2086
Aktual 5 fevral — 16:06

Azərbaycanlı jurnalist Yerevanda işləməyə başladı

Fevralın 1-5-i tarixlərində “Turan” agentliyinin redaktoru Şahin Hacıyev bir neçə reportaj hazırlamaq və müsahibə almaq üçün Ermənistanda olub. Agentliyin saytında bildirildiyinə görə, bu səfərin həyata keçirilməsi məqsədilə Azərbaycanın və Ermənistanın müvafiq orqanlarının razılığı alınıb.

Belə ki, Ermənistan XİN Hacıyevə və onu müşayiət edən şəxslərə - Gürcüstan və Rusiya vətəndaşlarına jurnalist akkreditasiyası verib.

Yerevanda olduğu müddətdə “Turan”ın redaktoru siyasi partiyaların nümayəndələri və ekspertlərlə bir sıra görüşlər keçirib.

Yaxın günlərdə dərc ediləcək video və yazılı reportajların mövzusu Qarabağ münaqişəsinin tənzimlənməsi, regiondakı vəziyyət olacaq.

Bu məlumatı şərh edərkən Ermənistan XİN mətbuat katibi Anna Nağdalyan bildirib ki, bu səfər sırf peşəkar xarakter daşıyır və nazirlik üçün təbiidir, belə ki. qurum hər gün xarici jurnalistlərdən onlarla belə sorğu qəbul edir.

“Onun tərəfindən XİN-ə akkreditasiya və Ermənistanda jurnalist fəaliyyətinin həyata keçirilməsi üçün sorğu göndərilmişdi. Bütün prosedurları keçdikdən sonra xahişi təmin edilib və o, bir qrup jurnalisti ilə birlikdə Ermənistana gəlib”, - Anna Nağdalyan qeyd edib.

Xəbərlər