1442
Aktual 19 fevral — 10:27

"Azəriqaz" sağmal inək deyil

Bu yaxınlarda virtualaz.org saytında yayımlanan “Məhkəmələr biznesmenləri qaz pulu ödəməkdən xilas edirlər?” adlı məqalə qızğın müzakirələrə səbəb olub. Bəziləri hələ də elə hesab edirlər ki, borcunu verməyən pisniyyətli sahibkarların qazını kəsmək vəziyyətdən çıxış yolu deyil. Yeri gəlmişkən, məqalədə qeyd olunduğu kimi, məhkəmələr də bu mövqeni müdafiə edirlər. Lakin “Azəriqaz” İstehsalat Birliyində (İB) tamamilə fərqli bir yanaşmada israr edirlər. İB-nin Hüquq departamentinin rəhbəri Vüqar Eyvazov oxucuların diqqətinə məhz bu mövqeni çatdırır.

Məlum olduğu kimi, “Qaz təchizatı haqqında” Qanunun 13.6-cı maddəsi, abunəçinin qazpaylayıcı tərəfindən müvafiq hesab təqdim edildikdən bir ay sonra istehlak etdiyi qazın pulunu tam ödəmədiyi təqdirdə ona qaz verilməsinin dayandırılması üçün əsaslardan biridir. Buna baxmayaraq, bu maddənin müddəalarının semantik məhdudlaşdırılması və ya yarımçıq şəkildə şərh edilməsi mövzusu "Azəriqaz" üçün çox aktualdır. Çünki məhkəmələr hələ də qaz üçün borcun abunəçi tərəfindən mübahisələndirilməsi halında qaz verilməsinin kəsilməsinə yönəldilmiş istənilən hərəkətlərin edilməsini qadağan edən qətnamələr qəbul etməkdə davam edirlər. Geniş yayılmış çox zərərli belə məhkəmə təcrübəsi, əfsus ki, sahibkarı, hətta onun ticarət hədəflərinin reallaşdırması çərçivəsində yaranmış cari borc üçün ödənişdən azad edir. Belə çıxır ki, məhkəmələr sahibkarların "Azəriqaz" ın hesabına qazanmalarını və bu qurumun nələr yaşadığını düşünməmələrini olduqca normal hesab edirlər.

Görünür, mübahisəli borcun miqdarı ilə məhdudlaşmayan, "Azəriqaz" dövlət müəssisəsinin rentabelliyini itirməsi, ciddi maliyyə problemləri ilə üzləşməsi, sahibkarlarla müqayisədə əvvəlcədən qeyri-bərabər və ticarət baxımından əlverişsiz vəziyyətə düşməsi ilə nəticələnən bu cür qərarların qəbulu hakimləri heç də narahat etmir.

Halbuki İstehsalat Birliyi qazı pulsuz almır və onun satışına görə hesabat verməlidir. Həmçinin, məhkəmə qərarları əsasında sahibkarlar tərəfindən qaza görə ödənişin bir neçə ay gecikdirilməsinin infrastrukturun dəstəklənməsinə, qazpaylayıcı şəbəkənin texniki təhlükəsizliyinin təmin edilməsinə, davamlı təmir-bərpa işlərinin aparılması ilə bağlı planlaşdırılan tədbirlərin həyata keçirilməsinə mənfi təsir göstərdiyini də qeyd etmək lazımdır. Və nəticədə bütün bunlar özünü müntəzəm olaraq sayğaca görə pul ödəyən abonentlər,hakimlər də daxil olmaqla, vicdanlı abunəçilərin maraqlarında əks etdirir.

Vətəndaş-hüquq münasibətlərində istənilən borcun gecikdirilməsinə görə məhkəmə qaydası ilə dəbbə pulu, yəni cərimə xarakterli sanksiya tətbiqi tələb etmək olar.

Bu tədbir həm satıcının (podratçının) itkisini kompensasiya etmək, həm də alıcının (sifarişçinin) intizamlılığını təmin etmək məqsədi daşıyır. Ancaq təəssüf ki, bu qayda İstehsalat Birliyinə münasibətdə işləmir. Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş qaz alqı-satqısı müqaviləsinin standart forması ("Qazdan istifadə qaydaları") da bu cür vəziyyəti nəzərdə tutmur. Görünür, abunəçi-sahibkarlar tərəfindən qaz üçün ödənişdən uzunmüddətli boyun qaçırma kimi kütləvi xarakter alan məqamı və "Qaz təchizatı haqqında" Qanunun 13.6-cı maddəsinin tətbiqini məhdudlaşdıran məhkəmə təcrübəsinin formalaşacağını əvvəlcədən görə bilməyiblər.

