2383
Aktual 17 may — 00:57

“Baku Expo” mərkəzində görünməmiş ajiotaj niyə yaranmışdı...

Bakıda mayın 15-də işə başlamış ənənəvi  Beynəlxalq Qida Sənayesi - “WorldFood Azerbaijan” və Beynəlxalq Kənd Təsərrüfatı - “Caspian Agro” sərgiləri “Baku Expo” sərgi mərkəzində görünməmiş ajiotaja səbəb olub. Virtualaz.org saytının əməkdaşları sərginin ikinci günündə mərkəzə baş çəkiblər və iş gününün sonu olmasına baxmayaraq çoxsaylı ziyarətçi axınının şahidi olublar.

Belə ki, “Baku Expo” mərkəzinin həyətində avtomobillərdən iynə atmağa yer qalmamışdı və sərgiyə gələnlər öz avtomobillərini Heydər Əliyev Bakı Beynəlxalq Aerportundan üzü şəhər istiqamətində yol kənarında saxlamalı olmuşdular. Nəticədə yolun sağ zolağının təxminən 1 kilometrdən çox hissəsi avtomobillər tərəfindən zəbt edilmişdi.

Sərgi mərkəzinin qeydiyyat masaları qarşısında da növbələr yaranmışdı. Əməkdaşların bildirdiyinə görə sərginin birinci günündə gələnlərin sayı daha çox olub. Üstəlik müşahidələrimiz belə qənaətə gəlməyə əsas verir ki, ziyarətçilər ötən illərdə keçirilən sərgilərdə olduğu kimi görüntü yaratmaq xatirinə müvafiq nazirliklərin tabeçiliklərində olan müəssisələrin əməkdaşları deyil. Ajiotaj  Azərbaycanda son illər kənd təsərrüfatının inkişaf etdirilməsinə yönəlmiş siyasətin nəticəsi olaraq bu sahəyə yerli və xarici şirkətlərin, potensial investorların artan marağının nəticəsidir.

Xatırladaq ki, prezident İlham Əliyev də mayın 15-də sərgilərlə tanış olub.

Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə bu ilki sərgidə dünyanın 32 ölkəsini təmsil edən 440 şirkət iştirak edir. Bu ilki sərginin ekspozisiya sahəsi ötən ilkinə nisbətən 20 faiz artıb Artım iştirakçıların sayında da qeydə alınıb. “WorldFood Azerbaijan” və “Caspian Agro” sərgilərində Azərbaycanla yanaşı, Litva, Rusiya, Sloveniya, Ukrayna, Xorvatiya və digər ölkələri təmsil edən şirkətlər də yer alır.

Bu il İtaliya, Türkiyə və Şri-Lanka sərgidə milli stendlərlə çıxış edirlər. Ənənəvi olaraq, sərgidə Rusiyanın Başqırdıstan, Penza, Voronij, Vladimir, Kabarda-Balkar kimi regional qrupları da iştirak edir. Belarusun  milli stendinin ekspozisiyası isə iki zalda - ikinci və sərginin tarixində ilk dəfə açılmış üçüncü zalda təqdim olunurdu. Yeri gəlmişkən qeyd edək ki, “Baku Expo”da keçirilən sərgilər tarixində ilk dəfə hər üç ekspozisiya zalı tam dolub.

Sərgidə dünyanın aparıcı kənd təsərrüfatı texnikası istehsalçıları, kənd təsərrüfatı sahəsində texnologiyalar, qida sənayesi sahəsində fəaliyyət göstərən startaplar, mikro və kiçik sahibkarlıq subyektləri də öz məhsul və xidmətlərini təqdim edirdilər.

Sərgilər BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO), AZPROMO, Azərbaycan Respublikası Sahibkarlar Təşkilatları Milli Konfederasiyası, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin dəstəyi ilə keçirilir. “Caspian Event Organisers” şirkəti və onun beynəlxalq agentlər şəbəkəsi sərgilərin təşkilatçısıdır. Kənd Təsərrüfatı Nazirliyi və Qida Təhlükəsizliyi Agentliyi də sərgilərin fəal iştirakçılarıdır.

...Saat 17.15 radələri olsa da ziyarətçilər bir ucdan gəlməkdə davam edirdi. Bu arada Baş nazir Novruz Məmmədov da kənd təsərrüfatı naziri İnam Kərimovun və Qida Təhlükəsizliyi Agentliyinin rəhbəri Qoşqar Təhməzovun  müşaiyəti ilə sərgi zalına daxil oldu. Onlar yerli və xarici şirkətlərin çoxsaylı stendlərinə baş çəkdilər. Hər stendin qarşısında bir neçə dəqiqə ləngiyib nümayiş olunan məhsullar, texnika və s. barədə məlumat alan N.Məmmədov və nazir İ.Kərimov iştirakçılarla söhbətləşir,  suallar verirdilər.

