734
Aktual 20 iyun — 10:20

Reklama ehtiyacı olmayan islahatlar

Reklam. Reklam. Reklam. Məlum olduğu kimi, o, ticarətin hərəkətverici qüvvəsidir və o, hər yerdədir. Televiziyada, radioda, internetdə, nəqliyyatda, küçələrdə. Müasir insanı əhatə edən nə varsa, xidmət və ya malların çoxsaylı təklifləri ilə dolub daşır.

Son vaxtlara qədər Bakıda müxtəlif növ reklamın əsas sıxlığı şəhərin mərkəzində rast gəlinirdi və təəssüf ki, çox vaxt aşağı keyfiyyətli olurdu. Kobud orfoqrafik səhvlərlə çap olunmuş plakatlarla örtülü çoxsaylı restoranlar, kafelər və mağazalar, şəhərin görüntüsünü qapayan reklam bannerləri və sadəcə rənglənmiş lövhələr paytaxtın memarlıq estetikasını əsaslı şəkildə pozurdular. Bakı sakinlərinin və şəhərin qonaqlarının qarşısında xoşagəlməz mənzərə açılırdı. Eyni zamanda, reklamın gətirdiyi milyonlarla manat əksər hallarda büdcəyə çatmırdı.

Bütün bunlar küçə reklamının tənzimlənməsi sahəsində hökumət tərəfindən başlanmış irimiqyaslı islahatlar üçün zəmin rolunu oynayıb. İlk növbədə, islahatlar çərçivəsində yeni dövlət strukturu – Dövlət Reklam Agentliyi yaradılıb.

Publik hüquqi şəxs qismində Dövlət Reklam Agentliyinin yaradılması haqqında fərman Prezident İlham Əliyev tərəfindən 2017-ci ilin iyun ayının 20-də imzalanıb. Üstündən iki il keçib, bu vaxt ərzində Bakının və ümumilikdə, Azərbaycanın küçə reklamı sahəsində hansı dəyişikliklər baş verib?

Yeni dövlət agentliyinin nizamnaməsində göstərilmiş bütün müddəaları ümumiləşdirsək, nəticəyə gəlmək olar ki, o, açıq məkanda reklam daşıyıcılarının yerləşdirilməsini və onların məzmununu tənzimləyən və buna nəzarəti həyata keçirən vahid strukturdur. Dövlət Reklam Agentliyi publik hüquqi şəxsdir və daha aydın dillə desək, büdcədən heç bir maliyyə dəstəyi almır, özü özünü təmin edir və bundan əlavə, büdcəyə maliyyə ayırmaları edir.

İstənilən islahat köklü dəyişiklikləri nəzərdə tutur və yeni tənzimləyici orqanın yaradılması haqqında məlumat verilən kimi bir çoxları bizneslərinə növbəti “nəzarətçi”nin peyda olduğunu düşünmüşdülər. Demək lazımdır ki, bu cür nəticəyə gəlmək üçün əsaslar kifayət qədər idi. Yeni qanunvericilik aktlarına müvafiq olaraq, şəhərdə az qala bütün reklamları sökmək, sahibkarların isə hardasa yarısını cərimələmək lazım idi. Belə ki, qanuna görə, artıq qeydiyyatdan keçməmiş istənilən reklam qanunsuz hesab olunur və deməli, onu yerləşdirənlər İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq, məsuliyyət daşımalıdırlar.

Lakin biznesin qorxuları özünü doğrultmadı: yoğun qovluqlarla gəzişən sərt poqonlu “rəis”lərin əvəzinə sahibkarlar gənc və gülərüz müfəttişlərlə rastlaşdılar ki, onlar da növbəti cəriməni yazmağa tələsmirlər, daha çox məsləhətləri ilə kömək etməyə çalışırlar. Yeni dövlət agentliyində radikal tədbirlər təcrübəsindən uğurla imtina ediblər və özlərini sahibkarların dostu mövqeyindən təqdim edərək, başqa taktika seçiblər. Razılaşın ki, Azərbaycanda onsuz da kifayət qədər azacıq xətaya görə cərimələyən məmurlar vardı.

Son nəticədə Azərbaycan biznesi nəhayət ki, ölkənin istənilən regionunda reklam yerləşdirməyə icazə verən vahid struktur qazanıb. Bəs əvvəllər bu necə baş verirdi? Misal üçün, əgər sahibkar Bakının bir neçə rayonunda reklam yerləşdirmək istəyirdisə, bunu necə edəcəyini təsəvvürünə belə gətirmirdi və məcbur olurdu ki, müxtəlif dövlət idarələrində tanışlarını axtarıb tapsın və onlara zəng etsin. İndi bu məqsədlə sadəcə olaraq dövlət agentliyinin saytına daxil olmaq və onlayn kalkulyatordan istifadə etməklə şəhərin və ya ölkənin bu və ya digər hissəsində reklamın neçəyə başa gələcəyini müəyyənləşdirmək lazımdır. Bu zaman onun heç kimlə razılaşmağa, görüşməyə və pul ötürməyə ehtiyacı yoxdur: reklam üçün yeri seçirsən, onlayn hesablaşırsan və öz bannerini, yaxud vərəqəni yerləşdirirsən. Bizneslə məmurlar arasında ünsiyyət ehtimalı sıfır səviyyəsinə endirilib.

