537
Aktual 11 iyul — 15:00

Azərbaycan qonaqpərvərliyi beynəlxalq təhlükəsizliyin amili kimi

Redaksiyadan

Dünən, iyulun 10-da, Bakıda RF Silahlı Qüvvələrinin Baş Qərargahının rəisi, ordu generalı Valeri Gerasimovla NATO-nun Birləşmiş Silahlı Qüvvələrinin Ali Baş Komandanı, general Tod Uolters arasında görüş keçirilib.

fövqəldövlətlərin komandanları Heydər Əliyev Mərkəzində

Bir neçə saatdan sonra rəsmi hesabatlardan tam aydın oldu ki, bu görüş sırf texniki xarakter daşıyırdı. Ümumilikdə, bunu dolayı yolla dünya kütləvi informasiya vasitələri də sübut etdilər – ya hadisə barədə iki-üç absazlıq məlumat yerləşdirməklə, ya da ümumiyyətlə, bu hadisəni yada salmamaqla.

Bu tədbirdə hökm sürən ab-havanı isə protokol fotoşəkli bariz şəkildə nümayiş etdirir – şəkildən elə təəssürat yaranır ki, sanki iki ali hərbi rəhbər bir-birinə bir metrdən çox yaxınlaşmaqdan çəkinir.

Elə həmin rəsmi bəyanatlara əsasən, Gerasimovla Uoltersin görüşündə Əfqanıstan və Suriya kimi qaynar mövzular müzakirə olunsa da, əldə edilmiş yeganə razılaşma getdikcə daha tez-tez və daha çox bütün beynəlxalq ictimaiyyətin maraqlarına toxunan vacib hadisələrin təşkil olunduğu qonaqpərvər Azərbaycan torpağında “bu cür görüşlərin keçirilməsi təcrübəsinin davam etdirilməsi” oldu.

Lakin bu barədə bir qədər sonra, hələliksə generalların görüşünə qayıdaq. Bu görüşdən çıxan əsas nəticə kimi onu qəbul etmək lazımdır ki, yaxın zamanlarda dünyanın qaynar nöqtələrində ABŞ və Rusiya arasında hər hansı tərəfdaşlıqdan söhbət belə gedə bilməz – maraqlarının toqquşduğu əksər mövzular üzrə Vaşinqtonla Moskvanın yanaşmaları həddən çox fərqlidir.

Yox, söhbət ötən əsrdə ABŞ və SSRİ arasında olan, iki müxtəlif sistemlərin qarşı-qarşıya durduğu, tərəflərin ziddiyyətlərinin isə əksər hallarda antaqonist xarakter daşıdığı klassik “soyuq müharibə”dən getmir. Vaşinqtonla Moskva arasında hazırkı münaqişə təşəkkül tapmış nüfuz sahələrinin yenidən bölüşdürülməsi uğrunda mübarizədir. Rusiya onları genişləndirməyə, öz qüvvəsini bəzən bu ölkədən minlərlə kilometr aralıda olan ərazilərə yaymaq hüququna nail olmağa cəhd edir. Təbii ki, bunu öz korporasiyalarının maraqlarının qorunması ilə müşayiət edir. Aydındır ki, ABŞ buna etiraz edir.

lap SSRİ və ABŞ vaxtında olduğu kimi

Hazırda tərəflərin razılığa gələ biləcəkləri yeganə mətləb bu qarşıdurmanın məsafəli davam etməsi, iki dövlətin silahlı qüvvələrinin bu münaqişədə birbaşa və irimiqyaslı iştirakının olmamasıdır. Bu dövlətlərin müxtəlif xarici siyasi oriyentasiyaya malik “proksi”ləri isə bir-biri ilə heç bir məhdudiyyət olmadan vuruşa bilərlər. Özəl hərbi şirkətlərin əməkdaşları silahlı toqquşmalarda üz-üzə gələ bilər. Lakin Rusiya və ABŞ-ın silahlı qüvvələrinin müntəzəm hissələri bunu heç bir vəchlə etməməlidirlər.

Eyni zamanda, həmin bu “proksi”lərin iki ölkənin hərbçilərinə hücum etmələrindən, yaxud onlara qarşı “ov”a çıxmalarından çəkinmələri barədə razılığa gəlmək çox arzuolunandır. Bu məsələdə tam qayda-qanun yaratmaq heç vaxt mümkün olmayıb. Hər şey baş verib və bəzən çox qan axıdılıb, lakin bu cür hadisələrdən zərərin minimallaşdırılmasına həmişə can atıblar.

Hazırkı minillikdə qəflətən bərqərar olmuş “yeni dünya”nın qaydaları budur, onlar hələlik son olaraq yerini tutmayıb, lakin bunlar üzərində iş daim davam etdirilir, o cümlədən də bu cür general görüşlərində.

