2158
Aktual 19 avqust — 17:12

“Relax”da vergi əməkdaşlarına hücum: deputatın oğlu və daha bir neçə adamı həbs olundu

Vergilər Nazirliyi, Baş prokurorluq və Daxili İşlər Nazirliyi Lerik rayonunda deputat İqbal Məmmədova məxsus olan “Relax” istirahət mərkəzində baş vermiş insident, vergi əməkdaşlarına hücum edilməsi və döyülməsi hadisəsi ilə bağlı birgə rəsmi məlumat yayıb.

Virtualaz.org xəbər verir ki, həmin məlumatda son dövrlər vergi yoxlamalarının ümumi sayının azalmasına baxmayaraq, Vergilər Nazirliyi vergidənyayınma ehtimalı yüksək olan hallarda vergi nəzarəti tədbirləri həyata keçirdiyi vurğulanır

Bildirilir ki, növbəti belə tədbirin Lerik rayonunda fəaliyyət göstərən “Relaks” istirahət və turizm mərkəzində cari il avqustun 16-da keçirilməsi planlaşdırılmışdı.

“Nəzarət tədbirinin həyata keçirilməsinə istirahət mərkəzindən dövlət büdcəsinə ödənilən vergilərin kəskin şəkildə azalması səbəb olub. Belə ki, faktiki sahəsi 14 hektardan çox olan və qonaqların qalması üçün 142 nömrədən ibarət istirahət mərkəzində müxtəlif təyinatlı 20 obyektin fəaliyyət göstərməsinə baxmayaraq, 2018-ci ildə cəmi 10 min 726 manat, 2019-cu ilin ötən dövrü ərzində isə 972 manat məbləğində vergi ödənilib”,-birgə məlumatda deyilir.

DİN, Baş prokurorluq və Vergilər Nazirliyi bildirir ki, bundan başqa, “Relaks” istirahət mərkəzi vahid idarəetmə sisteminə malik olmasına baxmayaraq, vergidənyayınma məqsədilə buradakı obyektlər ayrı-ayrı vergi ödəyicilərinin adına rəsmiləşdirilib, bir sıra obyektlər vergi orqanında uçota alınmadan fəaliyyət göstəriblər.

Məlumatda daha sonra belə deyilir: “İstirahət mərkəzində fəaliyyət göstərən vergi ödəyicilərinə vergi qanunvericiliyinin tələblərinə əməl olunmasının zəruriliyi, mövcud çatışmazlıqların və vergidənyayınma hallarının aradan qaldırılması haqqında dəfələrlə xəbərdarlıq edilsə də, buna məhəl qoyulmayıb. Bu səbəbdən, real vergi potensialının müəyyən edilməsi məqsədilə Vergilər Nazirliyinin 6 saylı Ərazi Vergilər İdarəsi tərəfindən istirahət mərkəzində fəaliyyət göstərən vergi ödəyicilərinə məxsus obyektlərdə xronometraj və digər operativ vergi nəzarəti tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul edilib. Avqustun 16-da nəzarət tədbirlərini həyata keçirmək üçün təsərrüfat subyektinə gələn Vergilər Nazirliyinin əməkdaşları burada müqavimətlə üzləşib, onlara qanuni fəaliyyətini həyata keçirilməsinə maneələr törədilib. Aparılmış izahat və məlumatlandırma tədbirlərinə, yoxlamanın keçirilməsi barədə müvafiq qərarların təqdim edilməsinə baxmayaraq, vergi əməkdaşlarının əraziyə daxil olmasına imkan verilməyib. Hadisə yerinə gəlmiş Lerik Rayon Polis Şöbəsinin əməkdaşlarının, eləcə də Lerik Rayon İcra Hakimiyyəti nümayəndələrinin də məsələyə müdaxiləsi müsbət nəticə verməyib, istirahət mərkəzinin vəzifəli nümayəndələri kimi özünü təqdim etmiş şəxslər vergi əməkdaşları və polis işçilərinə hücum təşkil edərək onlara müxtəlif dərəcəli xəsarətlər yetirib, bundan başqa, Vergilər Nazirliyinin xidməti istifadəsində və nazirlik əməkdaşlarının şəxsi istifadələrində olan avtomaşınlara daş parçaları ilə zədələr yetiriblər”.

