3026
Aktual 8 yanvar — 23:03

Ermənistan Baş prokurorluğu Eynulla Fətullayevin 14 il əvvəl götürdüyü müsahibəni araşdıracaq

Ermənistanda hakim “Mənim addımım” blokundan deputat Andranik Köçəryan Baş prokurorluğa müraciət edərək Rusiya xüsusi xidmət orqanlarının keçmiş əməkdaşı, Londonda zəhərlənərək öldürülən Aleksandr Litvinenkonun illər əvvəl jurnalist Eynulla Fətullayevə verdiyi müsahibədəki bəyanatını araşdırmağa çağırıb.

Virtualaz.org xəbər verir ki, bu haqda Politik.am saytı yazır.

Aleksandr Litvinenko Britaniya xüsusi xidmət orqanlarına işləmiş və Londona qaçmış keçmiş KQB polkovnikidir. Haqqin.az və virtualaz.org saytlarının rəhbəri Eynulla Fətullayevin Litvinenko ilə müsahibəsi 2006-cı ildə onun baş redaktoru olduğu “Realnıy Azerbaydjan” qəzetində dərc edilmişdi. Bu müsahibədən bir neçə ay sonra Litvinenko Londonda Rusiya xəfiyyələri tərəfindən sui-qəsd nəticəsində öldürülüb-o, radioaktiv maddə ilə zəhərlənib və bir müddət sonra xəstəxanada keçinib.

Erməni saytı yazır ki, 2019-cu il dekabrın 25-də Ermənistanın baş prokuroru Artak Davtyanın 1999-cu il oktyabrın 27-də Yerevanda parlament binasında törədilmiş terror aktında həyatını itirənlərdən biri, vitse-spiker Yuri  Baxşıyanın dul arvadı Anait Baxşıyanın vəkilinin şikayətini təmin etdiyi məlum olub. Anait Baxşıyan “27 oktyabr işi” üzrə cinayət işnin icraatının dayandırılmasına etiraz edirdi. Baş prokurorun qərarı o deməkdir ki, həmin terror aktının təşkilatçılarının və sponsorlarının müəyyən edilməsi epizodu üzrə dayandırılmış cinayət işi yenidən başlayacaq.

“Bizim məlumatımıza görə, ötən ilin sonlarında məlum olmuş bu informasiya deputat Andranik Köçəryanı xüsusi fəallaşdırıb. Hakim blokdan deputat bu işdən siyasi dividendlər əldə etmək və nüfuzunu gücləndirmək niyyətindədir. Bu dəfə onun məqsədi ölkənin xarici siyasət gündəmində rol almaqdır. Məhz bu məqsədlə Köçəryan Baş prokurorluğa Litvinenkonun illər əvvəl verdiyi bəyanatı araşdırmağı təklif edib”,-erməni nəşri belə yazır.

A.Litvinenko E.Fətullayevlə söhbətində Ermənistan parlamentindəki hadisələr haqda sensasion bəyanatlar vermişdi. O bildirmişdi ki, 1999-cu il oktyabrın 27-də Ermənistan Milli Məclisindəki terror aktını Rusiya xüsusi xidmət orqanları, konkret olaraq QRU təşkil edib.

“Bu xüsusi əməliyyat Rusiyanın siyasi rəhbərliyinə Qarabağ nizamlanmasına dair razılaşmanın imzalanmasının qarşısını almağa imkan verdi. Əgər səhv etmirəmsə, prezidentlər Heydər Əliyevlə Robert Köçəryan arasında ATƏT-in İstanbulda keçirilən sammitində memorandumun imzalanması planlaşdırılmışdı. Sülh prosesi Rusiya Federasiyasının nəzarətindən kənarda inkişaf edirdi, bu da Rusiya xüsusi xidmət orqanlarının Ermənistan parlamentində xüsusi əməliyyat keçirməsinə gətirib çıxardı. Bakı metropolitenindəki partlayış, Ermənistan parlamentindəki qırğın Rusiya xüsusi xidmət orqanlarının eyni diversiya zəncirinin həlqələridir”,-Litvinenko 14 il əvvəl belə demişdi.

Sayt qeyd edir ki, Köçəryan əvvəllər də Litvinenkonun hipotezləri haqda danışıb. Müsahibələrində deyib ki, Ermənistan xüsusi xidmət orqanları bu iddiaları araşdırmalıdır və müvafiq Britaniya strukturları ilə əlaqələr qurmalıdır. Çünki 27 oktyabr işinin üstünün hələ də açılmaması ölkəni bataqlıq vəziyyətində saxlayır.

Xatırladaq ki, həmin hadisələr zamanı Ermənistanın siyasi və hərbi rəhbərliyinə daxil olan şəxslər, o cümlədən spiker Karen Dəmirçiyan, müdafiə naziri Vazgen Sərkisyan və digərləri öldürülüblər. Terror aktı ABŞ dövlət katibinin köməkçisi Stroub Telbotun ATƏT sammiti ərəfəsində Qarabağ nizamlanmasına dair Bakıda və Yerevanda apardığı danışıqların başa çatmasından, amerikalı diplomatın təyyarəsinin Yerevandan havaya qalxmasından cəmi bir neçə saat sonra törədilmişdi...

Virtualaz.org

Xəbərlər