1408
Aktual 12 iyul — 12:24

Azərbaycan Qarabağ səmasında erməni mülki təyyarələrini ABŞ raketləri ilə vurmaq istəyirmi...

ABŞ Konqresinin Nümayəndələr palatası konqresmen-demokrat Bred Şermanın qanunvericilik təşəbbüsünü dəstəkləyib.

Virtualaz.org xəbər verir ki, bu təşəbbüs Azərbaycana “Dağlıq Qarabağın mülki təyyarələrini təhdid edə biləcək” Amerika silahlarının satılmasına qadağa qoyur.

“Bu təşəbbüs Azərbayan üçün güclü mesaj olacaq. Bundan sonra Bakı Dağlıq Qarabağın mülki aviasiyasını hədələyə və təyyarələrini vura bilməyəcək”,-konqresmen Şermanın bu sözlərini Amerika Erməni Milli Komitəsi (ANCA) sitat gətirir.

“Dövlət müdafiəsi haqqında qanun”-a təklif edilmiş düzəlişə 234 konqresmen səs verib, 195 konqresmen isə düzəlişin əleyhinə çıxıb.

Düzəlişin qüvvəyə minməsi üçün hərbi büdcə haqda qanun  hər iki palatada razılaşdırılmalı və prezident Tramp tərəfindən imzalanmalıdır.

Bu düzəliş əslində tamamilə axmaqcasına görünür. Əgər düzəliş qüvvəyə minsə bu o demək olardı ki, ABŞ Azərbaycana zenit-raket sistemləri və “yer-hava” tipli raketlər sata bilməyəcək. Lakin ABŞ onsuz da Azərbaycana silah satmır, elə Bakı da Amerika silahlarını almağa xüsusi maraq göstərmir.

Digər tərəfdən bəlli olduğu kimi Azərbaycan dövləti işğal altındakı Dağlıq Qarabağda ermənilərin tikdiyi Xankəndi aeroportundan uçuşlara icazə vermir. Rəsmi Bakı hələ o vaxt-erməni diasporunun ianələri hesabına aeroport tikilib istifadəyə veriləndə Beynəlxalq Mülki Aviasiya Agentliyini bu haqda xəbərdar edib. Və Beynəlxalq Mülki Aviasiya Agentliyi bu məsələdə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü prinsipindən çıxış edərək işğal altındakı ərazilərdə tikilmiş aeroporta xüsusi kod vermədi. Eləcə də rəsmi Bakı xəbərdarlıq etdi ki, Xankəndi aeroportuna uçuşların qarşısını almaq üçün hərbi vasitələrdən istifadə etməyə hazırdır. Hətta müvafiq strukturlara belə səlahiyyət verən xüsusi qərar da qəbul edildi.

Əgər Azərbaycan Xankəndi aeroportuna uçan təyyarəni vursa beynəlxalq normalara görə heç bir hüquqi məsuliyyət daşımayacaq. Çünki aeroportun beynəlxalq tanınma kodu olmadığından ora uçan təyyarələrin mülki, yaxud hərbi təyinatlı olduğunu identifikasiya etmək mümkün deyil. Deməli həmin təyyarə “tanınmayan” hava hədəfi olacaq və Azərbaycan öz hava sahəsinə daxil olan bu hədəfi vurmaq üçün qanuni səlahiyyətlərə malikdir. Nəticədə ermənilər Xankəndi aeroportuna uçuşlar təşkil etməyə risk etmirlər. Və vaxtaşırı olaraq Amerikadakı erməni lobbisi bu aeroportun məsələsini qaldırır.

İndi isə Amerika erməni diasporu liderləri Konqresdəki muzdlularına bu cür mənasız qanunvericilik təşəbbüsü ilə çıxış etmək sifarişi veriblər. Ona görə mənasız ki, Azərbaycanın arsenalında Dağlıq Qarabağ üzərində nəinki müdafiəsiz mülki təyyarələri, eləcə də hərbi təyyarələri, raketləri, o cümlədən qanadlı raketləri vurmaq üçün kifayət qədər geniş çeşiddə silahlar var. Yəni Azərbaycan Dağlıq Qarabağ səmasına qanunsuz soxulmuş erməni təyyarələrini vurmaq üçün (hərbi və ya mülki) Amerika silahlarına möhtac deyil. Konqresmen Şermanın ANCA-nın sifarişi ilə irəli sürdüyü düzəliş heç bir halda Azərbaycan üçün “güclü çəkindirici mesaj” ola bilməz.

Doğrudur, bir neçə il əvvəl WikiLeaks tərəfindən sızdırılan Amerika məxfi diplomatik protokollarına əsasən Azərbaycan rəhbərliyi ABŞ-dan strateji neft obyektlərini qorumaq üçün "Petriot" zenit-raket kompleksləri istəmişdi. Və Amerika tərəfi buna müsbət cavab verməmişdi. Amma o vaxtdan bəri Azərbaycanın hava hücumundan müdafiə qüvvələrinin imkanları kifayət qədər genişlənib, ən müxtəlif hava hədəflərini vurmağa imkan verən silahlar əldə edilib.

F.Məmmədov

Virtualaz.org

Xəbərlər