Məlumatda bildirildiyinə görə, həmin faktla bağlı cinayət işi başlanıb, təcrübəli polis və prokurorluq əməkdaşlarından ibarət istintaq qrupu yaradılıb, eləcə də Baş Prokurorluğun, Vergilər və Daxili İşlər nazirliklərinin vəzifəli şəxsləri rayona ezam olunublar.

Hadisə ilə əlaqədar Daxili İşlər Nazirliyi və Baş Prokurorluq tərəfindən vəziyyət dərhal nəzarətə götürülüb, operativ tədbirlər həyata keçirilməklə ictimai asayiş bərpa olunub, vergi əməkdaşlarının “Relaks” istirahət mərkəzində vergi nəzarəti tədbirinin keçirilməsinə zəruri şərait təmin edilib.

Cinayət işi üzrə kriminalistik texniki vasitələrdən istifadə olunmaqla hadisə yerinə foto və videoçəkiliş aparılmaqla baxış keçirilib, hadisələrin başvermə məkanı fiksasiya olunub, maddi sübutlar götürülmüş, hadisənin şahidləri müəyyənləşdirilərək dindirilib, məhkəmə-tibbi, məhkəmə-əmtəəşünaslıq, məhkəmə-trasoloji ekspertizalar təyin edilib.

“İş üzrə istirahət mərkəzinin təşkilati-sərəncamverici və inzibati funksiyaları yerinə yetirən vəzifəli şəxsləri - Nərimanlı Mirhəmid İqbal oğlu, Nərimanlı Orxan Çingiz oğlu,  Əsgərov Pərviz Əvəzoviç, İmanov Famil Kamran oğlu, Şahverdiyev Rahim Bəhlul oğlu və Abbasov Amir Nağızadə oğlu Cinayət Məcəlləsinin 309.2 (vəzifə səlahiyyətlərini ağır nəticələrə səbəb olmaqla aşma) və 315.2-ci (hakimiyyət nümayəndələrinə həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiqetmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib”,-məlumatda bildirilir.

Əlavə olunur ki, Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində cinayət işi üzrə bütün xüsusatların, əməllərində cinayət tərkibi olan şəxslərin dairəsinin müəyyənləşdirilməsi istiqamətində kompleks istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Hazırda “Relaks” istirahət və turizm mərkəzində bütün obyektlər normal fəaliyyət göstərir, qonaqlar rahat şəkildə istirahət edir, eyni zamanda vergi nəzarəti tədbirləri adi rejimdə aparılır.

İqbal Məmmədov isə bu rəsmi açıqlamanın yayılmasından əvvəl "Relax"da baş verənləri "təxribat" adlandırmışdı. “Mən bu gün gəlmişəm. Baş verən hadisədən xəbərdaram. Bizim vergilərlə heç bir problemimiz yoxdur. Onlar bu ayın 15-dən “Relax”da yoxlama aparırlar. Dava “Relax”ın əməkdaşları və turistlər arasında olub. Hadisəyə polis müdaxilə edib. Ola bilər həmin vaxt vergilərin əməkdaşları da orada olublar və belə xoşagəlməz hadisə baş verib”,-deputat yerli KİV-lərə açıqlamasında deyib.

İqbal Məmmədov baş verən hadisəyə görə, oğlu Mirhəmid Nərimanlı da daxil olmaqla 5 qohumunun DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılmasını da təkzib etmişdi: “Oğlumun və qohumlarımın saxlanılması xəbəri yalandır”.

Virtualaz.org

Xəbərlər