934
Aktual 22 noyabr — 14:46

Alman polisindən daha bir xüsusi əməliyyat

Alman polisi Şimali Reyn-Vestfaliyada Almaniyadan Türkiyəyə və əksinə qeyri-qanuni pul köçürmələri ilə məşğul olan geniş cinayətkar şəbəkənin ifşa olunması ilə nəticələnən genişmiqyaslı xüsusi əməliyyat keçirib. Cinayətkar dəstəyə 200 milyon avro dəyərində qanunsuz pul əməliyyatlarında ittiham olunan 27 nəfər daxildir.

Alman mediası bildirir ki, genişmiqyaslı xüsusi əməliyyata 800-ə yaxın polis əməkdaşı cəlb edilib. Polis, beş federal əyalətdə, habelə Hollandiyada 60 fərdi mənzil və zərgərlik mağazalarında “oblava” aparıb.

Maraqlıdır ki, bir neçə gün əvvəl haqqin.az portalı Azərbaycanda oxşar cinayətkar qrupun ifşa olunması barədə yazmışdı. Bu qrup Türkiyəyə pul köçürmələri ilə məşğul idi və iki il ərzində ümumilikdə 162 milyon manatdan çox pul köçürmüşdü.

Baş Prokurorluğun hesabatında deyilirdi ki, dövlət qeydiyyatı olmadan, yəni vergi uçotu və lisenziyasız fəaliyyət göstərən bu şəbəkə, müəyyən bir haqq üçün fiziki şəxslərdən qanunsuz olaraq pul vəsaitlərinin alınması və birincilərin göstərişi ilə üçüncü şəxslərə ötürülməsi üzrə xidmətlər göstərib. Şəbəkənin əsas fəaliyyəti Azərbaycanla Türkiyə arasında pul köçürmələri olub.

Almaniyadakı xüsusi əməliyyata gəlincə, nağd pul və qızıl külçələrin əksəriyyəti Duisburqun mərkəzindəki bir zərgərlik mağazasında tapılıb. Orada pul və zərgərlik məmulatları o qədər çox olub ki, polis onları dərhal çıxara bilməyib.

Şimali Reyn və Vestfaliyanın Ədliyyə naziri Peter Biesenbaç jurnalistlərə açıqlamasında "Bu, qeyri-qanuni pul axınları ilə mübarizədə böyük bir uğur və qələbədir" deyib.

Hazırda alman müstəntiqlər cinayətkarların istifadə etdikləri mürəkkəb həvalə şəbəkəsini araşdırmaqda davam edirlər. Qeyd edək ki, həvalə, əsasən müsəlman ölkələrində istifadə olunan, brokerlər arasında tələb və öhdəliklərin əvəzləşdirilməsinə əsaslanan qeyri-rəsmi maliyyə və hesablaşma sistemidir.

Bu sistem çox sadədir: müştəri şərti ölkədəki bir yığım nöqtəsində nağd pul ödəyir. Yerli ofis dərhal B ölkəsindəki həmkarlarına məlumat verir ki, ona-adresata pul ödəsinlər. Bu sadə görünüşlü sxem, nağd pulu milli sərhədlər vasitəsilə nəql etməyə ehtiyac olmadan köçürməyə imkan verir. Prosesdə banklar da iştirak etmirlər, "köçürmə" elektron formada qeydiyyata alınmır. Belə bir sistem cinayət yolu ilə əldə edilən pulları köçürmək üçün geniş istifadə olunur.

Cəmi bir neçə gün fasilə ilə hüquq-mühafizə orqanları Azərbaycanda və Almaniyada mütəşəkkil cinayətkar dəstələri ifşa etdilər. Və qanunsuz pul köçürməsinin hər iki yolu Türkiyə ilə bağlı idi. Kim bilir əslində Azərbaycandan Türkiyəyə çıxarılan neçə milyonlarla pul nəticədə, başqa bir kanal vasitəsilə, Avropaya yerləşdirilib...

Virtualaz.org

Xəbərlər