Müzakirə olunan Suriya bu anlamda həddən artıq aktualdır, çünki bu gün həmin ölkədə amerikalı və rusiyalı hərbçilər sözün hərfi mənasında üz-üzə durublar və hər iki tərəfin sutkanın və ilin istənilən vaxtında bir-birini böyük şövqlə qırmağa hazır kifayət qədər silahlı “proksi”si var. Bundan başqa, Suriyadakı amerikan və rusiyalı kontingentin cəbbəxanasında çox mürəkkəb silah sistemləri mövcuddur – birində bu, HHM sistemləri, digərində isə aviasiya və başqa vasitələrdir ki, bu da əvvəlki dövlərdə deyildiyi kimi, müharibədə təəssüf doğuran, lakin qaçılmaz təsadüflərin baş vermə ehtimalını artırır.

Bundan savayı, Suriyada Vaşinqtonla Moskvanı eyni dərəcədə qıcıqlandıran ümumi amil var – İranın mövcudluğu. Hər iki tərəf bu amili ixtisar etmək, ən yaxşısı isə, ümumiyyətlə, yox etmək istərdi. Hələlik bu mənada işlər, açığını desək, o qədər də qaydasında deyil: bunu minimal zərərlə necə həyata keçirməyin yolları heç kimə aydın deyil, lakin bu mövzu ilə əlaqədar məsləhətləşmələr siyasi səviyyədə və dünən Bakıda olduğu kimi, Suriya münaqişəsində xarici sistemli oyunçuların hərbi rəhbərliyi səviyyəsində də aparılır.

Gerasimovla Uoltersin görüşünün gündəliyində olan Əfqanıstanla bağlı vəziyyət bir az başqa cürdür. Açıq demək lazımdır ki, amerikalılar Moskvanı bu ölkədə ciddi oyunçu hesab etmirlər. Baxmayaraq ki, Rusiya tərəfi gah talibləri qonaq dəvət edərək, gah da bu mövzuda beynəlxalq konfranslar çağıraraq, əksini nümayiş etdirməyə çalışır.

Amerika qoşunları Əfqanıstanda

Bundan əlavə, bu günlərdə Ştatlar nümayişkaranə şəkildə, az qala təhqiramiz olaraq bunu bir daha göstərdilər: Qətərin paytaxtında taliblərlə danışıqlarda real tərəqqi əldə olunan kimi Əfqanıstanda barışıq məsələləri üzrə ABŞ-ın xüsusi nümayəndəsi Zalmay Xəlilzad dərhal həmin məlumatı çatdırmaq üçün… Pekinə yollandı. Bununla da, nümayiş etdirdi ki, bu məsələdə amerikalılar məhz kimi özlərinə bərabər sistemli oyunçu hesab edirlər.

Buna görə də, Əfqanıstanın Bakıda müzakirə edilməsini rəsmi məlumatlarda başqa cür xarakterizə etmək daha düzgün olardı: “Amerika tərəfi Rusiya tərəfini Əfqanıstandakı hazırkı vəziyyət və bu ölkədə münaqişənin tənzimlənməsi üzrə tədbirlər barədə məlumatlandırıb”. “Müzakirə” kimi qeyri-səhih və səthi olsa da, məğzi daha dürüst çatdırır.

Gerasimov İlham Əliyevin qəbulunda

Uolters İlham Əliyevin qəbulunda

Baş tutmuş görüşün daha bir aspektini qeyd etmək də çox zəruridir. Bakı amerikalı və rusiyalı hərbçilərin dialoqlarının müntəzəm olaraq keçirildiyi yerə çevrilib. Təfərrüatlarına varmadan qeyd etmək lazımdır ki, bu cür tədbirin keçirilməsinə postsovet məkanı dövlətlərindən daha iki paytaxt şəhəri namizədlik etsələr də, görüşün məhz Bakıda təşkil olunması Azərbaycanın beynəlxalq müstəvidə artan nüfuzunun etirafıdır. Onun təsdiqidir ki, respiublika yalnız ciddi tədbirlərin sadəcə keçirildiyi – masa açıldı, mədəni proqram tərtib olundu – yer kimi deyil, ən yüksək səviyyədə dialoqların moderatoru kimi də çıxış etməyə qadirdir.

Şübhəsiz ki, dünyada bunu görürlər və qiymətləndirirlər. Buna görə də, yaxın zamanlarda “Bakı formatı”nın meydana gəlməsi çox inandırıcıdır. Bu formatın hansı kəskin aktual beynəlxalq mövzunun həlli üçün yaranacağı şərt deyil. Şərtdir ki, bu, mütləq olacaq. Bu səbəbdən də, Azərbaycanın paytaxtını və ölkə rəhbərliyini artıq indidən təbrik etmək olar.

Xəbərlər