19379
Üzbəüz 19 iyun — 20:54

“İçəri Heydər Əliyev, Bəylər Əyyubov və mən girdik...”

Müşfiq Mədətov: “Rza İbadov və onun kimilər kim idi ki, Heydər Əliyevin qəbuluna düşə?!” 

Müşfiq Mədətov... Bu ad bəzi oxuculara, xüsusən də gənc nəslə bəlkə də heç nə demir. Amma vaxt vardı ki, bu ad mətbuatda, ictimaiyyətdə, adi adamlar arasında tez-tez çəkilirdi, çox populyar idi. Ondan az qala hər gün yazırdılar, onu ittiham və müdafiə edirdilər. O, sıradan, adi bir məhbus deyildi. Çünki o, tutduğu posta görə adi adam olmamışdı. Prezidenti qoruyan şəxsin siyasi və sair ittihamlarla həbsi Azərbaycan kimi avtokratik ölkələrdə əsl hadisəyə çevrilməli idi və çevrildi də...

Ulduzu birdən-birə parlayan Müşfiq Mədətovun gözqamaşdırıcı karyerası qəfildən də yarıda kəsildi. Çoxunun gözünü qamaşdıran o parlaq ulduz da çox tez söndü. Tale ona qəribə sürprizlər hazırlayıbmış. Hələ çox gənc ikən - 24 yaşında Heydər Əliyev kimi böyük və nüfuzlu bir adamın şəxsi mühafizəçisi mərtəbəsinədək yüksələn Müşfiq Mədətov haradan biləydi ki, 29 yaşında polis rəisi qismində, buz baltası kimi, sapsağlam halda həbsə düşüb oradan bir də 15 il sonra sözün əsl mənasında yarımcan halda, keçmiş siyasi məhbus statusu ilə çıxacaq?! Belə taleli insanlar az-az olur... Həsəd aparılası tale də deyil heç.

Ömrünün 15 ilini həbsxana divarları arasında keçirmiş, üst-üstə aylar uzunu təkadamlıq kamerada qalmış, hər cür işgəncələr, basqılar, təzyiqlər görmüş bu adamı yaxşı, “yumşaq” müsahib saymaq olmaz. Amma o da var ki, çox maraqlı müsahibdir. Danışdıqca maraqlı məqamlara toxunur. O məqamlara ki, onlar zaman-zaman kimlərəsə sərf etməyib deyə təhrif olunub, unudulub, unutdurulub. O məqamlar ki, Azərbaycanın son dövr ictimai-siyasi tarixinin ən həssas nöqtələri məhz onların üstündə qurulub.

Dediyimiz kimi, Müşfiq Mədətovla ütülü söhbət çətin alınan işdir. Ona görə də diqqətli və tələbkar oxucuların bu müsahibədə rastlaşa biləcəyi qüsurlar, tutaq ki, bir sualın başqa formalarda bir daha verilməsi, artıq haqqında söz açılmış mövzuya bir də qayıdılması “pinti redaktə”nin ayağına yazılmasın. Müşfiq Mədətovun dediklərini olduğu kimi, “sığallayıb tumarlamadan” təqdim etməyi üstün tutduq... 

(II hissə. Müsahibənin əvvəli saytın 18 iyun tarixli buraxılışında. Yazının birinci hissəsinə bu linkdən baxa bilərsiniz: "birinci hissə") 

- Heydər Əliyev sizə çox etibar edirdi yəni?

- O, mənə həmişə etibar edib. Hər çətin vəziyyətdə də mənə etibar edib.

- Məsələn, hansı çətin vəziyyətlərdə?

- Məsələn, Ələkrəm Hümbətov məsələsində. Gəncəyə Surət Hüseynovla görüşə gedəndə Gəncədəki qonaq evinə Heydər Əliyevlə bərabər təkcə mən girmişəm.

- Necə yəni təkcə siz girdiniz?

- Qonaq evinə rəsmi şəxslərdən başqa heç kimi, o cümlədən mühafizəçiləri də buraxmırdılar. İçəri yalnız Heydər Əliyevi, Bəylər Əyyubovu və Mahmud müəllimi (Heydər Əliyevin kürəkəni Mahmud Məmmədquliyevi nəzərdə tutur-red.) buraxmışdılar. Mühafizəçilərdən isə heç kimi buraxmırdılar. Bizi çöldə saxladılar. Mən Surətin mühafizəçiləri ilə mübahisə etdim. Axır ki, mən də içəri girdim. İki gün qaldılar orada. Həmin iki günü orada da elə dəhlizdə qaldım, orada da yatdım.

- Lənkəranda Ələkrəm Hümbətovu niyə həbs edə bilmədiniz?

- Ələkrəmi həbs etmək üçün Lənkərana getmişdik. Amma alınmadı. Biz ora gedəndə artıq o qaçıb getmişdi. Qabağını ala bilmədik. Bizdən qabaq da ora Biləsuvar OMON-u getmişdi.

- Heydər Əliyev prezident olandan sonra onunla ünsiyyətiniz olurdumu?

- Yox. Əsas ünsiyyətimiz 1994-95-ci il hadisələrində olub.

- O zaman vəzifəniz nə idi?

