2187
Aktual 8 oktyabr — 21:10

Şabalıdı dəstə hakimiyyətin üstünə yeridi, "Qarabağ” və uşaq yeməyi" şüarları ilə...

Eynulla Fətullayev

Bütün ölkənin gözləmə mövqeyinə keçib cəmi il yarım əvvəl təyin edilmiş baş nazir Novruz Məmmədovun istefasını və Əli Əsədovun siyasi Olimpə yeni yüksəlişini diqqətlə izlədiyi, hakimiyyətdaxili münasibətlər sistemində baş verənləri müzakirə etdiyi  bir vaxtda bir ovuc əsəbi adam Bakı meriyasının binasına can atırdı. Kütlənin başında isə Xalq Cəbhəsi partiyasının keçmiş sədr müavini Fuad Qəhrəmanlı gedirdi. Bəli, müxalifətin həmin partfunksioneri, biabırçı ailə dramından sonra istefa vermiş biri. Əli Əsədovun baş nazir postuna təqdimatı paytaxtın mərkəzində , Prezident Administrasiyasının əlli metrliyində hakimiyyətin sanksiyalaşdırdığı etiraz aksiyasını arxa plana itələdi.

Hakimiyyət Əli Kərimliyə və onun Cəbhəsinə siyasi reanimasiya üçün ideal şans yaratmışdı. Uzun pauzadan sonra Xalq Cəbhəsinə nəhayət Bakının ən etirazçı, sosial aktiv və kasıb, əhalisi sıx olan rayonunda-Lökbatanda mitinqlər keçirməyə icazə verdilər. Düzünü desək, ekspert cameəsinin böyük qismi əmin idi ki, müxalifət lideri əlinə düşmüş bu şansdan istifadə etmək imkanını əldən buraxmayacaq. Axı əhalinin sosial baxımdan narazı, etirazçı hissəsinə istiqamətlənən müxalifət öz elektoratına tərəf getməliydi. Bu gün Lökbatan, sabah Ələt, birisi gün Abşeron kəndləri, sonra Quba, Beyləqan, Cəlilabad...

Ağıllı və strateji düşünən müxalifət,  leninsayağı desək, başqa yolla gedərdi, əlçatmaz və  keçilməz Bakı ətrafında narıncı zolaq yaradardı.

Uzağa getmək nəyə lazımdır, axı gözlərimizin önündə Ermənistanda qalib gəlmiş inqilabın təzə nümunəsi var. Paşinyan Yerevandan güclə nəzərə çarpan ilk mitinqlərini “Yelk” fraksiyası və Helsinki qrupu ilə, hakimiyyətin ona paytaxtın Teatr meydanında mitinq keçirməyə icazə verməkdən qəti imtina etməsindən sonra, harada keçirmişdi? İcevanda, sonra Gümrüdə. Məxməri inqilabın gələcək lideri məhz cinahlarda meqafona yoxsullaşmış əhali arasında populyar sosial şüarlar və siyasi çağırışlar qışqırmaqla  bir neçə yüz tərəfdar toplaya bilmişdi. Günü gündən müxalifətin coğrafi və siyasi fəaliyyət arealı genişləndi, sonra irimiqyaslı etirazlara çevrilib kulminasiya anına gəlib çatdı.

Bəlkə qonşu Rusiyaya göz gəzdirməyə dəyərdi? Əvvəlcə “Qolos”, sonra Navalnı və Yaşin bir məqamda burjuaziya Moskvasına əlini yelləyib regionlara getdilər, federal hakimiyyət üçün vərdiş olunmuş sakitliyi bütün ölkə boyu pozdular. Təbii şəkildə güclənən etiraz dalğası gəlib taxt-tac sahibinə, mərkəzə də yetişdi. Lakin Rusiya müxalifəti, dünyadakı istənilən başqa alternativ qüvvə kimi, görüntü xatirinə, konkret gündəmə malik olmadan etiraz aksiyası keçirmirdi. Moskvadakı bu günlərdə keçirilən etirazlar hakimiyyətin yerli Dumaya müstəqil namizədləri qeydə almaqdan imtina etməsi ilə bağlı idi. Ermənistanda isə etirazlar özünün seçkiqabağı vədlərinə baxmayaraq yenidən hakimiyyətu uzurpasiya edən Sərkisyana qarşı başlamışdı. Gürcüstanda da bir neçə ay əvvəlki etirazlar konkret problemlə-rusiyalı deputatın parlament divarları arasında əl atdığı və bütün cəmiyyəti hiddətləndirən təxribatı ilə bağlı idi.

