1464
Aktual 14 mart — 14:43

Kasıbları təhqir edən deputat Nəbiyev mandatı təhvil verdi

Rusiyanın Volqoqard vilayət Dumasının dövlət quruculuğu, yerli özünüidarəetmə və ərazilərin inkişafı komitəsi azərbaycanlı deputat Həsən Nəbiyevin mandatını vaxtından əvvəl təhvil verməsinə dair qətnamə layihəsini dəstəkləyib.

Virtualaz.org xəbər verir ki, qətnaməyə əsasən deputat Həsən Nəbiyev öz yazılı ərizəsi əsasında səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsini xahiş edib.

Həsən Nəbiyev bu günlərdə regional qanunverici orqanda yaşayış minimumundan aşağı pensiya alanların pensiyalarının artırılması məsələsi müzakirə olunanda kasıblar üçün təhqiramiz səslənən ifadələr işlətmişdi. Bildirmişdi ki, aşağı pensiya alanların hamısının pensiyasının artırılması ədalətli deyil. Çünki belələrinin arasında “alkaşlar və tüfeylilər” də var ki, vaxtilə onları zorla zavodlara işləməyə göndəriblər. Deputat uzun illər ərzində iri sənaye müəssisəsinə başçılıq etdiyini və onun tabeçiliyində işləyənlərin indi yaxşı pensiya aldıqlarını deyib.

Nəbiyevin bu çıxışı böyük qalmaqala səbəb olub. Qalmaqal federal miqyas alıb və onun təmsil etdiyi hakim “Vahid Rusiya” partiyası Nəbiyevin barəsində intizam tədbirinin görülməsini müzakirəyə çıxarmalı olub. Lakin H.Nəbiyev ancaq öz xoşu ilə mandatını təhvil verə bilərdi və belə görünür ki, azərbaycanlı deputat təzyiqlərə davam gətirməyib.

Həsən Nəbiyev Gədəbəy rayonunun Zəhmət kəndində anadan olub, “Qazprom transqaz Volqoqrad” şirkətinə və daha əvvəl Volqoqradda sənaye müəssisəsinə rəhbərlik edib.

Məlumata görə Nəbiyev deputat səlahiyyətlərinə xitam verilməsi məsələsi müzakirə olunanda iclasda iştirak etməyib. Hərçənd onun iclasa dəvət olnduğu bildirilir. Komitə qətnamə layihəsini dəstəklədikdən sonra region parlamentinin yaxın iclaslarından birində Nəbiyevin səlahiyyətlərinə xitam veriləcək.

Virtualaz.org

Xəbərlər