3066
Aktual 14 aprel — 18:32

İran hərbi bazası vurulub, S-300 və S-400 kompleksləri yenə “görməyib”

İki gün əvvəl-aprelin 13-də İsrail Hərbi Hava Qüvvələri Suriyaya növbəti hava zərbələri endirib. Suriya rəsmi qaynaqları həmişəki kimi hava hücumundan müdafiə sistemlərinin İsrail raketlərini “dəf etdiklərini”, 3 nəfərin xəsarət aldığını açıqlayıb.

Lakin Suriya müxalif qaynaqları bildirir ki, raket zərbələrinin hədəfi Homs vilayətindəki İran hərbi bazası olub. Və dəqiqdir ki, bu zərbələr nəticəsində ölənlər və yaralananlar var. O cümlədən İran hərbçiləri arasında.

Virtualaz.org xəbər verir ki, İsrailin “Debka” portalı Rusiyanın S-300, S-400 və “Pantsir” zenit-raket komplekslərinin İsrail aviasiyasının hücumları zamanı “işləmir”. Və bunun arxasında Suriyada İranın güclənməsinə qarşı gizli İsrail-Rusiya-ABŞ sövdələşməsi dayanır.

Suriya İnsan Haqları Müşahidə Qrupunun rəhbəri Abd ər-Rəhman bildirib ki, Homs vilayətində İsrail aviasiyasının hədəfi İranın raket araşdırmaları bazası olub. Habelə “Hizbullah”ın bazasına zərbə endirilib.

Bu zərbələr İsrailin baş naziri Benyamin Netanyahunun Moskvaya qəfil səfərindən təxminən bir həftə sonra endirilib. Netanyahunu Rusiyaya səfərdə İsrail hərbi kəşfiyyatının rəhbəri Tamir Heyman və Milli Təhlükəsizlik Şurasının rəhbəri Meir Ben Şabat müşaiyət edirdi. Bu danışıqlarda Suriyada “İsrail və Rusiya hərbçiləri arasında koordinasiyanın gücləndirilməsi” məsələsi müzakirə olunub. Daha doğrusu söhbət İsrailin Suriyadakı İran hədəflərinə hücumları haqda danışılıb.

Eyni zamanda Suriya müxalif qaynaqları bildirir ki, Rusiya bu ölkədə İranın təsirlərini azaltmaq üçün kütləvi səylər göstərir. Son aylarda Rusiya qüvvələri Suriya ordusunun minlərlə iranyönümlü zabitini həbs edib və ancaq Əsədə loyal olan bölmələr formalaşdırır.

“Debka” onu da bildirir ki, ABŞ prezidenti Donald Tramp məxfi kanallarla Rusiya prezidenti Vladimir Putini İsrailin Suriyadakı fəaliyyətinə mane olmamaqla bağlı xəbərdarlıq edib. Tramp bildirib ki, Amerika İsrailin Suriyaya hava hücumlarını “qorumağa” hazırdır. Məlumata görə Rusiya ilə ABŞ arasında anlaşma əldə edilib və bu anlaşmaya görə Rusiya qüvvələri İranın Suriyadakı hərbi itirakına qarşı İsrailin fəaliyyətinə mane olmayacaq.

virtualaz.org

Xəbərlər