2015
Aktual 8 dekabr — 12:16

“Cənab general, dostumuzun bir məsələsi var, onu həll etmək lazımdır”

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham olunan 61 yaşlı Əlixan Abdiyevin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. Ən müxtəlif, ən ağlasığmaz sxemlərin tətbiq olunduğu dələduzluq əməllərinin baş alıb getdiyi bir vaxtda bu Əlixanın sxemi sadə olub. Onun toruna düşənlər isə müxtəlif dövlət orqanlarında işə düzəlib yaxşı maaş, yaxud “paket” almaq ümidi ilə yaşayanlar idi.

Virtualaz.org-un xəbərinə görə, Əlixan Abdiyev vətəndaşları aldadaraq özünü Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşı kimi təqdim edib. Prokurorluq orqanlarına, Ekspertiza Mərkəzinə, Təhsil Nazirliyinə işə düzəldəcəyini deyərək onların pullarını dələduzluq yoluyla ələ keçirib. Inandırıcı görünsün deyə toruna salmaq istədiyi şəxslərin yanındaca kiməsə zəng vurub, “cənab general, dostumuzun bir işini həll etməyə kömək lazımdır” deməklə onların etimadlarını qazanıb. Bu qurama telefon danışığı  isə insanları aldatmağa kifayət edib.

Məhkəmə prosesində şahidlər dindirilib. Öncə şahid qismində Nizami Hacıyev ifadə verib. O, ifadəsində təqsirləndirilən Əlixan Abdiyevi Gürcüstanda yaşayan dostlarının vasitəsilə tanıdığını deyib. Zərərçəkmiş Mobil Həsənzadəni isə qohumu Aqilə görə tanıdığını bildirib: “Bir dəfə “Ay işığında” Mobillə çay içirdik.  Bir kişi ilə bir qadın gəldi. Mobillə nəsə öz söhbətləri vardı, mən onların söhbətinə qarışmadım”.

Şahid istintaqa verdiyi ifadəsini təsdiq edib. Amma məhkəmə zamanı məlum olub ki, şahidin istintaqdakı ifadəsi ilə məhkəmədəki ifadəsi arasında ziddiyyətlər var. Şahid istintaqa verdiyi ifadəsində qohumu Aqilin Mobil Həsənzadənin yanında sürücü işlədiyini, 2 ilə yaxın maaş ala bilmədiyini göstərib: “Neçə dəfə Aqilə mən pul vermişəm. Görüşüb bu məsələyə aydınlıq gətirmək istəyirdik. Qəşəmin ofisində görüşdük. Aqil dedi ki, Qəşəm Mobilə pul verəcək. Bir yerdə getdik, Aqilə çatacaq pulu aldıq”.

Hakim şahiddən M.Həsənzadədən pul almaq üçün Aqilin niyə məhkəməyə deyil, məhz ona müraciət etdiyini soruşub. Şahid sualları cavablandırarkən özünü vəzifəli şəxs kimi təqdim etmədiyini deyib.

İlkin izahatında şahid Ə.Abdiyevin özünü vəzifəli şəxs kimi təqdim etdiyini, ona “general” deyə müraciət olunduğunu göstərib. Şahid həmin izahatı imzalayarkən şəkərinin yüksək olduğunu və özündə olmadığını deyib.

Daha sonra prosesdə şahid qismində Ramilə Məmmədova dindirilib. O, ifadəsində Mobil Həsənzadə ilə ailəvi tanışlıqları, gediş-gəlişləri olduğunu, qızına dərs dediyini göstərib. Şahid deyib ki, oğlu dövlət qulluğuna imtahandan keçib, onu prokurorluq orqanlarında işə düzəltmək üçün Mobil Həsənzadəyə müraciət ediblər: “Bu barədə Mobilin həyat yoldaşına danışmışdım. Mobil dedi ki, mənim çox hörmətli adamlarla əlaqəm var, qaçqınsan, xahiş edərək oğlunu Bakıda saxlatdırarıq. Bunun üçün üç min pul verdik. Sentyabr ayı idi. İki gün sonra oğluma təyinat verəcəkdilər, amma Mobil dedi ki, iş düzəlmir, təcili 10 min manat da lazımdır”.

Şahid ifadəsində deyib ki, Mobil Həsənzadə onlara yaxşılıq etmək istəyib, amma onun özünü də aldadıblar, iş alınmayanda isə pulun bir hissəni geri alıblar: “Dedi, məni aldadıblar. İki min manat qaytardı. Yerdə qalan pulu da verəcəyini dedi. Nə qədər israr etsəm də, həyat yoldaşım məhkəməyə verdi. Pulu tələb edəndə “Ay işığında” bir kişi vardı. Dedi Nizami müəllimdir, hörmətli adamdır. Mobil dedi ki, sizi elə adamın yanına aparıram ki, işiniz onun vasitəsilə düzələcək. Dedim məni ona-buna calama, pulu qaytar. Dedi, sən mənim bacımsan, pulun qaytarılacaq. Hələ pulun 11 min manatı qalıb. Pulları dollarla götürmüşdük”.

Şahid ifadəsinin davamında deyib ki, prokurorluq orqanlarına işə düzəltmək istədiyi oğlu bu məsələləri eşidəndə valideynlərinə əsəbləşib, onları belə bir işə əl atdıqlarına görə qınayıb. Onu da bildirək ki, Məmmədovların oğlu özü testdən uğurla keçib.

Məhkəmə prosesi dekabrın 10-da davam edəcək.

Qeyd edək ki, cinayət işi üzrə zərərçəkmiş şəxslərdən biri - ixtisasca hüquqşünas olan Mobil Həsənzadədir. Əvvəllər dələduzluğa görə məhkum edilən M.Həsənzadə həm də təqsirləndirilən şəxslə zərərçəkmişlərin bir qismi arasında vasitəçilik edib. B.Məmmədovun oğlunu prokurorluq orqanlarına, qohumlarını isə Təhsil Nazirliyinə və Ekspertiza Mərkəzinə işə düzəldilməsi üçün Ə.Abdiyevə pul verib. Lakin aldadıldığını bildikdən sonra öz torpaq sahəsini sataraq onların pullarının bir hissəsini qaytarıb.

Hətta özünə görə də 20 min manat verdiyini deyib. Zərərçəkmişin dediyinə görə, Ə.Abdiyev guya onu icra başçısı müavini təyin etdirəcəkmiş. Amma konkret hansı rayona “təyin olunacağı”nı deməyib.

M.Həsənzadə özü də əvvəllər dələduzluğa görə məhkum edilib, şərti cəza alıb.

Təqsirləndirilən Ə.Abdiyev ona elan olunan ittihamlarla özünü qismən təqsirli bilib. Həmin ərəfədə müalicəsi və problemləri ilə bağlı pul lazım olduğunu, iki ay sonra aldıqlarını qaytardığını deyib. Özünü Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşı kimi təqdim etmədiyini, icra başçısı müavini ilə bağlı deyilənlərin yalan olduğunu söyləyib. Amma Təhsil Nazirliyinə, prokurorluğa işə düzəltmək barədə deyilənləri inkar etməyib.

İnarə Rafiqqızı

Virtualaz.org

Xəbərlər