Yəqin ki, qanunvericilikdə oxşar normanı təmin etmək üçün vaxtında ödəmələrdə nizam-intizamın gücləndirilməsi məqsədəuyğun olardı və bu da gələcəkdə bu sektorun investisiya cəlbediciliyinə müsbət təsir göstərərdi.

Bununla belə, hətta iddiasının uzun sınaqdan sonra tam təmin olunmasına baxmayaraq, bu cür nəticə, “Azəriqaz” üçün təsəlliverici deyil. Çünki bu müddət ərzində onun debitor borcları artır. “Sahibkarların” fəaliyyəti isə, sonradan göründüyü kimi, maddi və maliyyə aktivləri ilə təmin olunmur, hansı ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarlarını, hətta “Azəriqaz” ın xeyrinə olsa belə, onlara yönəltmək mümkün olardı.

Əvvəlki yazıda iş adamı İlkin Şükürovun nümunəsində məhkəmə qərarlarının xərcləri barədə danışmışdıq. Digər bir tipik hal istehlakçı Şahin Ələsgərovla əlaqədardır (abonent kodu: 10032400300065). O, torpağını Elnur Rəsulov adlı sahibkara istixana üçün icarəyə verib. Ş. Ələsgrovun özü, deyəsən, mütəmadi olaraq kirayə pulu alıb.

Abunəçinin sayğacı isə göstərir ki, 2018-ci il üçün 11 min manat borcu var. Keçən il 32.000 manatdan çox borcu olduğu halda, yalnız bir dəfə-950 manat məbləğində pul ödəyib. Keçən ayın nəticələrinə görə isə onun borcu 8 min manatı keçib. Bununla belə, məhkəmə iddiaçı E. Rəsulovun dəlillərini daha inandırıcı hesab edib. Və ... 2 (011) -1532/2020 nömrəli "qənaət qərarı" qəbul edərək qaz təchizatının kəsilməsinə qoyulan qadağa tələbini təmin edib. Təəssüf ki, Apellyasiya Məhkəməsi də bu qərarı qüvvədə saxlayıb.

Əlbəttə, belə "sahibkarların" siyahısını, hansılar ki, hesablar üzrə ödəniş etmək barədə inadlı çağırışın qarşılığında bəzən bizi məhkəmə qərarları ilə hədələyirlər, genişləndirmək olar. Bəzi mərhələlərdə ictimai qınaq metoduna müraciət etmək də lazım ola bilər.

Lakin bu gün biz məhkəmə ictimaiyyətinin nəzərinə çatdırmaq istəyirik ki, "sahibkarlar" (İ.Şükürov, Ş.Ələsgərov, E.Rəsulov və başqaları) tərəfindən yol verilən sui-istifadə halları bunlarla bitmir və "Azəriqaz" İstehsalat Birliyi dövlət müəssisəsinin fəaliyyətinə mənfi təsir göstərir.

Təkcə ötən son bir ay ərzində Bakı və Abşeron rayonunda qeyri-dövlət (kommersiya) kateqoriyalı abunəçilər istehlak edilən qazın dəyərinin 50% -dən azını ödəyiblər və borcları bir milyon manatdan çox olub.

Təəssüf ki, bu göstəricilər üzrə bu ayda da artım meyli müşahidə olunur. Bu hal bizi məhkəmələrdən, yuxarıda göstərilən təminedici ölçülərin ümumi qəbulu təcrübəsini təkrar gözdən keçirməyi xahiş etməyə məcbur edir. Bu cür qərarlar verərkən isə qərarınızı mübahisəli borcun miqdarı ilə məhdudlaşdırın. Düşünürük ki, abunəçilərin qazdan sui-istifadə, uzun müddət pulsuz istifadə etməsi hallarını aradan qaldırmağın vaxtı çatıb.

Bu, "Azəriqaz" ın debitor borclarının əsassız artmasına səbəb olur və nəticədə əhaliyə qaz təchizatı sahəsində kommunal xidmətlər göstərən bu dövlət müəssisəsinin işini iflic edə bilər.

Bu, cəmiyyətə lazımdırmı? Qoy cavabı məhkəmələr versinlər...

Məmməd Əfəndiyev

Virtualaz.org

Xəbərlər