925
Aktual 25 yanvar — 13:53

Suraxanı başçısı redaksiyamıza zəng vurdu

Ötən gün virtualaz.org saytında Suraxanı rayonu, Samir Əliyev küçəsi, 316 saylı məktəbin qarşısında yolun bərbad vəziyyətdə olması, minlərlə şagirdin palçıq gölməçələrini keçərək siniflərə daxil olması ilə bağlı məqalə yayımlanıb. Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov problemə operativ reaksiya verib və redaksiyamıza zəng edərək bildirib ki, 316 saylı məktəbin qarşısındakı yol problemi ilə bağlı məlumatlıdır.

“Mən həmin məktəbdə şəxsən olmuşam, yol problemindən xəbərim var. Ötən il dövlət başçısının tapşırığı ilə Avtomobil Yolları Dövlət Agentliyinə yeni yolların salınması və köhnə yolların əsaslı təmiri üçün 7 milyon 800 min manat vəsait ayrılıb. Hazırda Agentlik rayonumuzda xüsusən də, Şuşadan olan məcburi köçkünlərin məskunlaşdığı qəsəbədə köhnə yolların bərpası, yeni yolların salınması ilə bağlı işlər görür. Bu iş yaxın vaxtlarda sona çatacaq və tezliklə 316 saylı məktəbin qarşısında yeni yol salınacaq”,- Əziz Əzizov bildirib.

Xatırladaq ki, 316 saylı məktəbin qarşısında yolun keçilməz olması ilə bağlı saytımıza övladları həmin məktəndə oxuyan valideynlər müraciət etmişdilər. Onların redaksiyamıza göndərdikləri həmin ərazidə çəkilmiş fotoşəkillərdən də görünürdü ki, məktəbin qarşısında iri palçıq gölməçələri var. İllər əvvəl valideynlərin şəxsi vəsaiti hesabına əraziyə asfalt qırıntıları tökülsə də, yağış suları yuyub aparıb.

Gülnar Əliyeva

Virtualaz.org

Xəbərlər