2044
Üzbəüz 19 iyun — 09:37

Kremlə işləyən Rusiya qəzeti “Artsax” haqda

Rusiya KİV-lərinin bir qayda olaraq Dağlıq Qarabağdakı erməni separatçılarına informasiya dəstəyi verdiyi məlumdur. Ötən ilin aprel hərbi əməliyyatları zamanı Azərbaycan ictimaiyyəti bunun bir daha şahidi olub. Hansı ki, o cümlədən Kremlə bağlı Rusiya KİV-lərinin reportyor qrupları Dağlıq Qarabağa ezam edilərək baş verənləri birmənalı şəkildə erməni nöqteyi-nəzərindən işqlandırmaqda idi.

İndi təmas xəttində son günlər Ermənistan ordusunun ciddi itkilər verməsi ilə müşaiyət olunan gərginliklə əlaqədar Rusiya KİV-lərində yenə də eyni xətt müşahidə olunmaqdadır. Sifarişli yazılar dərc etməsi ilə tanınan “Nezavisimaya qazeta” isə deyəsən bir qədər də irəli gedib və Azərbaycanın işğal altındakı ərazilərində baş verənlər barədə məqaləsində “Artsax” ifadəsini işlədib.

Xatırladaq ki, bir müddət əvvəl Dağlıq Qarabağdakı qondarma erməni rejimi “referendum” keçirərək “Dağlıq Qarabağ respublikasının” adını dəyişdirərək “Artsax” kimi elan etmişdi. İndi “Nezavisimaya qazeta” bu ad dəyişikliyini tanıyaraq Azərbaycan ərazilərinin bir hissəsi barədə uydurma “Artsax” sözünü başlığa çıxarıb və təmas xəttində hökm sürən son gərginliklə bağlı bütünlüklə erməni tərəfin nöqteyi-nəzərini əks etdirən, Azərbaycan tərəfinin mövqeyi barədə bir kəlmə də olsa bəhs edilməyən məqalə dərc edib. “Artsax yenidən müharibə ərəfəsindədir”-qəzetin aşağı keyfiyyətli, jurnalistika və təhlil standartlarından uzaq olan cızma-qarasının başlığı belədir.

Virtualaz.org qeyd edir ki, “Nezavisimaya qazeta” 1995-2005-ci illər ərzində oliqarx Boris Berezovskinin mülkiyyətində idi. 2005-ci ildə Berezovski qəzeti o vaxtkı iqtisadi inkişaf naziri German Qrefin köməkçisi Konstantin Remçukova satdı. Hazırda Remçukov qəzetin sahibi və baş redaktorudur. Lakin bu, “Nezavisimaya qazeta”nın heç də adından göstərildiyi kimi müstəqil olması mənasını vermir. 2014 və 2015-ci illərdə “Anonimous” hakerlər qrupu “Nezavisimaya qazeta”nın Moskva meriyasının və Rusiya prezidenti Administrasiyasının maraqlarına xidmət edən məqalələr dərc etdiyinə, habelə Remçukovun Prezident Administrasiyasının daxili siyasət İdarəsinin rəhbərinin müavini Timur Prokopenko ilə sıx əməkdaşlığına, təlimatları ondan aldığına dair ifşaedici materialları ələ keçirib yaymışdı.

Konstantin Remçukov

Belə görünür ki, rəsmi Bakı Rusiya KİV-lərinin, o cümlədən indiki halda “Nezavisimaya qazeta”nın qondarma “Artsax” adını işlətməsi ilə bağlı qəzetin redaksiyasına, eləcə də Rusiyanın müvafiq dairələrinə öz ciddi etirazını bildirməlidir. Çünki Moskvanın Azərbaycan mediasında Rusiya tematikası ilə bağlı dərc edilən məqalələrə necə həssas yanaşdığı məlumdur. Bu ilin əvvəllərində isə haqqin.az saytı Qərb KİV-lərinin yaydığı, o cümlədən Rusiyanın aparıcı KİV-lərində, TASS agentliyində belə dərc edilən informasiyanı-İŞİD-in bir sıra xarici ölkələrdəki Rusiya səfirliklərinə qarşı terrora əl ata  biləcəyi barədə məlumatı dərc etdiyinə görə Rusiya XİN Bakıya nota vermişdi. İndi Azərbaycan tərəfi “Nezavisimaya qazeta” kimi nəşrlərin erməni təbliğatının ruporuna çevrilməsinə niyə göz yummalıdır?

Fərhad Məmmədov

Virtualaz.org

Xəbərlər