1599
Aktual 22 fevral — 18:12

“Xlor turşusunu götürüb Qubadan Bakıya yola düşdüm...”

Bakı Ağır Cinayətlər Məhkəməsində keçmiş arvadının sifətinə xlor turşusu tökməkdə ittiham olunan 34 yaşlı Quba rayon sakini Adil Həsənovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Virtualaz.org-un xəbərinə görə, hadisə ötən ilin avqustun 15-də Binəqədi rayonu Rəsulzadə qəsəbəsində baş verib. Axşam saatlarında 2 yaşlı qızını gəzdirmək üçün qayınanasıgilə gələn Adil Həsənov uşağın ona verməsini tələb edib. Lakin N.Məmmədova uşağı atasına verməyib. Bununla bağlı keçmiş ər-arvad arasında mübahisə yaranıb. Mübahisə zamanı A.Həsənov özü ilə gətirdiyi xlor turşusunu 28 yaşlı qadının  sifətinə atıb. Qadının hər iki gözü ağır xəsarət alıb, görmə qabiliyyəti zədələnib.

Hadisədən iki gün sonra A.Həsənov şübhəli şəxs qismində saxlanılıb. Binəqədi rayon Məhkəməsinin qərarı ilə barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. Ona qarşı Cinayət Məcəlləsinin 126.2.3-cü maddəsi ilə ittiham irəli sürülüb.

Təqsirləndirilən Adil Həsənov ifadəsində həyat yoldaşından 3-4 il əvvəl ayrıldığını, N.Məmmədova ilə nikahdan bir qız övladı  olduğunu, uşağı gəzdirmək üçün ona vermədiyinə görə keçmiş arvadıyla aralarında narazılıq yarandığını göstərib: “Müxtəlif bəhanələr gətirirdi, barəmdə böhtan xarakterli ərizələrlə polisə şikayətlər ünvanlayırdı. Guya onu əxlaqsız hərəkətlərə məcbur etmişəm. Nəhayət, haqqımda cinayət işi başlanılmasına nail oldu. Lakin istintaq zamanı yazdıqlarının böhtan olması üzə çıxdı, barəmdəki cinayət təqibinə xitam verildi”.

A.Həsənovun ifadəsinə görə, onun barəsindəki Cinayət Məcəlləsinin 151-ci (seksual xarakterli hərəkətlərə məcbur etmə) maddəsi ilə başlanmış cinayət təqibinə xitam verilib və əməli Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsinə tövsif edilib. Həmin maddə ilə cinayət işi baxılması üçün Binəqədi rayon Məhkəməsinə göndərilib. Binəqədi rayon Məhkəməsinin 7 mart 2019-cu il tarixcli hökmü ilə A.Həsənova 11 ay 22 gün şərti cəza təyin edilib. Bundan sonra N.Məmmədova ilə münasibətləri daha da kəskinləşib. Arvadı uşağını da götürüb anası evinə köçüb və qızını ona göstərməkdən imtina edib.

Hadisədən bir neçə gün əvvəl Qubadan keçmiş arvadına zəng vuran Adil uşağını görmək istədiyini deyib. N.Məmmədova da onunla razılaşıb: “Bir neçə dəfə evə, mobil telefonuna zəng vurdum, məni söyüb təhqir etdi. Ona görə plastik qabda xlor turşusu götürüb Bakıya yola düşdüm. Qorxutmaq istəyirdim ki, bir də məni söyməsin. Xlor turşusundan istifadə etmək fikrimdə deyildim. Onların evinə çatanda axşam idi. Həyətə girən kimi qaynanam dedi çıx get, qızım səni görmək istəmir. Dedim ki, uşağı mənə verməyə razılaşıb, ona görə də Qubadan Bakıya gəlmişəm.  Bu vaxt keçmiş həyat yoldaşım da gəldi. Dedi ki, uşağı sənə yox, qardaşına verə bilərəm. Aramızda mübahisə düşdü, yenə söyməyə başladı. Butulkanın qapağını açdım, xlor turşusunu üzünə tökdüm”.

