513
Aktual 12 iyun — 16:57

Hikmət Hacıyev Vaşinqtonda erməni lobbiçiləri ilə qarşılaşdı

İyunun 11-də Vaşinqtonda fəaliyyət göstərən nüfuzlu tədqiqat mərkəzlərindən biri olan Atlantika Şurasının Avrasiya Mərkəzində Azərbaycanın xarici siyasətinə həsr olunmuş tədbir keçirilib.

Virtualaz.org-un məlumatına görə, tədbirdə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Corc Kent, Azərbaycan Prezidenti Administrasiyasının Xarici siyasət şöbəsinin müdiri Hikmət Hacıyev, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Morninqstar və Vaşinqtonda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri və analitiklər iştirak ediblər.

Tədbirin ictimaiyyətə açıq olmasından istifadə edərək, erməni lobbisinin çox sayda nümayəndəsi də orada iştirak edib.

Tədbirdə çıxış edən Corc Kent Azərbaycan-Amerika əlaqələrinin strateji əhəmiyyəti barədə iştirakçılara məlumat verib. Cənubi Qafqazın vacibliyi haqqında danışarkən, o, Azərbaycanı təhlükəsizlik, enerji və iqtisadi inkişaf sahəsində mühüm tərəfdaş kimi xarakterizə edib.

ABŞ Dövlət Departamentinin nümayəndəsi rəsmilərin qarşılıqlı səfərlərinin və dialoqun artmasını ikitərəfli münasibətlərin inkişafının göstəricisi kimi qeyd edib. Corc Kent, Əfqanıstanda NATO-nun sülhməramlı əməliyyatında əhəmiyyətli dəstəyinə görə ABŞ hökumətinin adından Azərbaycana təşəkkür edib.

Onun sözlərinə görə, ABŞ Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tərəfdarıdır və ATƏT-in Minsk qrupu çərçivəsində vasitəçilik səylərinə sadiqdir. O bildirib ki, münaqişənin erkən həlli regionda sülh və firavanlıq üçün fürsət yaradar.

Daha sonra ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Morninqstarın moderatorluğu zamanı Hikmət Hacıyevlə söhbət olub. H.Hacıyev Azərbaycanın xarici siyasətinin əsasları, strateji mövqeyi, regional dövlətlər, enerji xəritələri və regionun xəritəsini dəyişdirən nəqliyyat layihələri, həmçinin Dağlıq Qarabağ münaqişəsinin həllinin hazırkı mərhələsi barədə danışıb.

Prezident Administrasiyasının rəsmi nümayəndəsi qeyd edib ki, Azərbaycan rəhbərliyinin təmkinli və müdrik yanaşmasına baxmayaraq, Paşinyan hökuməti münaqişənin həlli üçün ciddi bir mövqe nümayiş etdirmir, əksinə, bu vəziyyəti daha da ağırlaşan addımlar və ifadələrə yer verir.

Bu baxımdan Hikmət Hacıyev bu yaxınlarda Ermənistanın, qoşunların təmas xəttində Azərbaycan hərbçilərinin ölümü ilə nəticələnən təxribatlarından danışıb və bu addımların danışıqlar prosesinin pozulmasına yönəldiyini qeyd edib.

Ermənistanın yaşadığı iqtisadi çətinlikləri sadalayan Hikmət Hacıyev, münaqişənin həllinin ilk növbədə Ermənistana fayda verəcəyini, Ermənistanın bu böhrandan çıxmağının yeganə yolunun münaqişəni həll etmək olduğunu söyləyib. Hikmət Hacıyev bildirib ki, təəssüf ki, Ermənistan və onun diplomatları bunu hələ anlamırlar.

Prezident Administrasiyasının nümayəndəsi qeyd edib ki, sülh danışıqları ilə yanaşı, Ermənistan işğal olunmuş ərazilərdə qeyri-qanuni fəaliyyətini davam etdirir. H.Hacıyev beynəlxalq ictimaiyyətin bu məsələyə böyük diqqət yetirilməsinin vacibliyini vurğulayıb.

Sonda Hikmət Hacıyev iştirakçıların suallarını cavablandırıb. Bu mərhələdə tədbirdə iştirak edən erməni lobbiçiləri (bir daha xatırladırıq ki, tədbir ictimaiyyətə açıq olub-red.) Azərbaycan nümayəndəsinə təxribatçı suallar verməyə başlayıblar və Hikmət Hacıyev bu sualları cavablandıraraq, Ermənistanın beynəlxalq hüquq normalarını pozan təcavüzkar siyasətini ifşa edib.

Virtualaz.org

Xəbərlər