1738
Üzbəüz 22 noyabr — 00:44

Ot basmış general məzarı - (Video)

Azərbaycan ordusunun formalaşmasında birbaşa əməyi olan generallardan birinin - tam artilleriya generalı Əliağa Şıxlinskinin xatirəsinin əbədiləşdirilməsi üçün atılan addımlar sırasında nələr ola bilər?!
Süjeti hazırlayanda ANS-in arxivinə gözucu nəzər saldım. Başda Şıxlinski olmaqla generallarımız haqda azı üç reportaj hazırlamışıq. O səbəbdən də prezidentin Əliağa Şıxlinski ilə bağlı verdiyi sərəncam ilk növbədə bizi sevindirdi. Və əlbəttə ki, bir də qocaman tədqiqatçı-jurnalist Şəmistan Nəzirlini.
Şəmistan Nəzirlinin sözlərinə görə, 1920-ci ildən 1937-ci ilə qədər bolşeviklər 21 generalımızı güllələyiblər: “Elə generalları güllələyiblər ki, bu gündə də onların əvəzi yoxdur. Çox yaxşı olar ki, onların xatirəsinə mərmərdən bir sütün ucaldılsın – hər birinin təvəllüdü, adı, atasının adı və onların nəyə görə güllələndiyi barədə məlumat qeyd edilsin. Əslində onların nəyə görə güllələndiyi məlumdur. Onlar Müsavat ordusunun generalını sorğu-sualsız güllələyirdilər”.
Yada salaq ki, burada - vaxtilə Çəmbərəkənd adı ilə tanınan qəbiristanlıqda ilk hərb nazirimiz, artilleriya generalı Səməd bəy Mehmandarov dəfn olunub. Söhbət 1931-ci il fevralından gedir. 1939-cu ildə Sergey Mironoviç Kirov öldürüldükdən sonra onun xatirəsini əbədiləşdirmək üçün qəbiristanlıq yerlə-yeksan edilib və yerində istirahət parkı salınıb. İmkanı olanlar öz əzizlərinin qəbrini bu ərazidən başqa yerə köçürə bilib.

Mehmandarovun qəbrinə sahib çıxan isə tapılmayıb. Çünki o illərdə Müsavat naziri olduğu üçün Mehmandarovun həyat yoldaşı Yelizaveta Nikolayevna və atasının Pir, anasının İqor adlandırdığı oğlu Azərbaycandan sürgün edilmişdi. Mehmandarov isə qocaldığı, əldən düşdüyü üçün deyilənlərə görə, Bakıda qalmışdı.

Hər halda bu faktlar rəsmi təsdiqini tapmasa da tam artilleriya generalı olan Mehmandarovun bu məkanda dəfn edildiyi faktdır. İndi Şəmistan Nəzirli də düşünür ki, generalların xatirəsinin əbədiləşdirilməsi üçün burdan münasib yer tapmaq olmaz.
Əslində Milil Ordu qurucularının heykəllərinin etüdlərinin hazırlıq işlərinə illər əvvəl başlanılıb. Xalq rəssamı Xanlar Əhmədovla onun emalatxanasında görüşdük. Rəssam həm Şıxlinskinin, həm də Mehmandarovun heykəllərini öz qəlbinin sifarişi ilə hazırladığını deyir. Hansı ki, oxşar işi hələ sovet dövründə də görüb. Şıxlinskinin barelyefini hazırlamışdı.
“Artilleriyanın Allahı” sayılan Əliağa Şıxlinski haqda maraqlı məlumatlar var. Məsələn, deyirlər ki, o, rus-yapon müharibəsi zamanı iki topla düşmənin 18 topuna qarşı müqavimət göstərib. Birinci dünya müharibəsində Rusiya paytaxtı Petroqradın - indiki Sankt-Peterburqun müdafiəsi şəxsən ona həvalə olunub. Hərbi Akademiyanı bitirmədən rus ordusunda ali rütbəli zabit heyətinə daxil olub. İmperator məiyyətinə daxil olmaq bərədə israrlı təklifləri heç vaxt qəbul etməyib.
Və nəhayət, onun topçuluğa dair şəxsən düşünüb hazırladığı “Şıxlinski üçbucağı” bu gün də dünya artilleriyasının işinə yarayır. İndi biz onun işinə yarımalayıq. Otdan-ələfdən təmizlədiyimiz məzarını ya daha münasib yerə köçürməli, ya da ona heykəl ucaltmalıyıq. Həm də təkcə ona yox. Bu gün məzarı belə olmayan güllələnmiş daha 21 generalımıza da...

Xəbərlər