1608
Aktual 23 aprel — 16:54

Avropa İttifaqı ilə saziş: XİN Oqtay Əsədovu təkzib etdi

Bu gün Milli Məclisin spikeri Oqtay Əsədov Azərbaycanla Avropa İttifaqı arasında strateji tərəfdaşlıq sazişinin imzalanacağı tarixi açıqlayıb. Əsədov həmin sazişə “ermənilərin əngəl olmağa çalışdığını” deyib və bildirib ki, sənədin layihəsində Dağlıq Qarabağ Azərbaycanın ərazisi kimi göstərilib.

 “Saziş layihəsində Dağlıq Qarabağ ərazisi Azərbaycanın ərazisi kimi qeyd olunub, biz buna nail olmuşuq. Texniki məsələlər qalıb ki, onlar da həll edilir. Ermənilər bu sazişə əngəl olmağa çalışırlar”-o deyib. Və O.Əsədov bildirib ki, saziş mayın 13-də imzalanacaq.

Lakin spikerin bu bəyanatının üstündən bir neçə saat keçmiş XİN bildirib ki, sazişin həmin tarixdə imzalanması nəzərdə tutulmayıb.

"Çünki, ölkəmizlə Avropa İttifaqı arasında tərəfdaşlıq münasibətlərinin hüquqi əsasını təşkil edəcək saziş üzrə danışıqlar hələ ki, davam etdirilir"-XİN-in mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva bildirib.

Qeyd edək ki, bu günlərdə xarici işlər naziri Elmar Məmmədyarov Brüsseldə Avropa İttifaqının xarici siyasət komissarı Federiko Mogerini ilə danışıqlardan sonra saziş layihəsi üzərində danışıqlar hələ davam edir. Onun sözlərinə görə, sənəd böyük ölçüdə razılaşdırılıb, bəzi razılaşdırılmamış məqamlar qalır və sənədin imzalanması noyabr ayına planlaşdırılır.

Bu baxımdan spiker Oqtay Əsədovun sazişin mayın 13-də imzalanacağını nəyə əsaslanıb bəyan etdiyi məlum deyildi.

Virtualaz.org

Xəbərlər