1382
Aktual 23 avqust — 23:00

“Türkiyənin Naxçıvanda hərbi baza yaratmasına hazırlıq gedir...”

Türkiyə son illər öz hüdudlarından kənarda iki hərbi baza yaradıb-Sudanda və Qətərdə. Və son vaxtlar Naxçıvanda üçüncü bazanın meydana çıxa biləcəyi haqda söz-söhbətlər artıb.

Virtualaz.org erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Ermənistan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun direktoru, akademik Ruben Safrastyan danışıb.

“Məni bu informasiyanın birinci mənbəyi çox maraqlandırırdı və deyəsən mən həmin mənbəni tapa bildim. 2018-ci ilin sentyabrında o qədər də tanınmayan türk qəzetində məqalə dərc edilib, orada deyilirdi ki, Ankara kulislərində Türkiyənin Naxçıvanda hərbi baza yaratması məsələsi müzakirə olunur. Görünən o idi ki, bunu qəsdən sızdırmışdılar və zəmin yoxlaması aparmaq istəyirdilər”,-Türkiyənin regiondakı mövqelərini gücləndirmək cəhdlərindən narahatlığını gizlətməyən erməni akademik belə deyib.

Safrastyan əlavə edib ki, Bakı və Ankara arasında Naxçıvan ərazisində hərbi əməkdaşlıq son illər xeyli güclənib, birgə təlimlər keçirilir və bütün bunlar Türkiyənin Naxçıvan istiqamətində fəallaşdığını göstərir.

“Bütün bu amillərin analizi əsasında təxmin etmək olar ki, hazırda Naxçıvanda Türkiyə hərbi bazasının yaradılmasına hazırlıq gedir. Bu, tezliklə baş verməyəcək, amma hazırlıqlar gedir. Ankaranın əsas məqsədi geosiyasi xarakter daşıyır və Cənubi Qafqazdakı Rusiya-Türkiyə rəqabətindən qaynaqlanır”,-Ruben Safrastyan vurğulayıb.

Erməni akademik istisna etmir ki, Türkiyənin məqsədlərindən biri də Gümrüdəki 102-ci Rusiya bazası ilə balans yaratmaqdır. Onun fikrincə, Naxçıvanda baza yerləşdirəndən sonra Türkiyə Rusiyanın Cənubi Qafqazdan sıxışdırılması üçün iddia ortaya qoya bilər.

“Əlbətdə, baza Ermənistana əlavə təzyiq rıçağı da olacaq. Lakin bütün bunlar gələcəkdə baş verəcək. Türkiyənin başı hazırda Yaxın Şərq işlərinə qarışıb və bu perspektiv aktual deyil. Mənim fikrimcə Rusiya artıq konfidensial şəraitdə Türkiyəyə öz narazılığını çatdırıb və bu da Ankaranın Naxçıvan istiqamətində fəallığının azalmasına səbəb olub. Lakin Türkiyənin geosiyasi məqsədləri əvvəlki kimi qalır”,-erməni akademik mülahizələrinə davam edib.

Qeyd edək ki, Azərbaycan son illər Naxçıvanda hərbi iştirakını dəfələrlə gücləndirib, Naxçıvanda Əlahiddə Ümumqoşun Ordusu ən müasir və güclü silah sistemləri, hücum vasitələri ilə təchiz olunub. Müntəzəm olaraq Naxçıvanda Əlahiddə Ümumqoşun Ordusunun birləşmələri hərbi təlimlər keçirir, o cümlədən Türkiyə ordusu ilə birgə təlimlər təşkil olunur. Azərbaycanın Naxçıvanda hərbi gücünü artırması Ermənistan hərbi-siyasi dairələrində ciddi narahatlıq və təşvişlə izlənilir.

F.Məmmədov

Virtualaz.org

Xəbərlər