1309
Aktual 14 yanvar — 11:55

Pompeo İranın “nəfəsini kəsmək” niyyətində qəti olduqlarını açıqladı

Vaşinqton İranın neft ixracını tamamilə bloklamaq üçün maksimum səylər göstərəcək.

Virtualaz.org xəbər verir ki, belə bəyanatla ABŞ dövlət katibi Maykl Pompeo Stenford universitetində çıxış edib.

“Biz İrandan neft ixracını 80 faiz bloklaya bilmişik və qalan 20 faizlə də məşğul olmaq niyyətimiz qətidir”,-Pompeo bildirib.

Lakin o dərhal əlavə edib ki, əslində ABŞ hakimiyyəti İran xalqının yaxşılığını istəyir, eyni zamanda Tehran rəhbərliyinə təzyiqləri də dayandırmayacaq.

ABŞla İran arasında münasibətlər yanvarın əvvəllərindən general Qasım Süleymaninin öldürülməsinə görə daha da kəskinləşib. İran buna cavab olaraq İraqdakı Amerika aviabazasına raket yağdırıb. Lakin Vaşinqton raket zərbələrinə hərbi yolla cavab verməyib və İrana qarşı yeni sanksiyalar tətbiq etməklə kifayətlənib.

ABŞ İrandan neft ixracına 2018-ci ilin payızından etibarən sanksiya tətbiq edib. Birləşmiş Ştatların sanksiyalarının təsiri altına düşməmək üçün İran neftinin müştəriləri olan ölkələr və şirkətlər Tehranla bu sahədə ticarəti dayandırmalı olublar. Hazırda İran öz neftini ancaq qeyri-leqal sxemlərlə, məhdud həcmdə ixrac edə bilir. Nəticədə ölkənin gəlirləri kəskin aşağı düşüb, iqtisadi böhran dərinləşib.

Virtualaz.org

Xəbərlər