2047
Aktual 15 aprel — 16:48

Rauf adını dəyişib Rail oldu, dövlət bankının 15 milyon manatını ələ keçirdi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda mənimsəmədə təqsirləndirilən Rauf Allahverdiyevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Virtualaz.org xəbər verir ki,  məhkəmənin hökmü ilə o, 8 il müddətinə azadlıqdan məhrum edilib. Prokuror isə bunan əvvəl R.Allahverdiyevin 11 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

İttiham aktına əsasən, R.Allahverdiyev Rusiya Federasiyasında "Roma S Kompaniya A" şirkətini təsis edib. Və şirkətin inkişafı məqsədi ilə maliyyə cəlb etməyə çalışıb.

R.Allahverdiyev adını dəyişərək özünü Rail Yusifov kimi təqdim edib və Rusiyada Yelena Akturiçlə əlbir olub, qanunsuz sənəd hazırlayaraq "Azərbaycan Beynəlxalq Bankı"nın Moskva filialından ayrı-ayrı vaxtlarda 866 min 566 manat, 338 min manat, 3 milyon 400 min manat və s. olmaqla, ümumilikdə, 15 milyon manat pulu mənimsəyib.

Götürülən pullar R.Allahverdiyevin təsis etdiyi "Roma S Kompaniya A" şirkətinin hesabına köçürülüb.

Bundan başqa, o, Rusiya ərazisində cinayət törətdiyinə görə, istintaqdan gizlənmək üçün Azərbaycana qanunsuz yolla qaçmağa cəhd edib. R.Allahverdiyev Quliyev Həsən Qulu oğlunun adına olanvə  rəsmi sənəd hesab edilən “Azərbaycan Respublikasına Qayıdış Şəhadətnaməsi”ni saxtalaşdırıb. Lakin R.Allahverdiyev Qusar rayonunda yerləşən "Samur" Sərhəd Nəzarəti məntəqəsində sənədi saxta olduğu üçün saxlanılıb.

R.Allahverdiyevin barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə, külli miqdarda) maddəsi ilə ittiham irəli sürülüb və həbs qətimkan tədbiri seçilib

Virtualaz.org qeyd edir ki, R.Allahverdiyevin barəsində Azərbaycan Beynəlxalq Bankının Rusiyadakı törəmə bankı “MBA-Moskva”nın iddiası ilə bu ölkədə də məhkəmə prosesləri keçirilib. Həmin proseslərdə R.Allahverdiyev Rail Yusifov kimi göstərilir.

Belə ki, 2019-cu il fevralın 5-də Rusiya Ali Məhkəməsinin mülki işlər üzrə məhkəmə Kollegiyasının çıxardığı qətnaməyə əsasən “MBA-Moskva” MMC-nin “Roma S Kompaniya A” MMC şirkətinə və onun sahibi Rail Yusif oğlu Yusifova, habelə “S-Geniy” QSC adlı şirkətə qarşı kredit borcunun qaytarılması və girov qoyulmuş daşınmaz əmlakın bankın xeyrinə müsadirə edilməsi tələbi ilə qaldırdığı mülki iddiaya baxılıb. İşə hazırda adını dəyişib “AM-Development” edən “S-Geniy”  şirkətinin apelyasiya şikayəti əsasında Ali Məhkəmədə baxıldığı məlum olub.

İşin materiallarından məlum olur ki, “Roma S Kompaniya A” şirkəti 2011 və 2012-ci illərdə “MBA-Moskva” bankından 5, 3 və 2.83 milyon rubl olmaqla üç kredit alıb. Bu kredit müqavilələri üzrə “S-Geniy” şirkətinə məxsus olan 3 mərtəbəli, kommersiya təyinatlı bina girov qoyulub.

Lakin məhkəmə çəkişməsi zamanı məlum olub ki, həmin bina özbaşına tikilidir. Üstəlik üçüncü şəxs qismində Martirosyan Ovanes Qurgenoviç adlı erməni də ortaya çıxıb və əmlakın girov qoyulması barədə müqaviləni etibarsız saymaq üçün iddia qaldırıb. Məhkəmə bu iddianı təmin edib.

Rusiya mənbələrində göstərilir ki, “Roma S Kompaniya A” şirkəti 2003-cü ildə Moskvada qeydiyyatdan keçib. Direktoru Akuliç Yelena Vasilyeva olub. Fəaliyyət sahəsi isə meyvə-tərəvəz, ət və ət məhsullarının, ət konservlərinin, quş ətinin ticarəti olaraq göstərilir. Şirkətin təsis sənədlərinə əsasən onun səhmlərinin 60 faizi adını “Rail Yusifov” olaraq dəyişdirmiş Rauf Allahverdiyevin, 40 faizi isə Yelena Akuliçin mülkiyyətində olub.

Virtualaz.org

Xəbərlər