521
Aktual 5 dekabr — 15:20

“Relax”da vergi işçilərinə hücum

Lerikdə deputat İqbal Məmmədova məxsus olduğu bildirilən “Relax” ticarət mərkəzində Vergilər və Daxili İşlər nazirlikləri əməkdaşlarının döyülməsinə görə həbs olunanların - deputat İqbal Məmmədovun oğlu Mirhəmid Nərimanlının, qardaşı oğlu Orxan Nərimanlının, bacısı oğlu Pərviz Əsgərovun, Famil İmanovun, Rahim Şahverdiyevin və Amir Abbasovun barəsində seçilmiş həbs qətimkan tədbirinin vaxtı uzadılıb.

Virtualaz.org-un xəbərinə görə, prokurorluğun bu barədə verdiyi təqdimata ötən gün Nəsimi Rayon Məhkəməsində hakim Şəlalə Həsənovanın sədrliyi ilə baxılıb və təqdimat təmin olunub. Məhkəmənin qərarına əsasən, təqsirləndirilən şəxslərin barəsində seçilmiş həbs qətimkan tədbiri 3 ay müddətinə - 2020-ci il martın 15-ə qədər uzadılıb.

Xatırladaq ki, avqustun 16-da Lerik rayonunda yerləşən "Relax" istirahət mərkəzində nəzarət tədbirlərini həyata keçirmək üçün təsərrüfat subyektinə gələn Vergilər Nazirliyinin əməkdaşları burada müqavimətlə üzləşiblər, onların qanuni fəaliyyətlərini həyata keçirmələrinə maneələr törədilib. Aparılmış izahat və məlumatlandırma tədbirlərinə, yoxlamanın keçirilməsi barədə müvafiq qərarların təqdim edilməsinə baxmayaraq, vergi əməkdaşlarının əraziyə daxil olmalarına imkan verilməyib. Hadisə yerinə gəlmiş Lerik Rayon Polis Şöbəsi əməkdaşlarının, eləcə də Lerik Rayon İcra Hakimiyyəti nümayəndələrinin də məsələyə müdaxiləsi nəticə verməyib, istirahət mərkəzinin vəzifəli şəxsləri kimi özünü təqdim etmiş şəxslər vergi əməkdaşları və polis işçilərinə hücum təşkil edərək onlara müxtəlif xəsarətlər yetirib, bundan başqa Vergilər Nazirliyinin xidməti istifadəsində və nazirlik əməkdaşlarının şəxsi istifadələrində olan avtomaşınlara daş parçaları ilə zədələr yetiriblər.

Həmin faktla bağlı cinayət işi başlanıb.

İş üzrə istirahət mərkəzinin təşkilati-sərəncamverici və inzibati funksiyaları yerinə yetirən vəzifəli şəxsləri - Nərimanlı Mirhəmid İqbal oğlu, Nərimanlı Orxan Çingiz oğlu, Əsgərov Pərviz Əvəzoviç, İmanov Famil Kamran oğlu, Şahverdiyev Rahim Bəhlul oğlu və Abbasov Amir Nağızadə oğlu Cinayət Məcəlləsinin 309.2 (vəzifə səlahiyyətlərini ağır nəticələrə səbəb olmaqla aşma) və 315.2-ci (hakimiyyət nümayəndələrinə həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Virtualaz.org

Xəbərlər