Zərərçəkmiş N.Məmmədova ifadəsində deyib ki, Adillə ailə qurduqdan bir müddət sonra aralarında narazılıqlar baş verib, əri tərəfindən mütəmadi olaraq döyüldüyünə görə boşanmaq üçün Quba rayon Məhkəməsinə müraciət edib. 2015-ci ildə rəsmi qaydada ayrılıblar. Boşandıqdan sonra Bakı şəhərinə - anasının evinə köçüb. Amma bir müddət sonra Adil onun arxasınca Bakıya gələrək barışmaq istədiyini deyib. Anasının təkidi ilə barışıb və Adilin kirayə tutduğu mənzilə köçüb. Keçmiş əri ilə qeyri-rəsmi nikahdan 2017-ci ildə bir övladları dünyaya gəlib. Uşaq olandan sonra aralarında münasibət bir qədər yaxşılaşıb. Amma...

Qadının ifadəsinə görə, Yeni il gecəsini bacısıgildə qarşılayarkən  Adil ona iş yoldaşları ilə birgə şəhərə gəzməyə çıxmağı təklif edib. N.Məmmədova da əri ilə razılaşıb. Evin qarşısında onlara yaxınlaşan avtomobildən iki nəfər – bir qadın və bir kişi düşüb. Adil həmin şəxslərin iş yoldaşları olduğunu deyib: “Yeyib-içdikdən sonra Adil mənə iş yoldaşı ilə birlikdə olmağımı təkid etdi. Məcbur olub razılaşdım. Özü də iş yoldaşının arvadı ilə yaxınlıq etdi”.

Zərərçəkmişin ifadəsinə görə, bu hadisədən sonra ərini dindirməyib. Təxminən bir ay sonra Adil ona yenə də başqa şəxslərlə yaxınlıq etməyi təklif edib. Razılaşmadıqda isə dava-dalaş düşüb. Adil onu döyüb, xəsarət yetirib. Polisə zəng vurmaq istədikdə çəkdiyi siqareti onun qoluna, ayağına vuraraq yandırıb. Anasının telefonundan DİN-nin 102 xidmətinə zəng vuran N.Məmmədova baş vermiş hadisə barədə onları məlumatlandırıb. Bir qədər sonra Binəqədi rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin əməkdaşları gələrək onları polis bölməsinə aparıblar. A.Həsənovun barəsində Cinayət Məcəlləsinin iki maddəsi ilə cinayət işi başlanıb: “Həm məni döydüyünə, həm də əxlaqsız hərəkətlərə məcbur etdiyinə görə cinayət işi başlandı. Amma sonradan cinayət işi məlum olmayan səbəblərdən yalnız döyüb xəsarət yetirdiyinə görə Binəqədi rayon məhkəməsinə göndərildi. O vaxtdan da uşağımı götürüb anamın evinə köçdüm. Adil də öz valideynlərinin yanına – Qubaya köçdü”.

N.Məmmədova ifadəsində deyib ki, məhkəmədən sonra Adil dəfələrlə Bakıya gələrək qızı ilə görüşmək istəyib, uşağı gəzdirmək üçün ona verməsini xahiş edib. O, isə razılaşmayıb:” Axırıncı dəfə uşağı qaytaranda çiyni əzilmişdi. Ona görə də vermək istəmirdim. Hadisə baş verən gün ev telefonuna zəng vurdu, uşağı aparmaq istədiyini dedi. Dedim ki, sənə uşaq verməyəcəyəm, bura gəlmə. Fikirləşdim, yəqin Qubadadır. Təzəcə dəstəyi yerinə qoymuşdum ki, birdən Adilin həyətə girdiyini gördüm. Anam da həyətdə idi. Ona dedi ki, sabah Qubaya gedəcəyik, uşağı orada görərsən, indisə çıx get. Adil sağ əlini arxada gizləmişdi. Onun əlində nə olduğunu görmədim. Birdən “onda ala” deyib üzümə nəsə tökdü. Hiss etdim ki, hər iki gözüm yanmağa başlayır. Ağrıdan yerə yıxıldım. Adil qaçıb getdi. Anam məni hamama apardı, üz-gözümə su vurdu. Amma gözlərimin yanığı sakitləşmədi.Təcili yardım çağırdı, əvvəl Kliniki Tibbi Mərkəzə, oradan isə Göz Xəstəxanasına apardılar. Sonradan bildim ki, Adil uşağı vermədiyyimə görə üzümə xlor turşusu töküb”.

Zərərçəkmiş görmə qabiliyyətinin yoxlanılması ilə bağlı ekspertiza təyin edilib. Bu səbəbdən də məhkəmə prosesi qeyri müəyyən vaxtadək təxirə salınıb.

İnarə Rafiqqızı

Virtualaz.org

Xəbərlər