisə Tofiq Yaqublunun günahı ucbatından baş verib. Müxalifətçinin avtomobili sürücünün ehtiyatsızlığı üzündən köhnə sovet avtomobilinə dəyib.

Münaqişə yaranıb. Söz sözün dalınca və DİN-in rəsmi nümayəndəsi Ehsan Zahidovun sözlərinə görə, bu zaman Tofiq Yaqublu Elxan Cəbrayılovun və onun arvadı Cəəvahirin üstünə hücum çəkib. Əlbəyaxa çəkişmə o dərəcədə emosional xarakte ralıb ki, DİN-in informasiyasına görə, T.Yaqublu qaykaaçana əl atıb. Və ər-arvadı yapon avtomobilinin qaykasını açmaq üçün nəzərdə tutulan alətlə vurub. Məhkəmə Yaqubluya qarşı irəli sürülmüş ittihamı əsaslı hesab edib və onun barəsində həbs qətimkan tədbiri seçib. Yaqublu günahkardır, ya yox, bunu istintaq və məhkəmə araşdıracaq.

Bizi isə bu məsələdə daha çox paytaxtın yaşayış rayonunda iki vətəndaş arasında münaqişənin siyasiləşdirilməsi maraqlandırır. Müxalifətin ən barışmaz liderləri, xüsusən də Əli Kərimlinin Milli Şurası dərhal insidenti və Yaqublunun həbsini prezident İlham Əliyevin xalqa Novruz bayramı münasibətilə müraciəti ilə əlaqələndirməyə başladı.

Azərbaycanda koronavirus pandemiyasının yayılmasından narahat olan İ.Əliyev özünün bayram müraciətində hökumətin indiki minilliyin bəlasına qarşı gördüyü mübarizə tədbirləri haqda ətraflı danışdı. Və cəmiyyətdə hökm sürən sabitliyin və sakitliyin təminatçısı olan dövlət başçısı kimi “məqsəd vasitəyə haqq qazandırır” nəzəriyyəsinin liderlərinin insunasiyalarının və bədxah əməllərinin artmasından öz narahatlığını ifadə etdi: barışmazlar və narazılar az qala Azərbaycan hakimiyyətini koronavirusu işləyib hazırlamaqda ittiham edirlər. Prezident sakit, təmkinli və rasional tonda cəmiyyəti yeni təhdid  barədə xəbərdar etdi-şəbəkə qeyri-formalları, üzdənirqaları bütün dünya kimi depressiyaya düşmüş Azərbaycan cəmiyyətinin tarıma çəkilmiş əsəbləri ilə oynayaraq insanlıq üçün yeni olan koronarejimdən fürsət kimi istifadə edə bilərlər.

Depressiya asan izah olunandır, insanlıq sanki donaraq  hər gün Qərbdə, İranda, Çində...minlərlə insanın həyatına son qoyan virusla mübarizənin necə bitəcəyini gözləyəyir. Və prezident bu siyasi kollaborasionistlər sinfini Franko dövrünün “Beşinci kalon” termini ilə adlandırdı. İlham Əliyev öz çıxışlarında tez-tez və ədalətli şəkildə təkrar edir ki, Azərbaycanda sabitliyə təhlükə ancaq ölkə hüdudlarından kənardan yarana bilər. Hakimiyyət daxildə hər şeyə tam nəzarət edir. Heç bir təhdid və çağırışlar, xüsusən də prezidentə xalqın etimadının yüksək səviyyədə olduğu bir vaxtda, ölkə içərisindən yarana bilməz. Və budur, həmin bu tullantı-sinif prezidentin özünün siyasi əhəmiyyətinə görə mühüm olan bu mesajını müxalifətçilərin həbsinə və təcrid olunmasına çağırış kimi qəbul elədi.

İlham Əliyev izolyasiya haqda danışdı. Lakin həmin qüvvələrin məhz siyasi və sosial izolyasiyası barədə, hansı ki, təhlükəli virusun yayılmasından irəli gələn xüsusi vəziyyət şəraitində siyasi sakitliyi pozmağa cəhd edə bilərlər. Nəyə görə müxalifət özünü fırtına qoparmaq yanğısı ilə alışıb-yanan qiyamı qüvvəyə aid edir?! Axı İlham Əliyev ümummilli dəyərlərdən və təhdidedici virusla mübarizədə konsolidasiyadan danışarkən birləşməyə və konsolidasiyaya, vətəndaş və siyasi dialoqun formalaşmasına, təhlükəni ictimai müqavimətlə, qüvvələri birləşdirməklə dəf etməyə də çağırdı. İ.Əliyev özünün bayram müraciətində yenidən fəal siyasi dialoqa çağırdı və bəzi “milli demokrat” qüvvələrin hakimiyyətin dialoq əlini geri çevirməsini təəsüflə qeyd etdi.

Üçüncü Respublika öz tarixində ilk dəfə İlham Əliyevin qismində yüksək parlament tribunasından bütün müxalif qüvvələrə siyasi dialoq, kompromislər siyasəti və ölkədəki ümumi siyasi iqlimin sağlamlaşdırılması naminə konsolidasiya təklif etdi. Prezident qarşıdurmadan qaçmağa, siyasi plüralizmin yeni platforması qismində konstruktivliyi seçməyə çağırdı, ictimai razılaşma, siyasi sistemin yetişkinliyi və evalyusiyalı təkmilləşdirilməsi, hakimiyyətlə müxalifət arasında keyfiyyətcə yeni konstruktiv qarşılıqlı münasibətlərin formalaşmasının vacibliyini qeyd etdi. Prezident sosial dəyişikliərə münasibətdə  daha çevik dəyər oriyentirlərinə malik yeni funksional siyasi elitanın formalaşmasına çağırdı. 1991-ci ildən bəri ilk dəfə parlamentin rəyasətinə siyasi müxalifətin nümayəndəsi seçildi, hakimiyyətin başlıca tənqidçilərindən biri Erkin Qədirli isə parlamentin hüquqi məsələlər komitəsinin tərkibinə daxil oldu.

