623
Aktual 11 oktyabr — 23:53

İlham Əliyev: “Bir dənə də şəhər qalmayacaq ki, orada ən müasir xəstəxana olmasın”

“Bu gün Quba şəhərində çox əlamətdar bir gündür. Qubada Mərkəzi Rayon Xəstəxanası açılır. Mən bu münasibətlə sizi ürəkdən təbrik edirəm. Bu, çox gözəl tibb müəssisəsidir, ən yüksək, müasir standartlara cavab verir. Həm xarici görünüşü, həm daxili tərtibatı və dizaynı çox gözəldir. Əlbəttə ki, burada quraşdırılan tibbi avadanlıq ən yüksək standartlara malikdir. Əminəm ki, burada xəstələrə çox gözəl tibbi xidmət göstəriləcək və xəstələr şəfa tapacaqlar”.

Virtualaz.org bildirir ki, bunları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Quba Rayon Mərkəzi Xəstəxanasının kollektivi ilə görüşdə çıxış edərkən deyib.

Prezident qeyd edib ki, bu tibb müəssisəsi həkimlərin iş yeridir və həkimlərin iş yeri belə gözəl səviyyədə olmalıdır. Bu xəstəxanada bütün şöbələr var. Burada bütün xəstəliklərin müalicəsi mümkündür. Eyni zamanda, diaqnostikası da mümkündür: “Onu da deməliyəm ki, bir neçə il bundan əvvəl mənim təşəbbüsümlə Quba şəhərində müalicə-diaqnostika mərkəzi yaradılmışdır. Bu xəstəxana Qubada ikinci böyük tibb müəssisəsidir. Əminəm ki, Quba sakinləri bu imkanlardan istifadə edəcəklər”.

Dövlət başçısı bildirib ki, belə müasir xəstəxananın bölgədə yaradılması hakimiyyətin siyasətini göstərir: “Bu gün Azərbaycanın bütün bölgələrində, hər bir rayonunda müasir tibb müəssisəsi yaradılıb və yaradılır. Bu il altı şəhərdə yeni böyük xəstəxananın istifadəyə verilməsi nəzərdə tutulurdu. Artıq ikinci xəstəxana bu gün istifadəyə verilir. Bundan əvvəl Naftalan şəhər xəstəxanası istifadəyə verilmişdir. İlin sonuna qədər dörd xəstəxananın tikintisinin başa çatması nəzərdə tutulur. Gələn il dörd şəhər xəstəxanası istifadəyə veriləcək, yaxud da ki, tikintisi davam etdiriləcək. Beləliklə, Azərbaycanda bir dənə də şəhər qalmayacaq ki, orada ən müasir xəstəxana olmasın. Nəhayət, biz ölkəmizin səhiyyə sahəsinin maddi-texniki bazasının yaradılmasının tamamlanmasını görəcəyik. Bu, doğrudan da böyük hadisədir. Çünki bu gün ölkəmizdə göstərilən tibbi xidmətin səviyyəsi yüksəlir, imkanlar artır. Biz bu imkanlardan istifadə edib bu gün vətəndaşlara çox gözəl xidmət göstərə bilirik. Siz bilirsiniz ki, bir neçə ildir ölkəmizdə müayinədən keçmə - diaqnostika aparılır. Bu il beş milyondan çox insan bu imkanlardan istifadə edib. Onların bəzilərində olan xəstəliklər aşkarlanıb, onlara tibbi xidmət göstərilib, tövsiyələr verilib. Əgər ciddi xəstəlik varsa, onda onlar Bakı şəhərinə göndəriliblər.

Son 15 il ərzində Azərbaycanda 600-dən çox yeni tibb müəssisəsi tikilib və ya əsaslı şəkildə təmir edilib. Bu, bizim insanların sağlamlığına verdiyimiz böyük töhfəmizdir. İnsanların sağlamlığı ən vacib məsələdir. Bu gün statistikaya, Dünya Səhiyyə Təşkilatının hesablamalarında Azərbaycanın artan reytinqinə baxdıqda görürük ki, bu sahədə çox yaxşı nəticələr var. Azərbaycanda insanların ömrünün uzunluğu artır, körpə-ana ölümü azalır. Əlbəttə ki, bu istiqamətdə daha da böyük addımlar atılacaq. Amma prinsipcə, səhiyyə sisteminin maddi bazasının yaradılması prosesi başa çatmaq üzrədir”.

Xəbərlər