181
Aktual 11 yanvar — 15:55

Azərbaycanda "donuz qripi" (H1N1) virusuna yoluxma yoxdur

Virtualaz.org xəbər verir ki, bunu ölkənin baş epidemioloqu İbadulla Ağayev "donuz qripi" ilə bağlı bu gün keçirilən mətbuat konfransında deyib.

İ.Ağayevin sözlərinə görə, 2006-cı ildən indiyədək ölkədə “donuz qripi”, yaxud “quş qripi” qeydə alınmayıb. Baş epidemioloq mətbuat orqanlarını bu məsələdə diqqətli olmağa çağırıb. Bildirib ki, Azərbaycan “donuz qripi” virusunun qarşısını almaq iqtidarındadır. Əgər ölkə ərazisində bu virus kütləvi şəkildə yayılarsa, səhiyyə orqanları bunun qarşısını ala biləcək. Bunun üçün xüsusi palatalar, dərmanlar var.

"Dünyanın heç bir ölkəsində “donuz qripi”nə qarşı vaksin yoxdur. Qripə qarşı peyvənd var, amma bu "donuz qripi"nə aid deyil", - Ağayev deyib.

Onun sözlərinə görə, hər bir insan özünün həkimi olmalıdır. Qrip mövsümi xəstəlik olduğu üçün havalar soyuyanda xəstəliyin yayılması təbiidir:

"Bundan qorunmaq üçün də insanlar diqqətli olmalı, qoruyucu maskalardan mütləq istifadə olunmalıdır, maskalar 4 saatdan bir dəyişdirilməlidir". O əlavə edib ki, Səhiyyə Nazirliyinin icazəsi olmadan kimsə hər hansı dərman vasitəsi, o cümlədən vaksin sata bilməz. Nazirliyin deposu tərəfindən kiməsə və ya harasa dərman preparatları verilməyib.

Kliniki Tibbi Mərkəzin yoluxucu xəstəliklər şöbəsinin müdiri Mahir Rəhimov isə bildirib ki, qonşu ölkələrdə insanların ölüm səbəbi "donuz qripi” virusu deyil: “Buna səbəb stafilokokk pnevmoniyasıdır. Məsləhət görürəm ki, insanlar vitamin C, çoxlu maye qəbul etsinlər. Qızdırmalı və xəstə insanlardan uzaq dursunlar. Əgər işdə xəstə adam varsa, gəlməsin, izolə olunsun”.

Ülviyyə Xudiyeva

Virtualaz.org

Xəbərlər