Hadisələrin sonrakı inkişafı göstərdi ki, İlham Əliyevin mart tezisləri təkcə deklorativ xarakter daşımırdı, hakim elitanın bütün real siyasi qüvvələrin qarşılıqlı münasibəti, qarşılıqlı anlaşma əsasında fəaliyyət göstərməsi üçün yeni siyasi sistemin sintetik əsaslarının yaradılmasına dair  əsl niyyətini ortaya qoyurdu. Prezident Administrasiyasının yüksək vəzifəli əməkdaşı Ədalət Vəliyev bütün siyasi qüvvələrlə, o cümlədən ən radikal milli demokrat və liberal müxalifətin liderləri ilə görüşlər keçirdi. Administrasiyada İlqar Məmmədov da oldu, İqbal Ağazadə də, Əli Əliyev də, hakimiyyətin bir çox digər ardıcıl siyasi tənqidçiləri də.

Olduqca maraqlıdır ki, prezidentin xalqa müraciətindən dərhal sonra, cəbhəçilərin bütün internet boyu “xalq işi uğrunda mübarizlərin” izolyasiyası barədə hay-küy qaldırdıqları bir vaxtda real müxalifətin liderlərindən biri İlqar Məmmədov açıq şəkildə bildirdi: bu deyilənlər bizə aid deyil, qoy özlərini “beşinci kalon” hesab edənlər cavab versinlər. Məmmədov hərdən hakimiyyətə kor-korana nifrətini büruzə verən və hadisələrin inqilabi inkişaf ssenarisinin tərəfdarı olan biridir, amma o da hakimiyyətin yeni konseptual baxışını dəstəkləyərək özünün ReAL hərəkatını parlament partiyası elan etdi.

Hakimiyyətlə danışıqlardan ancaq siyasi boşboğazlar, çürümüş və nimdaş hala düşmüş Elçibəy şinelindən çıxan bir qrup imtina etdi. Belələri üçün bu günə qədər  də hakimiyyətn mənbəyi xalq, seçkilər və parlament mübarizəsi deyil deyil, küçələr, barrikadalar və qarşıdurmadır. İstənilən qiymətə inqilab. Hətta yoluxucu Uhan xəstəliyinin gücü ilə də olsa.

Yeni siyasi eranın şərtlərində və yeni mövcudluq qaydalarında, daha doğrusu müxalifətin hakim elitaya kooptasiyasının baş verdiyi vaxtda hakimiyyətin Tofiq Yaqublunun qəsdən həbs edilməsi üçün heç bir motivi olmayıb.

Birincisi, T.Yaqublu müqavimət hərəkatının lokomotivi deyil, heç bir təhlükə və təhdid təşkil etmir. Sıradan, rəngsiz, pis təhsil görmüş, xüsusi istedada və orator keyfiyyətlərinə malik olmayan siyasi fəaldır. Adi biridir, müxalifət nomenkulaturasının ikinci eşalonunda məskən salmış əyalət adamıdır. Yaqublu öz partiyasında Müsavat başqanı postu uğrunda seçkini açıq fərqlə uduzubsa o zaman onun hansı siyasi avtoritetindən danışmaq olar?

İkincisi, bu yaxınlara qədər Yaqublu səs-küylü İsmayıllı hadisələrinə görə özünün həbs müddətini çəkirdi. Və onu həmin hadisələrin ikinci fiqurantı İlqar Məmmədovdan xeyli əvvəl azadlığa buraxdılar. Əgər hakimiyyət Yaqublunun azadlıqda ictimai qaydaya və sabitliyə təhlükə yaradacağını düşünsəydi heç onu azadlığa buraxardımı?! Bundan əlavə. Hakimiyyət Yaqublunun kürəkənini, Kərimlinin müavini Seymur Həzini də azad etdi. Əgər hakimiyyət Yaqublunu həbs etmək arzusu ilə alışıb yansaydı Kərimlinin ötən ilin oktaybrındakı aksiyası zamanı onu təcrid etmək fürsətini əldən buraxmazdı. Əksinə, ictimai qaydanı pozan bu adamı, Kərimlinin çığırğan əlaltısını digər müxalifətçilərlə birlikdə inzibati həbsdən sonra azad etdilər.

İndi lümpenləşmiş retroqradların yeni şəbəkə kultu meydana çıxıb. Əməkçilərin işi uğrunda əliaçarlı əzabkeş mübariz. Yada salın, Lenn dövrünün köhnə və yaxşıca yaddan çıxmış bolşevik plakatında necə idi-əlində qayka açarı tutmuş inqilabçı yerə düşmüş bayrağı qaldırır.  Yeni meydana çıxmış neobolşevik fraksion-feysbuk sinfi üçün nə qədər təəsüfedici olsa da bu əzik-üzük bayraq hələ çox on illər boyu əbədi Azərbaycan torpağında o yan-bu yana sürünəcək...

Xəbərlər