3404
Aktual 23 fevral — 13:00

Neftçala feodalları: “doxdur Telman”, “maliyyə Rəşid”...

Xəbər verildiyi kimi DTX fevralın 20-də Neftçalada rayon icra hakimiyyətinin başçısı İsmayıl Vəliyevin və digər yüksək vəzifəli şəxslərin həbsi ilə nəticələnən xüsusi əməliyyat keçirib. Həbs olunanların arasında rayon Mərkəzi Xəstəxanasının baş həkimi Telman Zahidov da var. O, əməliyyatçılara etiraf edir ki, hər ay icra başçısına 2 min manat haqq ödəyirdi.

Baş həkimin daha hansı korrupsiya və rüşvət əməllərində ittiham olunduğu hələ məlum deyil. Amma internet resurslarında Telman Zahidovun adı ilə bağlı olan bir sıra korrupsiya və rüşvət əməlləri barədə bəhs edilir.

Məsələn, ötən il aztirajlı saytlardan birində Neftçala sakinlərindən əldə edilmiş məlumatlara istinad edərək yazırlar ki, Telman Zahidov  Mərkəzi Xəstəxananı varlanmaq və korrupsiya mənbəyinə çevirib. Belə məlum olur ki, baş həkim əslində nəhəng pambıq tarlalarına və heyvandarlıq təsərrüfatına malik olan iri feodaldır.

Məsələn, Neftçaladan daxil olmuş anonim məlumatlarda deyilirdi ki, rayon Mərkəzi Xəstəxanasını əslində dövlət xəstəxanası yox, “Telman doxdurun özəl xəstəxanası” kimi tanıyırlar. Çünki orada hər şey pulludur. Hər uşağın anadan olmasına görə 1600-2000 manat (cinsindən asılı olaraq) , xadimə kimi işə düzəlməyin haqqı 2 min manat, diplom olmadan tibb bacısı işləmək üçün 5 min manat, diplomla tibb bacısı işləmək üçün isə 3 min manat rüşvət məbləği müəyyən edilib.

O da bildirilir ki, Telman Zahidov rayon səhiyyəsinə ayrılan büdcə vəsaitlərini və xəstəxanadan topladığı rüşvət pullarını Neftçalada pamblq biznesinə yatırıb. Onun büdcə vəsaitlərinin talanmasında rayon maliyyə şöbəsinin müdiri Rəşid Manafovla (rayonda “maliyyə Rəşid” kimi tanıyırlar) əlbir olduğu da göstərilir. Hansı ki, “maliyyə Rəşid” özü də rayonun iri oliqarxlarından biridir, çoxsaylı mülkləri, Neftçalanın mərkəzində iri ticarət obyekti (qohumunun adına rəsmiləşdirib) və digər aktivləri var.

“Maliyyə Rəşid”lə “Telman doxdur” ortaq olaraq Neftçalanın Boyat kəndi ərazisindən “Xol” adlanan əraziyə qədər vətəndaşlara məxsus olan minlərlə  hektar torpaq sahəsini alıb və orada pambıq əkib.

Feodal baş həkim nəticədə rayonun iri pambıq baronuna çevrilib və o tarlasında xəstəxana işçilərini pulsuz işlədib, qul kimi istifadə edib. Neftçalada xəstəxana işçilərinin pambıq tarlasında işləməyə aparıldığı haqda xəbərlər bir neçə dəfə sosial şəbəkələrdə və yerli saytlarda yer alıb.

Habelə Telman Zahidovun rayonda irili-xırdalı 300 min başlıq mal-qara təsərrüfatının olduğu da bildirilir. Neftçaladakı mənbələrimiz təsdiq edirlər ki, baş həkimin mal-qara təsərrüfatı Qaraimanlı kəndi ərazisində yerləşir. “Telman doxdur” uzun illərdir rayon Mərkəzi Xəstəxanasına rəhbərlik edirdi və həmin vəzifədə lap kök atmışdı. Eləcə də “maliyyə Rəşid”in 20 ilə yaxındır rayon maliyyə idarəsinə rəhbərlik etdiyi məlumdur.

Rayondakı mənbələrimiz deyirlər ki, DTX əməliyyatçıları onu da dindiriblər, amma dializ xəstəsi olduğu üçün hələlik həbs etməyiblər. Rayonda təmir-tikinti, abadlıq üçün ayrılan büdcə vəsaitlərinin məhz onun əli ilə talandığı haqda yerli internet resursları ətraflı yazırlar.

Virtualaz.org

Xəbərlər