2956
Aktual 10 yanvar — 13:27

10 yaşlı Nərminin qətlinin istintaqı barədə son məlumat

Virtualaz.org-un əldə etdiyi xəbərə görə, saxlanılan 46 yaşlı İlkin adlı şəxs Tovuz rayonunun Dondar Quşçu kəndindəndir. Nərmingilin qonşuluğunda yaşayır, mərhumla qohumluq əlaqələri yoxdur, Rusiyada universitet bitirib. Hazırda Tovuz Rayon Prokurorluğunda izahatı alınır.

Saxlanılan şəxsin Nərminin qatili olub-olmadığı haqda konkret fikir bildirilmir. Cinayətin kim tərəfindən törədildiyi istintaq araşdırmasından sonra bəlli olacaq.

Daxili İşlər Nazirliyi Mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov virtualaz.org-a açıqlamasında cinayətin üstünün tez bir zamanda açılacağına, hadisəni törədən şəxsin həbs olunacağına ümid etdiyini bildirib. DİN rəsmisi bununla bağlı ictimaiyyətə məlumat veriləcəyini deyib.

*   *   *12:13

Dondar Quşçu kənd bələdiyyəsindən virtualaz.org-a bildiriblər ki, saxlanılan şəxs qonşudur, Nərminin ailəsini yaxından tanıyır.

Tovuz Rayon Prokurorluğundan isə deyiblər ki, hazırda məsul əməkdaşların hamısı hadisə yerindədirlər, yaxın saatlarda rəsmi açıqlama veriləcək.

*   *   *11:49

Tovuz rayonunda 10 yaşlı Nərmini oğurlayaraq qətlə yetirib meyitini yandıran şəxs saxlanılıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, həmin şəxs Nərminin qohumu olan bir kişidir.

Gün ərzində dövlət qurumlarının məsələ ilə bağlı rəsmi məlumat yayacağı gözlənilir.

Virtualaz.org xatırladır ki, Tovuz rayonunun Dondar Quşçu kəndində anadan olmuş 2010-cu il təvəllüdlü Quliyeva Nərmin Şərif qızı 21 noyabr 2019-cu il tarixdə itkin düşmüşdü. Bu il yanvarın 6-da isə Dondar Quşçu kəndi ərazisində azyaşlının yanmış meyiti aşkarlanıb.

Xəbərlər