1839
Aktual 16 fevral — 19:47

Münhendə Paşinyan-Əliyev debatı və "Pompeyin son günləri"...

Müəllif: Eynulla Fətullayev

İlham Əliyevlə Nikol Paşinyan arasında ənənəvi Münhen təhlükəsizlik konfransı çərçivəsində baş tutmuş publik diskussiya  Ermənistan baş nazirinin açıq-aşkar yalana söykənən, cəfəng mövqeyini və psevdotarixi ritorikasını dünya ictimayyətinə nümayiş etdirmək üçün uğurlu imkan oldu. Paşinyan da Qarabağ klanından olan sələfləri kimi ancaq bir məqsəd güdür-Qarabağ münaqişəsinin nizamlanmasını mümkün qədər uzatmaq.

İlham Əliyev debat iştirakçılarını məlumatlandırdı ki, Paşinyanın iki sələfi ilə danışıqlar aparıb və onlar Azərbaycan tərəfinin qəbul etdiyi, Minsk Qrupu həmsədrlərinin qismində dünya ictimaiyyətinin irəli sürdüyü təkliflərə əsaslana razılaşmaları pozublar. Ermənistanın eks-prezidentləri və indiki baş naziri beynəlxalq hüququn imperativlərini inkar edirlər. Hərçənd Ermənistan Helsinki prinsiplərinin ziddiyətli məqamları ilə spekulyasiya edib, amma prezidentlərdən birinin dövründə münaqişənin mərhələli həll variantına razılaşmışdı. Digər prezidenti isə bu formatın dəyişməzliyini təsdiqləyən Madrid prinsiplərini qəbul etməyə hazır idi. Bəs sonra nə baş verdi? Ermənistan qə bul etməyə razılaşdığı mərhələli plandan da imtina etdi, Madrid prinsiplərindən də. Nəticə isə ortadadır-münaqişənin həlli dalana dirənib.

Azərbaycan heç vaxt, heç bir şərtlər altında münaqişənin paket həllinə razı olmayacaq. İlham Əliyev özünə xas manerada-qətiyyətlə və prinsipial şəkildə Azərbaycanın aydın, yekun mövqeyini ifadə etdi: Dağlıq  Qarabağ ətrafındakı ərazilərin işğaldan azad edilməsi, sonra Ermənistanla münasibətlərin tam normallaşması və nəhayət Dağlıq Qarabağın yekun statusunun müəyyən edilməsi. Üstəlik Dağlıq Qarabağın yekun statusu ancaq Azərbaycanın ərazi bütövlüyü çərçivəsində müəyyən edilə bilər. İlham Əliyev bütün Azərbaycan cəmiyyətinin konsolidə edilmiş bu mövqeyini ifadə edərkən özünü kifayət qədər sərbəst və əmin hiss edir. Üstəlik 2000-ci illərin əvvəllərinə qədər Ermənistan həmsədrlərin hazırladığı “yol xəritəsini” qəbul etməyə hazır idi. Yəni Paşinyanın mənəvi lideri Levon Ter-Petrosyan ərazilərin işğaldan azad edilməsini, barışığı və qarşılıqlı münasibətlərin normallaşmasını, Dağlıq Qarabağın yekun statusunun müəyyən edilməsinin sonraya saxlanılmasını nəzərdə tutan mərhələli planı qəbul etmişdi. 

Axı Paşinyanın mənəvi lideri erməni qoşunlarının Kəlbəcərdən, hətta Laçından çıxarılmalı olduğunu dərk edirdi...

Ter-Petrosyanın yanaşmaları Azərbaycanın mövqeyi ilə ancaq nəzərdə tutulan sülh planını həyata keçirilməsi üçün müəyyən edilən zaman kəsiklərində üst-üstə düşmürdü. Ancaq hələ 90-cı illərin sonlarında Ermənistan qoşunlarının Kəlbəcərdən və hətta Laçından (dəhliz istisna olmaqla) çıxarılmalı olduğunu şübhə altına almırdı. İndi isə Paşinyan həmin konfransda işarə edir ki, Ermənistan heç Ağdamı da qaytarmaq niyyətində deyil.

Paşinyan özünün Qarabağ nizamlanmasındakı inqilabi addımları barədə xarici publikaya bəhs edərkən dəridən qabıqdan çıxır. İnqilabdan ortaya çıxan nədir? Heç demə gələcək sülhün təkcə ermənilərin deyil, həm də azərbaycanlıların maraqlarına uyğun olmasının zərurliyi haqda tapdanmış növbətçi fraza. Amma necə? Bu sülh azərbaycanlıların marağına necə cavab verəcək ki, Paşinyan heç Dağlıq Qarabağ ətrafındakı ərazilərin işğaldan azad edilməsini də nəzərdən keçirmək istəmir?