Ənənəvi olaraq, sərgidə "Made in Azerbaijan" brendi altında Azərbaycanın kənd təsərrüfatı və ərzaq istehsalçıları geniş çeşiddə qida, o cümlədən ət və süd məhsulları, çay, bal, şirələr və milli istehsalçıların digər məhsullar nümayiş etdirridilər. Sərgidə eyni zamanda, suvarma sistemləri, istixanalar və heyvandarlıq təsərrüfatları üçün avadanlıqlar, yem və toxumlar, kənd təsərrüfatı texnikası, baytarlıq preparatları, laboratoriya qurğuları və digər avadanlıqlar nümayiş olunurdu. Bütün bunların hamısı ilə tanışlıq əlbətdə ki, saatlarla vaxt aparacaq. Baş nazir N.Məmmədov və kənd təsərrüfatı naziri İnam Kərimov da onlarla stendə baş çəkməyə təxminən 1 saata yaxın vaxt sərf etdilər.

Qeyd olunmalıdır ki, bu ilki kənd təsərrüfatı və qida sərgiləri innovasiya yönümlüdür və yeni texnologiyalarla yanaşı milli startapların nümayiş etdirilməsinə də xüsusi önəm verilib. O cümlədən sərgidə Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Məşğulluğun Artırılması Layihəsinin (AMAL) stendi təşkil olunub.

AMAL  layihəsinin əsas məqsədi kənd yerlərində yaşayan istedadlı gənclər arasında aqrar sahədə gəlirgətirən fəaliyyət istiqamətlərinin müəyyən edilməsi və dəstəklənməsi vasitəsilə yeni iş yerlərinin yaradılmasına dəstək verməkdir. Layihə gənc fermerlərin formalaşmasına dəstək vermək və onların gələcəyin innovativ fermerlərinə çevrilməsi üçün baza yaratmaq, aqrar sahədə yeni müasir metod, texnologiya və tədbiqlərin istifadəsi vərdişlərini aşılamaq, innovativ metodların tədbiqi ilə rəqabətli kənd təsərrüfatı məhsullarının bazara çıxarmaq, əhalinin, xüsusən gənclərin rifahının və yaşayış səviyyəsinin yaxşılaşdırılmasına töhfə vermək üçün işlənib hazırlanıb.

Habelə  Dövlət Aqrar Ticarət Şirkətinin  qısa zamanda xeyli populyarlaşan “Kənddən şəhərə” layihəsinin stendi sərgidə nümayiş olunur. Məlum olduğu kimi bu layihə kəndlərdə fermerlərin və kəndlilərin istehsal etdikləri məhsulların  şəhərlərdə alıcılara birbaşa çatdırılmasını dəstəkləmək məqsədi güdür. Layihə çərçivəsində fermerlərin yetişdirdiyi məhsulların “Kənddən Şəhərə” markası adı altında qablaşdırılaraq satışı da həyata keçirilir. Bu məhsulları  həm  “Kənddən Şəhərə” mağazalarında , həm də müxtəlif market şəbəkələrində əldə etmək mümkündür.

Kənd təsərrüfatı sahəsində son bir ildə tətbiq edilmiş ən mühüm yeniliklərdən biri də şübhəsiz ki, texnikanın fermerlərə lizinqə verilməsində dövlət monopoliyasının aradan qaldırılmasıdır. İndi istənilən sahibkar kənd təsərrüfatı texnikasını fermerlərə lizinqə verə bilər. Bu zaman texnikanın dəyərinin 40 faizi dövlət tərəfindən subsidiyalaşdırılır. İlkin ödəniş isə 20 faizdən başlayır. Bu mühüm yenilik kənd təsərrüfatı texnikası istehsalçılarının Azərbaycan bazarına marağını artırmaqla yanaşı sağlam rəqabət də yaradır.

Sərgidə heç şübhəsiz ki, ən çox maraq doğuran stendlərdən biri kənd təsərrüfatı təyinatlı dronların tətbiqi ilə bağlı texnologiyaların nümayiş etdirildiyi stend idi. Bu stenddə  nəhəng ekranda Çinin DJİ şirkətinin isehsalı olan “Agras” dronlarının müxtəlif tipləri barədə videoçarx nümayiş etdirilir, habelə stenddə dərmançiləyən dron təqdim olunur. “Agras” dünyada kənd təsərrüfatı təyinatlı ilk dronlardır və son zamanlar bu texnologiya sürətlə kənd təsərrüfatına da sirayət etməkdədir. Stendlə tanışlıq dronların kənd təsərrüfatında tətbiqinin hansı unikal imkanlar yaratdığna əmin olmağa imkan verir.