Əslində, Bakıda və ümumilikdə ölkədə reklam xidmətləri sahəsi tamamilə şəffaf, bürokratik əngəllərdən məhrum və o qədər əlçatan olub ki, tariflər haqqında məlumatı cəmi iki tıkla əldə etmək mümkündür.

Mövzu ilə azacıq tanışlıq belə deməyə imkan verir ki, hökumətin reklam sahəsində həyata keçirdiyi islahatlar son dərəcə zəruri idi. Sözün əsl mənasında, söhbət küçə reklamının vahid standartlarının tətbiqindən gedir. Əgər müqayisə etsək, Qərbin aparıcı ölkələri çoxdan bəri özü özünü tənzimləyən formalaşmış bazar şəraitində yaşayırlar. Orada onillərdir ki, reklamı şərtləndirən vahid qanun mövcuddur və bazarın bütün iştirakçıları ona tabedirlər. Başqa sözlə, reklam mədəniyyəti formalaşıb. Sahibkarlar özləri özlərini tənzimləyirlər, mübahisəli məsələləri isə müxtəlif assosiasiyaların köməyi ilə həll edirlər. Qərbdə sahibkara deməyə lüzum yoxdur ki, onun siqaretlərinin, yaxud şirniyyatlarının reklamını məktəblərə yaxın ərazidə yerləşdirmək olmaz. Azərbaycanda isə bu həqiqəti biznesə çatdırmaq üçün hələ də vahid tənzimləyici orqana və inzibati təsir vasitələrinə ehtiyac duyulur.

Azərbaycan gerçəklikləri ilə müqayisəsi çox populyar olan qonşu Türkiyədə küçə reklamının tənzimlənməsi məsələləri ilə bələdiyyələr məşğul olur. Onların geniş hərəkət azadlığı var və hər bir bələdiyyənin küçə reklamının yerləşdirilməsi və məzmununa dair öz qaydaları mövcuddur. Buna görə də, rayondan rayona keçərkən reklamın estetik görünüşündə və istiqamətində nəhəng fərqləri sezmək mümkündür. Bu mənada Azərbaycan daha mütərəqqi təcrübəni əsas kimi götürüb və islahatlar sayəsində vahid standartlar tətbiq edib.

Küçə reklamından danışarkən onun iki kateqoriyasını dəqiq ayırd etmək lazımdır. Birinci kateqoriyaya reklamların öz reklam daşıyıcılarında – şəhərin müxtəlif hissələrində yerləşdirilmiş reklam qurğularında, bilbordlarda və s. - yerləşdirilməsi ilə məşğul olan biznesmenlər aiddir. Hazırda Bakıda küçə reklamının yerləşdirilməsində ixtisaslaşmış təxminən 15 iri şirkət mövcuddur, reklam qurğularının sayı isə bütün şəhər üzrə mindən artıqdır.

Reklam da bütün digər növləri kimi biznesdir. Fərqi yalnız ondan ibarətdir ki, reklam stendlərinin quraşdırılması üçün yerlərin sayı məhduddur və qanunvericiliklə tənzimlənir. Başqa sözlə, əgər əhali arasında hansısa məşhur bir obyektin yaxınlığında reklam stendi varsa, onun yanında daha birini quraşdırmaq mümkün olmayacaq. Arzu olunan bu yeri əldə etmək üçün şirkət onu rəqibindən almalıdır. Sərt bazar mübarizəsində güclü qalib gəlir və gələcəkdə təbii inhisarçıya çevrilir. Dövlət bu proseslərə heç cür müdaxilə etmir və yalnız reklam bazarının bütün iştirakçıları üçün bərabər şərtlərin təmin edilməsinə və onlar tərəfindən təklif edilmiş standartlara riayət olunmasına nəzarəti həyata keçirir.

İlk dəfə olaraq Dövlət Reklam Agentliyi Heydər Əliyev prospektində (“Koroğlu” metro stansiyasından Bayraq muzeyinə qədər) reklam stendləri üçün vahid standart tətbiq edib. Bu yol praktiki olaraq müasir, vahid standartlara tabe olan reklamın pilot layihəsi olub. Bundan əlavə, dövlət agentliyi şəhərin əksər hissələrində köhnə reklam qurğularını yeniləri ilə əvəz etməyə başlayıb. Yaxın zamanlarda təxminən 400 qurğunun yenilənməsi planlaşdırılır.

