895
Aktual 12 iyun — 12:44

Bərdədə onkoloji xəstə öldü, oğlu təcili yardım işçilərinə lomla hücum çəkdi

Bərdədə Təcili Tibbi Yardım Stansiyasının çağırışa gedən əməkdaşları xəstənin oğlu tərəfindən döyülüb. Hadisə bu gün-iyunun 12-də Bərdə rayonunun Qaradəmirçi kəndində baş verib. Təcili yardım maşını da yararsız hala düşüb.

Döyülənlərdən biri-Bərdə rayonu Təcili Tibbi Yardım Stansiyasının 53 yaşlı tibb bacısı Təranə Qasımova hadisə barədə virtualaz.org-a danışıb.

Qasımovanın sözlərinə görə, bu gün saat 8:45-də Qaradəmirçi kəndinə çağırış olub. Ünvana çatan kimi xəstənin oğlu dəmir parçasını götürərək onlara hücum edib: “Maşından düşməyə imkan vermədi. Dedi ki, artıq atası ölüb, o da həkimləri öldürəcək. Özümüzü qorumaq üçün maşına mindik, dəmirlə maşını əzdi, şüşələri, güzgünü qırdı”.

Ölən  şəxs xərçəng xəstəsi olub. T.Qasımova deyir ki, əvvəllər də həmin xəstə üçün dəfələrlə çağırışa gediblər. Ağrıkəsici vurublar ki, ağrıları azalsın, sakitləşsin. “Bu dəfə də çağırış oldu, ləngimədən ünvana getdik. Amma çatanda məlum oldu ki, xəstə artıq keçinib, oğlu heç evə yaxınlaşmağa imkan vermədi. Dəmirlə elə vurdu ki, şüşə üstümüzə töküldü, əlimi, ayağımı doğrayı, hələ də saçlarımdan şüşə qırıntıları təmizləyirlər”, -tibb bacısı deyib.

Digər tibb bacısı 54 yaşlı Rəfiqə Abdullayeva da xəsarət alıb, şüşə qırıntıları barmaqlarını kəsib: “Bir nəfər yaxınlaşaraq oğlanı sakitləşdirməyə çalışdı, yalnız bu zaman sürücü qaçmağa nail oldu. Oğlan maşının arxasınca qaçdı, amma çata bilmədi”.

33 ildir təcili yardımda çalışdığını deyən Təranə Qasımova son zamanlar tibb işçilərinə qarşı aqressivlikdən narahat olduqlarını deyir. “Bu yaxınlarda həkim, ondan əvvəl isə tibb bacısı döyülmüşdü. Sərxoş kişini xəstəxanaya aparılanda ambulansda həkimə hücum edib döymüşdü, həkimin gözlərinin altının şişi uzun müddət getmədi. Dedilər ki, sərxoş olub, özünü idarə edə bilməyib. Hər gün müxtəlif çağırışlar olur, hansı evdə bizi nə gözlədiyini bilmirik, bu qorxu, stress ilə xəstəyə necə yardım edək?”

Tibb bacıları onları döyən şəxsdən şikayətçidirlər. “Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına şikayət etdik, izahat yazdıq. Biz xəstə yaxınlarını anlayırıq, amma bu qorxu ilə işləmək olmur. Biz xəstənin ölümündə günahkar deyilik axı...”

Qeyd edək ki, təcili yardım əməkdaşlarının döyülməsi halları tez-tez baş verir.

Ü.Xudiyeva

Vİrtualaz.org

Xəbərlər