İlham Əliyevin formulu-ərazilərin işğaldan azad ediıməsi, münasibətlərin normallaşması və daha sonra status,-Madrid prinsiplərinin ruhuna tam uyğundur və üstəlik Ermənistanın vaxtilə razılaşdığı mərhələli həll planına da uyğun gəlir. Bəs Paşinyan bizə nə təklif edir? Onun modeli 20 ildən çox davam edən danışıqlar prosesinin bütün nəticələrini şübhə altına alır, bizi “paket həll” planına isiqamətləndirir. Paşinyan əvvəlcə normallaşma, daha sonra Dağlıq Qarabağın statusu və yalnız bundan sonra ərazilərin işğaldan azad edilməsinin nəzərdən keçirilməsinin mümkünlüyünü (!) təklif etməklə hər şeyi tərsinə görür. Üstəlik hətta bu konfransın özündə Paşinyan bildirdi ki, Dağlıq Qarabağın gələcək taleyini Azərbaycanla birgə görmür və rəsmi Bakıya qondarma “dqr hökuməti” ilə birbaşa danışıqlar ideyasını sırımağa çalışır. Azərbaycan Dağlıq Qarabağda erməni muxtariyyətinin mövcudluğunun zərurətini dərk edir və bu modelə razıdır. Məhz buna görə də İ.Əliyev öz nitqində Azərbaycan dövlətinin multikultural əsasları barədə konsepsiyadan danışdı. Amma münaqişənin yaxın tarixinə nəzər salan Azərbaycan prezidenti Qarabağda etnik təmizləmənin bütün öldürücü nəticələrini də göstərdi: bir icma bütöv regionun taleyini necə həll edə bilər ki, digər icma bu regiondan tamamilə qovulub çıxarılıb?

Əliyevlə Paşinyan arasında ümumi təmas nöqtələri çox azdır, axı Azərbaycan münaqişənin beynəlxalq hüququn normaları əsasında nizamlanmasına çağırır, Ermənistan isə siyasi boşboğazlığa əl atır, qısamüddətli aprel müharibəsi ilə alt-üst olan mifik hərbi üstünlüyə əsaslanır. Sonrası isə dalandır.

Özünə inamı olmayan Paşinyan sınıq-salxaq ingiliscəsi ilə tez-tez yalan danışırdı, çaşırdı, fikirləri dolaşırdı, yeni arqumentlər və zalın dəstəyini axtarırdı. Və o qədər şişirtdi ki, keçmiş Şaumyan rayonunu (Ağcakənd)  sovet dövrü Dağlıq Qarabağ Muxtar Vilayətinin inzibati ərazisi adlandırdı. Bundan sonra erməni baş nazir səhvini etiraf edib üzr istədi. Nəyə görəsə Tiqran dövlətini və onun Roma sərkərdəki Pompeylə danışıqlarını xatırladı.

Böyük Pompey-Paşinyan Roma trimvariatını da yada saldı

Və burada da çaşdı, Roma konsulunun vəzifəsini ingiliscə yada sala bilmədi. Paşinyan səfeh görkəmə düşdü, nə erudisiyası, nə maneraları, nə intellekti ilə özünü göstərə bilmədi...Paşinyan xüsusən yüksək təhsil görmüş, erudisiyalı İham Əliyevin-böyük xarici siyasət təcrübəsi olan dünya miqyaslı siyasətçinin fonunda uduzdu.

Ermənistan baş nazirini köməkçiləri də pis vəziyyətdə qoydular. Öz sələflərinin və başlıca siyasi düşmənlərinin Xocalıdakı cinayətlərinə də haqq qazandırmağa çalışdılar. Paşinyan nəyə görəsə Azərbaycanın eks-prezidenti Ayaz Mütəllibovun keçmişdəki müsahibəsini yada saldı. Və yenə yanıldı. Birincisi, Mütəllibovun 1992-ci il çevrilişindən sonra çexiyalı jurnalistə verdiyi qalmaqallı müsahibəsi “Arqumenti i Faktı” qəzetində deyil, “Nezavisimaya qazeta”da dərc edilib.

Mütəllibovun sözlərini çexiyalı jurnalist təhrif etmişdi...

