1255
Aktual 11 sentyabr — 15:12

“Sərdar Cəlaloğlu, niyə ağlına gələni danışırsan? Patruşevlə görüşdə idin?...”

Bu gün Azərbaycanda fəaliyyət göstərən bir sıra siyasi partiyaların, o cümlədən hakim Yeni Azərbaycan Partiyasının və QHT təmsilçilərinin iştirakı ilə “Park İNN” otelində keçirilən dəyirmi masa zamanı Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevə görə mübahisə yaranıb.

Virtualaz.org yerli KİV-lərə istinadən xəbər verir ki, ADP sədri Sərdar Cəlaloğlu Patruşevin Bakıya səfəri zamanı “20 yanvarda olduğu kimi üsyan qalxsa” daxili qoşunların “ qarşı yeridilməli” olduğunu deyib. Habelə Rusiyanın Azərbaycan məmurlarına “Dostluq” ordeni verməsini şübhəli sayıb.

YAP icra katibi Əli Əhmədov isə Sərdar Cəlaloğlunu “ağlına gələni danışmaqda” günahlandırıb.

 “Sərdar Cəlaloğlu, sən bildirdin ki,  danışıqlarda Patruşev “20 yanvarda olduğu kimi üsyan olsa, daxili qoşunlar xalqa qarşı qaldırılsın”, deyib. Sən bəyəm o danışıqlarda iştirak etmisən ki? Bilmədiyin halda burda niyə ağlına gələn bəyanatları səsləndirirsən?”,-o deyib.

Ə.Əhmədov onu da deyib ki, hazırda bu toplantıda dedi-qodu ilə məşğul olmaq doğru deyil: “Bütün məsələləri müzakirə etməyə çalışsaq, heç nəyə nail ola bilməyəcəyik. Qəlbimizdə olan bütün məsələləri bura tökmək istəyiriksə, bu, başqa məsələdir. 90-cı illəri hamımız xatırlayırıq. Bu günkü Azərbaycanla o günkü Azərbaycanı müqayisə etmək, bugünkü Azərbaycanı tənqid atəşinə tutmaq doğru deyil. 30 il əvvəlki Azərbaycan indiki kimi idi? Neft pullarının xərclənməsi deyirsiz. Bakının gözəlləşməsi, ölkənin inkişafı üçün sərf edilən vəsaitlər var”.

Sərdar Cəlaloğlu yerindən atmaca atıb: “O milyardları nazirlərə vermişiniz...”

ADP sədrinin Qarabağ məsələsi barədə danışdıqları da YAP icra katibinin etirazına səbəb olub.

“Niyə digər münaqişələrlə bağlı da Minsk Qrupu kimi vasitəçi təşkilat yoxdur?” Minsk qrupunun məqsədi Qarabağı hansısa formada Azərbaycandan alıb, Ermənistana verməkdir”,-Cəlaloğlu deyib.

Əli Əhmədov isə deyib ki,  heç bir beynəlxlaq təşkilatın hansısa dövlətin daxili işlərinə müdaxilə etmək səlahiyyəti yoxdur: “Minsk Qrupu kimi təsisatlar sadəcə vasitəçilik funksiyasını yerinə yetirə bilər. Bu və ya digər məqamlarda qeyri-ciddi arqumentlər gətirməklə mətbuata insanları çaşdıran fikirlər yönəltmək düzgün deyil”.

Virtualaz.org

Xəbərlər