1910
Aktual 15 iyul — 16:00

"Keşikçi dağ"-da Gürcüstan vətəndaşları Azərbaycanın sərhəd naryadına qarşı insident törədib

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi Keşikçi dağda baş verən hadisə haqqında məlumat yayıb. Məlumatda deyilir:

"14 iyul 2019-cu il tarixdə saat 14:50 radələrində DSX-nin Sərhəd Qoşunlarının “Şəmkir” sərhəd dəstəsinin “Keşikçi qala” sərhəd zastavasının xidməti ərazisində Gürcüstan vətəndaşları tərəfindən Azərbaycan sərhəd naryadına qarşı insident törədilib.

Hadisə ilə əlaqədar təxirəsalınmaz tədbirlər görülməklə insident qısa müddət ərzində aradan qaldırılıb və DSX-nın şəxsi heyəti tərəfindən ərazidə təhlükəsizlik tədbirləri təmin edilib.

Azərbaycan və Gürcüstan sərhəd nümayəndələri arasında görüş keçirilib, baş vermiş hadisə birgə araşdırılıb, gələcəkdə bu kimi hallara yol verilməməsi üçün görülməli olan tədbirlər müzakirə edilib".

*   *   *13:18

Gürcüstanın Daxili İşlər Nazirliyi (DİN) Azərbaycanla sərhəddə yerləşən Keçikçi Dağı Məbəd-Kompleksi ilə bağlı ölkə ictimaiyyətinə müraciət edib.

Yerli mənbələr xəbər verir ki, DİN vətəndaşları Gürcüstan və Azərbaycan arasında sərhədin delimitasiyası üzrə komissiyanın işinə mane olmamağa çağırıb.

Müraciətdə qeyd olunub ki, ötən gün sərhəddə baş verən kiçik insidentlə bağlı araşdırma aparılır: “Biz cəmiyyəti və vətəndaş qruplarını razılığın mümkün qədər tez əldə olunması üçün delimitasiya üzrə komissiyanın işinin sakit mühitdə keçirilməsinə imkan verməyə çağırırıq”.

Qeyd edək ki, ötən gün Keşikçi Dağı Məbəd-Kompleksində bələdçi çalışan vətəndaş azərbaycanlı sərhədçilərin kilsədən ikonaları icazəsiz götürdüklərini iddia edib. Kiçik insident yaransa da, problemin sonradan həll olunduğu bildirilir.

Xəbərlər