İkincisi, bu müsahibənin dərc edilməsindən dərhal sonra Mütəllibov onun adına yazılan və Xocalıda azərbaycanlıların kütləvi şəkildə qırılmasının guya qiyamçı Azərbaycan müxalifətinin işi olduğu barədə sözləri rəsmən təkzib edib. Bəli, Mütəllibov bu müsahibədə müxalifəti qınayıb, onu milli maraqları dar siyasi maraqlara qurban verməkdə, Qarabağı hakimiyyətə gəlmək maraqları üçün istifadə etməkdə günahlandırıb. Lakin çexiyalı jurnalist eks-prezidentin sözlərinin mənasını təhrif edib. Digər tərəfdən, Paşinyanın Mütəllibova istinad etmək nəyinə gərək idi, bir halda ki, onun siyasi düşməni, eks-prezident Serj Sərkisyan britaniyalı jurnalist Tomas de Vaala müsahibəsində Xocalı qətliamını məqsədyönlü şəkildə törətdiklərini etiraf edib. 

“Xocalıya qədər azərbaycanlılar hesab edirdilər ki, bizimlə zarafat etmək olar, onlar düşünürdülər ki, ermənilər mülki əhaliyə əl qaldırmazlar. Biz bu stereotipi sındıra bildik. Baş verənlər bax bundan ibarətdir...”,-Sərkisyan Vaalın “Qara bağ” kitabında dərc edilmiş müsahibəsində belə deyir.

Paşinyanı tarixə baş vurmağa Azərbaycan prezidentinin Dağlıq Qarabağın tarixi Azərbaycan torpaqları olması barədə arqumentləşmiş atmacası vadar etdi. Axı erməni ideoloji maşını bütün bu illər ərzində Avropada Azərbaycan ərazilərinin işğalına Qarabağ üzərində “tarixi haqları” ilə bəraət qazandırmağa çalışırdı.

Serj Sərkisyan: "Azərbaycanlılar hesab edirdilər ki, ermənilər dinc əhaliyə əl qaldırmaz..."

Bəs sonra necə olacaq? Sonrası isə dalan situasiyasıdır. Paşinyan danışıqlar prosesini pozmaq niyyətini açıq büruzə verir. Elə bu cür də dedi, bildirdi ki, hər dəfə görüşüb öz dayanıqlı mövqeyini təkrar etməkdən yorulub. İlham Əliyev isə öz opponentinin bu arqumentini də darmadağın elədi. Əgər Ermənistan danışıqlar prosesini pozarsa sərt və simmetrik cavab alacaq. Gərgin diskussiyanın başlamasına bir neçə saat qalmış Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində erməni snayperinin açdığı atəşlə bir əsgərimiz şəhid oldu. Laxlayan regional təhlükəsizlik sistemi şəraitində danışıqların sabotaj olunması və münaqişənin dinc yolla nizamlanmasından açıq-aşkar imtina  Azərbaycanın qarşısında hərbi-siyasi status-kvonu dəyişdirmək üçün aydın perspektiv açır. İlham Əliyevin açıq bəhs etdiyi sərt və simmetrik cavab diplomatik dildə hərbi-siyasi alətlərin işə salınmasını nəzərdə tutur. Və Avropa İttifaqı, ABŞ, Rusiya-beynəlxalq hüququn bütün əsas aktyorları , Minsk Qrupunun həmsədrləri hələ 10 il əvvəl təsdiqlədilər ki, Madrid prinsiplərinin alternativi yoxdur. Və bu nailiyyət prezident İlham Əliyevin böyük diplomatik uğurudur. 

İlham Əliyev ərazilərin işğaldan azad edilməsinin və Azərbaycanın ərazi bütövlüyünün toxunulmazlığının möhkəm qarantıdır. Ermənistan isə Paşinyanın qismində israrla danışıqları pozur, danışıqlar predmeti olan Madrid prinsiplərindən yayınır, habelə prosesin özünün konfiqurasiyasını pozur. Bu ağılsız və avantüris siyasətin bütün təhlükəsini Yerevanda dərk edirlər, Ermənistanın ekspert cameəsi haray salır, Qarabağın işğalçı rejiminin başının üstünü alan domokl qılıncını nişan verir.

Yerevanın gülməyə halı yoxdur, axı təkcə Qarabağ prosesinin deyil, bütün ölkənin taleyi pis təhsil görmüş, laqeyd və bivec əyalət adamının, İcevandan olan sərsəm oğlanın, irrasional və uzağı görə bilməyən birisinin əlindədir. Siyasətdə və hakimiyyətdə təsadüfi adamın.

Belə hökumət başçısı ilə Ermənistanı "Pompeyin son günləri" gözləyir

Və bizlər hamımız buna erməni baş nazirin Pompey haqda 40 dəqiqəlik davamsız mühakimələrini izləyərkən şahid olduq, hansı ki, özünün düşüncəsiz siyasəti ilə ölkəsini “Pompeyin son günlərinə” çevirməyə hazırdır...

Xəbərlər