Məsələn, sərgidə nümayiş etdirilən bu kiçik kvadrokopterin 10 litr həcmində dərman çəni və yüksək dəqiqlikli kamerası var. Dron 100 metrə qədər hündürlüyə qalxaraq əkin sahəsində müşahidələr apara, zərərvericiləri və xəstəlikləri vaxtında aşkarlaya bilir. Ən mühümü də budur ki, zərərvericilərin və ya xəstəliklərin lokal ocaqları dron tərəfindən aşkarlanan kimi həmin ocaqlar dərmanlanır. Nəticədə zərərvericilərin və xəstəliklərin bütün əkin sahəsinə yayılmasının qarşısı vaxtında alınır, habelə bütün sahənin dərmanlanmasına ehtiyac qalmır.

Dronlar böyük ölçüdə əkin sahələrində gedən proseslərə nəzarət etmək imkanı verməklə yanaşı yerüstü texnikanın hərəkəti üçün əlverişli olmayan sahələrdə dərmanlama məqsədi ilə tətbiq oluna bilir.

Azərbaycanda hələ ki, dronlardan kənd təsərrüfatında istifadə mövcud deyil. Lakin Kənd Təsərrüfatı Nazirliyinin indiki rəhbərliyi digər innovativ metodlar kimi dronların da tətbiqinə can atır. Nazirliyin rəsmiləri deyirlər ki, bu unikal texnologiyanın Azərbaycanda da tətbiqini görünür çox gözləmək lazım gəlməyəcək. Sadəcə müəyyən hüquqi-bürokratik məsələləri nizamlamaq üçün vaxt tələb olunur.

Sərgidə nəinki dronlara, hətta robota da rast gəldik. Azərbaycanın suvarma sistemlərinin topdansatışı üzrə ixtisaslaşmış “ASPAYP” şirkətinin stendinin qarşısında ziyarətçiləri əsl humanoid qarşılayırdı və onlara broşürlar paylayırdı. Yerişi , əl-qol hərəkətləri insan yerişindən demək olar fərqlənməyən bu robot onunla şəkil çəkdirmək istəyənlərə də yox demirdi və kameraların tuşlandığını görən kimi ciddi görkəm alıb üzünü kameraya çevirirdi.

Sərgidə Azərbaycanda kənd təsərrüfatı sahəsində start götürən innovativ təşəbbüslərdən biri  kimi  Kənd Təsərrüfatı Nazirliyinin balansında olan əkin torpaqlarının dirçəldilməsinə və bu torpaqlarda investorları cəlb etməklə müxtəlif layihələrin həyata keçirilməsinə yönəlmiş “Green Park” layihəsi barədə də məlumat verildi.

Xatırladaq ki, ötən il Kənd Təsərrüfatı Nazirliyinin nəzdində “Green Park Azərbaycan” MMC yaradılıb.  MMC-nin direktoru Aydəm İsmayılov deyir ki, məqsəd Kənd Təsərrüfatı Nazirliyinin balansında olan 100 min hektardan çox əkin torpaqlarında yerli və xarici investorları cəlb etməklə ekoturizmdən tutmuş istixanalara, balıqçılıq təsərrüfatlarından tutmuş müxtəlif emal və qablaşdırma müəssisələrinə, bağ sahələrinə  qədər geniş spektri əhatə edən layihələr həyata keçirməkdir. Bu layihələrin həyata keçirilməsi kənd yerlərində işsizlik probleminin aradan qaldırmasına mühüm dəstək verəcək.

A.İsmayılov məlumat verir ki, burada “Green Park Azərbaycan” MMC-nin  vəzifəsi müvafiq infrastrukturu yaratmaq və invstorları cəlb etməkdir. Layihə 15 rayonu əhatə edəcək, investorlara ən əlverişli şərtlər təklif olunur. Tam şəffaflıq hökm sürəcək. Artıq Bakının Sabunçu rayonu ərazisində, Ramanıda il “Green Park” layihəsinin həyata keçirilməkdədir. Burada balıqçılıq təsərrüfatı, istixanalar və bağ sahələri yaradılır. A.İsmayılov söz verdi ki, yaxın zamanlarda “Green Park” layihəsi barədə daha əhatəli məlumatlar verəcək və gələcək planlar haqda danışacaq.

Fürsət bilib Aydəm İsmayılovdan sərgidəki izdiham barədə də soruşuruq. Bildirir ki, bu izdiham Azərbaycanda kənd təsərrüfatına artan marağın təzahürüdür.

“Gördüyünüz kimi axşam saatları olsa da izdiham yaşanır, gələnlərin böyük əksəriyyəti şirkətlərin, fermer təsərrüfatlarının və s. nümayəndələridir. Azərbaycanda kənd təsərrüfatı sahəsində yatırımlar həyata keçirən iş adamları yeni texnika, texnologiya cəlb etmək istəyir, eləcə də xarici şirkətlər Azərbaycanda kənd təsərrüfatına diqqətin artdığını nəzərə alıb öz məhsullarını təqdim etməyə can atırlar”-o deyir.

Bu il sayca 15-cisi keçirilən “WorldFood Azerbaijan” və 13-cü  “Caspian Agro” sərgiləri isə mayın 17-də işini yekunlaşdırır.

Virtualaz.org

Xəbərlər