2244
Aktual 12 mart — 16:03

Paşinyan Azərbaycan xalqı ilə danışmaq istəyir

Virtualaz.org xəbər verir ki, erməni KİV-ləri  baş nazir Nikol Paşinyanın Ermənistanın təhlükəsizlik Şurasının Xankəndində qondarma “dqr” rəhbərliyinin iştirakı ilə keçirilmiş iclasındakı çıxışını yayıb. Paşinyan bir daha Ermənistanın baş naziri kimi Dağlıq Qarabağ ermənilərinin adından danışmaq mandatına malik olmadığını deyir. Amma bununla belə danışıqları davam etdirəcəyini bildirir.

Ermənistanın baş naziri xalqların sülhə hazırlanması məsələsindən də danışıb. Bu zaman özünün 2018-ci ilin payızındakı çıxışını misal göstərib. Həmin çıxışında Paşinyan deyirdi ki, Qarabağ probleminin həlli Ermənistan, Azərbaycan xalqları və Dağlıq Qarabağ əhalisi üçün məqbul olmalıdır.

Paşinyan təəsüflənib ki, həmin vaxtdan bəri Azərbaycan tərəfindən də belə bəyanatların veriləcəyini gözləyib, amma bu baş verməyib.

“Lakin buna baxmayaraq mən nəinki Azərbaycan prezidenti, eləcə də azərbaycan xalqı ilə dialoqu davam etdirməyə hazıram. Çünki əminəm ki, bu ölkənin xalqı da Ermənistan və Qarabağ xalqları kimi sülhsevərdir”-Paşinyan deyib.

 

***

Dağlıq Qarabağdakı qondarma rejim Xankəndində Ermənistan və “dqr” təhlükəsizlik şuralarının birgə iclasının yekunu ilə bağlı açıqlama yayıb.

Virtualaz.org erməni KİV-lərinə istinadən xəbər verir ki, açıqlamaya əsasən iclasda Azərbaycan-Ermənistan münaqişəsinin nizamlanmasına dair sülh prosesinin indiki vəziyyəti və koordinasiyalı fəaliyyətin planlaşdırılması müzakirə olunub.

Bildirilib ki, erməni tərəfi münaqişənin ATƏT-in Minsk Qrupu çərçivəsində müstəsna olaraq sülh yolu ilə nizamlannmasına sadiqdir. Paşinyan iclasda bildirib ki, Ermənistan danışıqlar prosesinə sadiq qalmaqda davam edir və Dağlıq Qarabağın “təhlükəsizliyinin qarantı” kimi bu istiqamətdə səylərini əsirgəməyəcək. “Bununla belə sülh prosesinin effektivliyi və tamlığı üçün Dağlıq Qarabağın da prosesdə iştirakı aktual olaraq qalır”-açıqlamada deyilir.

Xatırladaq ki, Paşinyan son günlərə qədər Dağlıq Qarabağın adından danışmaq mandatının olmadığını və Azərbaycan prezidenti ilə qarşıdakı görüşündə formatın dəyişdirilməsini müzakirə edəcəyini deyirdi. Lakin Minsk Qrupunun həmsədrləri ötən həftə birgə bəyanat yayaraq formatın dəyişdirilməsinə yönəlmiş birtərəfli cəhdlərdən qaçmağa çağırdılar. Habelə vurğuladılar ki, Dağlıq Qarabağ ətrafındakı rayonların Azərbaycanın nəzarətinə qaytarılması münaqişənin nizamlanmasının başlıca prinsiplərindən biridir.

Virtualaz.org

Xəbərlər