Bu gün Bakı küçələrində üzərində Dövlət Reklam Agentliyinin loqotipi olan unikal avtomobilə rast gəlmək mümkündür. Xüsusi avadanlıq və “Google Street” tipli proqram təminatı ilə təchiz olunmuş bu avtomobil şəhərin rayonlarında hərəkət edir və bütün reklam qurğularını aşkarlayaraq, onların qeydiyyatdan keçib keçməməsi barədə dərhal məlumat verir.

İkinci kateqoriyaya isə öz küçə reklamını yerləşdirən obyektlərin sahibləri aiddir. Onlar mütləq çoxluqdadır, lakin əsa fəaliyyətləri reklamla bağlı olmadığı üçün bu sahəyə aid olan qanunvericilikdən pis baş çıxarırlar. Dövlət Reklam Agentliyinin nümayəndələri böyük əmək sərf etməli olurlar ki, sahibkarları maarifləndirsinlər, onlara tövsiyələrlə kömək etsinlər, pozuntulardan və pis zövqlü reklamlardan çəkindirsinlər.

Qeyd olunduğu kimi, Dövlət Reklam Agentliyi əvvəlcədən inzibati metodların kütləvi şəkildə tətbiqindən imtina edib və əsas vurğunu biznesin maariflənməsinə yönəldib. Elə olur ki, bəzən reklam müfəttişi eyni obyektə beş, hətta on dəfə getməli olur və onun sahibini reklamı qeydiyyatdan keçirməyə çağırır, eyni zamanda qanunvericiliyin yeni tələblərini izah edir.

Bu zaman dövlət agentliyi heç də növbəti hüquqsuz nominal struktur deyil və bazar iştirakçılarına təsir etmək üçün kifayət qədər sanballı inzibati resurslara malikdir. Qanunsuz reklama görə cərimələrin məbləği 300 manatdan başlayır və 10 min manata qədər çata bilər. Ən əsası isə qurumun aşkar pozuntuları olan reklamı sökmək hüququ var və bunun üçün hətta məhkəmənin müvafiq qərarını belə gözləməyə ehtiyac yoxdur. KİV-də açıq mənbələrdəki məlumatlara əsasən, mövcudluğu dövründə dövlət agentliyi artıq altı mindən çox reklam stendini söküb.

Bununla bərabər, təcrübə göstərir ki, azərbaycanlı sahibkarlar özləri qanunlara uyğun şəkildə işləməkdə və qanunvericiliyin bütün tələblərinə əməl etməkdə maraqlıdırlar. Bu səbəbdən də, yeni dövlət agentliyinin biznesin maariflənməsinə yönəlmiş iş istiqaməti və özünü onların dostu mövqeyində görməsi təsirli olub. Ölkədə tədricən reklam mədəniyyəti formalaşmağa başlayıb. Bu isə, çox yəqin ki, gənc dövlət strukturunun əsas nailiyyətlərindən biridir.

Sahibkarlar artıq bilirlər ki, reklamı yerləşdirməzdən əvvəl buna icazə almaq lazımdır. Anlamağa başlayıblar ki, şəhərin ümumi estetikasını pozan, ələlxüsus da orfoqrafik səhvlərlə dolub daşan lövhə və stendlər quraşdırmaq olmaz. “Kserokopiya” sözündə üç səhvə yol verilmiş reklamlar hələ hamının xatirindədir... Soruşa bilərsiniz ki, bəs bu yaxınlara qədər Bakının bütün mərkəzini zəbt etmiş ərəb dilində reklamlar necə olsun? Bakı küçələrindən ərəb əlifbasının yoxa çıxması elə məhz Dövlət Reklam Agentliyinin çox da gözə çarpmayan, lakin fasiləsiz işinin bir hissəsidir.

Faktiki olaraq fəaliyyət göstərdiyi il yarım ərzində yeni dövlət strukturu işinin ən çətin hissəsinin öhdəsindən gəlməyi bacarıb. Biznesə anlada bilib ki, reklama görə pul ödəmək və bu işə çox böyük məsuliyyətlə yanaşmaq lazımdır. Böyük reklam gəliri istəyirsən? Buyur, ödəniş et. Əlavə xərc çəkmək istəmirsənsə, qanunla sənə bir kvadrat metrdən böyük olmayan reklama icazə verilib. Hər şey şəffafdır, onlayn kalkulyator bütün xərcləri qəpiyinə qədər hesablayır.

Bu gün bütün dünyada reklam bazarı sürətlə inkişaf edir. İri şirkətlər insanları bu və ya digər məhsulu almağa sövq etməli olan yeni sosioloji tədqiqatlara milyonlarla dollar vəsait xərcləyirlər. Bununla birlikdə, reklam xaotik olmamalıdır, bu sahədə prosesin tənzimlənməsi çox vacibdir. Küçə reklamı sahəsində Azərbaycan islahatları artıq iki ildir ki davam edir, problemlərin hələ çox olmasına baxmayaraq, əsas nailiyyət əldə olunub: ölkədə reklam mədəniyyəti formalaşmağa başlayıb və artıq geriyə yol yoxdur.

Murad Səmədov

Virtualaz.org

Xəbərlər