Sual olnur-bəs Azərbaycan müxalifəti meydana hansı səbəblə çıxırdı?! Mitinq keçirilməsinə icazə tələbi ilə! Bəs mitinq özü nəyə həsr edilib? Heç demə xalq pis yaşayırmış. Çoxəsrlik tarix bizi ümumxalq narazılığı halında hadisələrin hansı qanunauyğunluqla inkişaf etdiyinə öyrədib-qiyamlar, etiraz dalğaları, puqaçovşina, Boston çay içmə aksiyası, pivə qiyamı...Nəyə görə cəmiyyətin differensiyası və ya onun təbəqləşməsi sosial vertikalın iyerarxiyasında təbii və spontan etiraza səbəb olmur, cəmiyyətin özündən ayrı düşmüş siyasiləşmiş qrupda etiraz yaradır? Əks halda Kərimlinin və onun Cəbhəsinin xalqa, Lökbatana, ucqarlara doğru getməkdən imtina etməsini necə izah edəsən?!

Bundan əlavə, əgər sivil və məsuliyyətli siyasi müxalifət qonşu ölkələrdə təşəbbüs etdiyi siyai etirazlara görə məsuliyyəti üzərinə götürürsə, o zaman piket çağıran Kərimli niyə öz tərəfdaşlarının qarşısında görünmür?! Navalnı və Yaşin Moskva təcridxanalarının daimi sakinləridir, onların özləri də təkadamlıq piketlər keçirirlər. O zaman Kərimli niyə öz xalqına yaxın getmək istəmir, heç olmasa Bakının dar dalanlarında azıb qalmış azsaylı tərəfdarlarının yanında görünmür? Heç patetik Gültəkin Hacıbəyli də yoxdur. Cəmil Həsənli də harasa aradan çıxıb...Niyə gəlməyiblər? Bu nə qorxaqlıq və qaçıb aradan çıxmaq taktikasıdır? Bəlkə aldadılmış gənclərin və “küləkləin apardığı”, onsuz da həyatda partbiletdən başqa itirməyə heç nəyi qalmayan  Fuad Qəhrəmanlının əli ilə iğtişalar törətmək istəyirlər?!

Bəli, Qəhrəmanlıdan başqa nəyə görəsə Axundov prospektində unudulmuş tarixin başqa məşhur personajı-Rəsul Quliyevin müxalifətdəki keçmiş nümayəndəsi Nurəddin Məmmədli də göründü. O isə bir qrup qara köynəkli ilə gəlmişdi və küllükdən ayağa qalxmağa, qələbə çalmağa çağırırdı! Polis küllükdən qalxıb gəlmiş Məmmədliyə xeyli izah etməli oldu ki, piket mövqelərin publik ifadəsi və açıq təbliğat forması deyil. Nurəddin isə başa düşmədi, nəticədə onu saxlamalı oldular.

Köhnə Qubernator bağına isə polisi toqquşmaya və şəhərin mərkəzində sərt qarşıdurmaya sövq edən qəribə şabalıdı dəstə daxil oldu. Yenə adi, ilıq payız günüdə Bakının mərkəzində qarışıqlıq düşdü. Bakının mərkəzində hərəkəti iflic edən adamları başa düşmək olardı, əgər həmin fəallar Novruz Məmmədovun “haqsız yerə istefasından” hiddətlənsəydilər və ya Əli Əsədovun yenidən dirçəlişini bayram etsəydilər...

Lakin axı günün günorta çağı nəqliyyatın hərəkətini iflic edən müxalifət tərəfdarlarının tələbi-eklektikadır, sofistikadır, klonunadadır...Müxalifətçilər Qarabağın dərhal qaytarılmasını və eynilə dərhal dövlət büdcəsindən uşaqpulu ayrılmasını tələb edirdilər. Və bu şabalıdı dəstənin təsəvvüründə uşaq pulunun verilməsinə yeganə maneə hakimiyyət və prezidentdir. Onlardan yaxa qurtaran kimi xalq Qarabağı da alacaq, “Aptamil” uşaq yeməyini də...

Kərimli piket xahiş etmişdi, amma özünə xas manerada şabalıdı qrupu qızışdırdı, sonra qara köynəklilərin yürüşünü və polislə toqquşmanı. Piket istəmişdi, amma həmişəki kimi alındı, özü kolluğa girdi, tərəfdarlarını isə Qarabağsız və “Aptamil”siz qoydu. Budur, bu gün biz müxailifət kaleydoskopunda gördüklərimiz bunlardır.

Virtualaz.org

Xəbərlər