428
Aktual 13 iyun — 12:33

“Sovet dövründə yaxşı nə vardısa qorumaq lazım idi...”

Bakı küçələrində qapı-qapı gəzərək qəpik-quruşa dəmir qırıntıları toplayanları addımbaşı görmək olar. Hər gün istifadəyə yararsız metal tullantılar elə istifadəyə yararsız köhnə avtomobillərə yüklənərək şəhərdən kənara, emal sexlərinə daşınır. Amma dəmir tullantılardan fərqli olaraq nə paytaxtda, nə də regionlarda şüşə və plastik qabların qəbul məntəqələri yoxdur. 10-15 əvvələ qədər mövcudluğunu qoruyub saxlayan belə qəbul məntəqələri indi yoxa çıxıb. Heç kim toplamadığından şüşə qablar zibil yeşiklərinə atılır, qırılaraq xırdalanır, qırıntıları küçələrə, həyətlərə səpələnir, həyətlərdə oynayan uşaqlar üçün potensial təhlükə yaradır. Həm də ətraf mühiti çirkləndirir.

Qida qalıqlarına, digər tullantılara qarışmış hissəciklər Məişət Tullantılarının Çeşidlənməsi Zavodunda da çeşidlənməyə çətinlik törədir. Digər tərəfdən isə, dəniz sahilinə, meşə və yol kənarlarına atılan plastik tullantılar təbiətdə yüz illərlə qalır, uzun müddət həll olmur, canlıların sağlamlığı üçün ciddi təhlükə yaradır.

Sovet dövrününün tara qəbulu məntəqələri hara yoxa çıxdı?

Sovet dövründə isə şüşə qabların qəbul məntəqələrinin qarşısında həmişə gəlhagəl olurdu. Limonad və içki butulkalarını, müxtəlif həcmlərdə şüşə bankaları təhvil verən şəxslər əvəzində pul alırdılar. Nəticədə həm əmtəə korlanmır, dezinfeksiya olunaraq təkrar emala göndərilir, həm də əhali qazanırdı. Bu, şirkətlərə yeni alınan şüşələrin həcminin optimallaşdırılmasına imkan verməklə yanaşı, həm də ekoloji baxımdan faydalıdır.

Ekoloq Telman Zeynalov virtualaz.org-a bildirir ki, bu problem həll etmək üçün meyvə şirələri və su istehsal edən müəssisələri istifadə etdikləri qabların qəbulu məntəqlərini açmağa məcbur etmək lazımdır: “Mən Ekologiya və Təbii Sərvətlər Nazirliyində Ekoloji Şuranın üzvü və sədri olanda bu məsələ ilə bağlı təkliflərimi vermişəm, 10 ildir də bu təklifləri irəli sürürüəm. Sovet dövründə yaxşı nə var idisə, onu saxlamaq lazımdır. Meyvə şirləri, sular istehsal edən müəssisələri məcbur etmək lazımdır ki, qəbuledici məntəqələr açsınlar. Çünki bu xammal onlara lazımdır”.

“Avtobus dayanacaqlarında qəbuledici məntəqələr açılmalıdır” - ekspert

Ekoloq deyir ki, əslində tullantı yoxdur, hamısı xammaldır. Sadəcə, onlardan səmərəli istifadə etmək lazımdır.

“Mən konfransda da təklif eləmişəm ki, avtobus dayanacaqlarında şüşə və plastik qabların qəbuledici məntəqələri olmalıdır. Məsələn, əhali 10 ədəd butılka atmaqla avtobusa bilet ala bilər. Burada həm əhali qazanar, həm də ərazi tərtəmiz olur”, - T. Zeynalov bildirir.

Ekoloq həmçinin deyir ki, Rusiyanın prezident yanında ekolji şurasının sədri birgə fəaliyyətlə bağlı Azərbaycana müraciət edib və hər iki tərəf ekoloji problemlərin həlli ilə bağlı birgə fəaliyyətə başlayacaq.

“Fandomat”lar qoyulub, amma…

Qeyd edək ki, ötən ildən etibarən paytaxtın bir sıra iri supermarket şəbəkələrində “fandomat” adlanan xüsusi konteynerlər  qoyulub. Bu konteynerə yerləşdirilən hər bir plastik qab 2 qəpik dəyərindədir. Aparatdan istifadə edənlər 2 qəpiyi market çeki şəklində, 1 mobil danışıq dəqiqəsi şəklində və ya xeyriyyə yardımı şəklində ala bilirlər.

Bir neçə il əvvəl isə məişət tullantılarının, o cümlədən plastik və şüşə qabların ayrılaraq toplanması məqsədilə Bakının Binəqədi rayonunda “Təmiz Binəqədi” layihəsi həyata keçirilirdi. Bu layihə çərçivəsində rayonun müxtəlif ərazilərinə tullantıların çeşidlənərək yığılması üçün rəngli zibil qutuları qoyulmuşdu. Lakin hansısa səbəblərdən bu layihə özünü doğrultmadı və həmin qutular da dağıdıldı. Hazırda isə İçərişəhər ərazisində bu cür çeşidli tullantılar üçün zibil qutuları qoyulub, amma bu təşəbbüs yalnız şəhər mərkəzini əhatə edir.

Plastik tullantıların idarə olunması və ətraf mühitə təsirinin azaldılması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşəbbüsü ilə kampaniya başladılıb və ümumilikdə, yeddi şəhər və rayon üzrə plastik qabların toplanması və çeşidlənməsi üçün 20 konteyner yerləşdirilib.

Plastik tullantıların ətraf mühitə mənfi təsirinin azaldılması üçün prezident İlham Əliyev tərəfindən təsdiq olunmuş “Azərbaycan Respublikasında plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsirinin azaldılmasına dair 2019-2020-ci illər üçün Tədbirlər Planı” hazırlanıb. Lakin ekoloji layihələrin uğurla həyata keçirilməsi üçün dövlət tənzimlənməsi vacibdir. Burada söhbət həm qanunverici aktlardan, həm də pozuntulara görə cərimələrin tətbiqi ilə təşviq və cəzalandırmadan gedir.

Gülnar Əliyeva

Virtualaz.org

Xəbərlər