3560
Aktual 19 fevral — 11:00

Vəliəhdin istədiyi olmasa neft 40 dollara düşə bilər

Mart ayında Azərbaycan da daxil olmaqla  neft hasil edən ölkələrin OPEC+ formatında növbəti görüşü keçiriləcək və koronovirus epidemiyası ilə bağlı situasiyaya görə hasilatın azaldılması razılaşmasının uzadılması müzakirə olunacaq. Virtualaz.org xəbər verir ki, bu görüş ərəfəsində OPEC+ ölkələri arasında vahid mövqe yoxdur. Səudiyyə Ərəbistanı neftin qiymətinin 60 dollar və daha yuxarı həddə saxlanılması üçün hasilatın azaldılmasına dair kvotanın daha 600 min barrel (sutkada) artırılmasını istəyir. Amma Rusiya buna qarşıdır. Ekspertlər proqnozlaşdırır ki, bu fikir ayrılığına görə kartel dağılsa neftin qiyməti 40 dollara qədər düşə bilər.

Xatırladaq ki, OPEC+ sövdələşməsi 2017-ci ildə əldə edilib və bu sövdələşmənin sayəsində dünya bazarında neftin qiymətini sabitləşdirmək mümkün olub. Hasilatın azaldılmasına dair razılaşmanın müddəti 2020-ci il martın 31-də bitir və bu ərəfədə dünya bazarında neft bolluğu yaşanır. Əsas səbəblərdən biri də Çində tüğyan edən koronovirus epidemiyasına görə tələbatın azalmasıdır.

Koronavirus epidemiyasına görə OPEC+ texniki komitəsi fevralın əvvəllərində hasilatı daha 600 min barrel azaltmaq barədə tövsiyə hazırlayıb və mövcud razılaşmanı 2020-ci ilin iyun ayına qədər uzatmağı tövsiyə edib. Azərbaycan OPEC+ razılaşmasının uzadılmasının tərəfdarıdır və prezident İlham Əliyev bu günlərdə Münhen təhlükəsizlik konfransı çərçivəsində keçirilən müzakirələrdə həmin anlaşmanın əhəmiyyətindən danışıb. Bildirib ki, onu əldən buraxmaq olmaz.

Gözlənilir ki, Çində tələbat koronavirusa görə 10 faiz aşağı düşəcək və üstəlik əmtəə neftinin ehtiyatlarının artması ilə bağlı bazarda təklif tələbi üstələyəcək. Beynəlxalq Enerji Agentliyinin proqnozlarına görə neftə qlobal tələbatın sutkada 435 min barrel aşağı düşməsi gözlənilir.

Lakin Rusiya hasilatın nəinki daha da azaldılmasına, eləcə də mövcud razılaşmanın uzadılmasına qarşıdır. Rusiyanın maliyyə və investisiyalar üzrə idarəetmə Akademiyasından Arseni Dadaşov hesab edir ki, OPEC+ razılaşması Rusiyanın dünya neft bazarında payının azalmasına səbəb olub. Hazırda Rusiyanın qlobal bazarda payı 12 faizdir, bu da 4 faizdən çox azalma deməkdir. Onun fikrincə, Səudiyyə Ərəbistanından fərqli olaraq Rusiya neftin qiymətinin 60 dollardan aşağı olması şəraitində özünü rahat hiss edir, ona görə də OPEC+ razılaşmasından imtina edib bazarda itirilən mövqeləri geri qaytarmaq olar.

Xatırladaq ki, OPEC+ razılaşmasının əldə edilməsində Rusiya prezidenti Vladimir Putinlə Səudiyyə Ərəbistanının vəliəhd şahazadəsi Məhəmməd bin Salman arasında danışıqlar əsas rol oynamışdı. İndi isə onların mövqeləri haçalanır...

Virtualaz.org

Xəbərlər