2222
Aktual 20 sentyabr — 16:35

“Təyyarə dərədən qəfil qalxıb Xankəndini bombalaya bilər...”

Səudiyyə Ərəbistanının neft emalı zavodlarına hansı ölkədən-Yəməndən, yaxud İrandan buraxıldığı hələ dəqiqləşməyən dron və raketlərlə endirilmiş zərbələrdən sonra beynəlxalq ekspert çevrələri iki məsələ ətrafında müzakirə aparır: ABŞ-ın Səudiyyə Ərəbistanını təchiz etdiyi və indiyədək dünyada ən qabaqcıl havadan müdafiə sistemlərindən biri sayılan “Petriot” komplekslərinin bu zərbələrə qarşı tam qeyri-effektivliyi. Və gələcəkdə iri neft obyektlərini hava və raket hücumlarından qorumağın yolları.

Virtualaz.org xəbər verir ki, Rusiyanın strategiyaların və texnologiyalarn analizi Mərkəzinin direktoru Konstantin Makiyenko expert.ru saytına müsahibəsində bu iki məsələdən danışıb.

Onun fikrincə, zərbələr ona görə dəf edilməyib ki, hücum edənlər gözlənilməzlik effektindən yararlanıb. Husilər müntəzəm olaraq Səudiyyənin hərbi obyektlərinə və aeroportlarına, o cümlədən Ər-Riyada ballistik raketlər ataraq səudiyyəliləri buna alışdırıblar. Lakin neft infrastrukturuna toxunmayıblar. Nəticədə səudiyyəliləri strateji çaşqınlığa düçar ediblər.

İkincisi isə Makiyenkoya görə, Səudiyyə Ərəbistanının eşalonlaşdırılmış hava hücumundan eşalonlaşdırılmış müdafiə sisteminin olmamasıdır. Olan müdafiə sistemi isə ABŞ-dakı kimi qurulub. Belə variant isə Səudiyyədə yaramır. Onların orta mənzilli S-350, “Buk M3” kimi zenit-raket komplekslərinə ehtiyacı var.

Nəhəyət ekspert qeyd edir ki, PUA-lar çox çətin hədəfdir. Onlarda demək olar metaldan istifadə edilmir.Bu səbəbdən müasir PUA-ları aşkar edib vurmaq çox çətindir. Digər tərəfdən PUA-lardan indi hamı, o cümlədən terrorçu qruplar istifadə edir, çünki ucuzdur, bəzən bir neçə min dollara başa gəlir.  “Petriot” kompleksinin bir raketi isə az qala 5 milyon dollardır. Ona görə də kritik əhəmiyyətli neft infrastrukturunu qorumaq üçün yeni yanaşma lazımdır. Bu zaman PUA-lara qarşı yeni və ən başlıcası ucuz başa gələn texnoloji vasitələrin meydana çıxması zərurəti yaranır.

Ekspertin fikrincə bura radioelektron mübarizə vasitələri, lazer qurğuları daxildir. Lakin bütün bunlardan əlavə həmin obyektləri adi mexaniki üsullarla da qorumaq olar.

“Məsələn, Dağlıq Qarabağda çox mürəkkəb zonalar var ki, onları Hava Hücumundan Müdafiə sistemləri ilə örtmək mümkün deyil-bunlar dağlıq ərazilərdəki dərələrdir. Vertolyot və səs sürətindən az sürətlə uçan hücum təyyarəsi belə dərələrə girəndə onları aşkar etmək praktiki olaraq mümkün olmur. Dərədən çıxan belə hücum təyyarəsi Stepanakertə (Xankəndi,-red.) qəfil bomba zərbələri endirə bilər. Ona görə də budur, ermənilər həmin dərələri metal troslarla bağlayıblar və hətta bu yolla bir uçan aparatı da vurduqları deyilir. Ucuz, sadə və effektiv”,-rusiyalı ekspert qeyd edib.

Konstantin Makiyenko hesab edir ki, neft emalı zavodları kimi obyektləri də mexaniki yolla, üstəlik aerostatlarla və onların arasında çəkilmiş troslarla mühafizə etmək olar. İkinci Dünya müharibəsində etdikləri kimi.

Qeyd edək ki, Xankəndi istiqamətində dərələr ancaq Ağdərə istiqamətindədir.

Virtualaz.org

Xəbərlər