- Mühafizə idarəsində növbə rəisi idim. O zaman Bakıya alışmışdım. İşim də rahat gedirdi. Hər kəs hörmətimi saxlayırdı. Həbsdə olanda da, indi də həmin insanlar məni axtarırlar, halımı soruşurlar.

- 1994-cü il də gərgin il idi. O olayları necə xatırlayırsınız?

- 1994-cü il OMON hadisələrində hər kəs qaçmışdı. Biz o zaman Heydər Əliyevlə Amerikada idik. Tariyel Ağayev bizə zəng vurdu ki, Afiyəddin Cəlilovu, Şəmsi Rəhimovu öldürüblər.

- Heydər Əliyevin bu xəbərə reaksiyası necə oldu? Siz onun yanında idiniz. O həyəcanlandımı?

- Ümumiyyətlə, Heydər Əliyev həyəcanını, hisslərini biruzə verən insan deyildi. O, çox soyuqqanlı, təmkinli, iradəli adam idi. Bu xəbəri alandan sonra Türkiyə prezidenti Süleyman Dəmirəlin təyyarəsi gəldi. Biz ABŞ-dan Türkiyəyə uçduq. Türkiyədə bizə dedilər ki, Heydər Əliyevə sui-qəsd olacaq. Bakı qvardiyasından Türkiyəyə - bizə kömək gəldi. 10 nəfər xüsusi təyinatlı gəlmişdi. Səhərisi gün Bakıya gəldik. Rəhmətlik Afiyəddin müəllimin evi Hökumət Evinin yanında idi. Yas mərasimi də orada keçirilirdi. Sonra Heydər Əliyev bizim müşayiətimizlə onun dəfninə getdi.

O zaman yasda da heç kim yox idi. Bunun 10-12 şahidi var. Onlardan biri də mənəm. Tariyel Ağayev bilir ki, orada kimlər var idi.

- O yas mərasimində kimlər yox idi?

- Nazirlərin demək olar ki, heç biri yox idi. Hamısı qorxurdu. Prezidentin mühafizəçilərinə həyəcan siqnalı verilmişdi. Amma 30 nəfərdən cəmi 7 nəfər gəldi. Qalanları qorxurdular. Hamı gözləyirdi ki, görək axırı nə olacaq. O vaxt Heydər Əliyev dedi ki, Rövşən Cavadovun atası Bəxtiyar Cavadovu gətirin danışıqlara. Rövşənlə danışıqlara getməyə də adam yox idi. Akif Muradverdiyevlə ikimiz getdik. İndi hamı kitab yazır ki, belə hadisələr olub, nə bilim nə olub. Onlar oturub televizora baxıb kitab yazırlar. Həmin hadisələrin canlı şahidi mənəm, bir də qalan OMON-çulardır.

- Bəxtiyar Cavadovla görüşə elə siz və Akif Muradverdiyev getdiniz?

- Bəli. OMON-un bazasında bizə bildirdilər ki, Bəxtiyar kişi Heydər Əliyevin qəbuluna gedəndə onun yerinə girov kimi bir nəfər burada qalmalıdır. Dedim mən qalaram. Allaha şükür ki, Tariyel Ağayev sağdır, yaşayır, bilir hər şeyi və təsdiq edə bilər. Daha onu deyə bilmərəm ki, Tariyel Ağayev bəlkə dinini-məzhəbini dəyişə, deyə mən görməmişəm. Amma məsələ belə olub. 

- Siz könüllü olaraq dedinizmi “mən girov qalaram” sözünü?

- Mən heç rəsmi adam deyildim axı. Getdim görüşə. Dedim məni girov saxlayın, əgər bir şey olsa, məni öldürərsiniz.

- Beləliklə, girov qaldınız..

- Yox, Rövşən Cavadov məni yaxşı tanıyırdı. Dedi bu, burada qalmayacaq, bizimlə birgə gedəcək. Onlarla birgə Prezident Aparatına girəndə tələb etdim ki, hamı silahlarını təhvil verməlidir, əks halda içəri buraxmayacağam. Cahangir Müslümzadə də söhbətə qarışdı. Dedim bura mühafizədir, silahları verməlisiniz.

Rövşən Cavadov da silahını mənə təhvil verdi. Prezidentin yanına silahla heç kəs girə bilməzdi. Məndən qorxmurdular, sadəcə hörmət edirdilər.

Hadisələr səngiyəndən sonra, ertəsi gün  mitinq oldu. Sirus Təbrizli xalqı meydana çağırdı. Bundan sonra hamı, özünü əliyevçi sayan bütün məmurlar mitinqə axışıb orada şəkil çəkdirməyə başladılar.

- Sonra nə oldu?

- Heydər Əliyevlə Rövşən və Bəxtiyar kişi bütün məsələləri müzakirə etdilər. Barışıq oldu. Ara sakitləşdi.

- Bu olaylardan sonra sizə etimad güclənməli idi...

- Hə. Bu hadisələrdən sonra Heydər Əliyevin görüşünə kim gəlirdisə, onu içəri yalnız mən buraxırdım. Rza İbadovu, başqalarını.

- Rza İbadov Heydər Əliyevin qəbuluna düşə bilmirdi bəyəm?

- Yox. Rza İbadov və onun kimilər o zaman kim idi ki?! Mən gedib Bəylər müəllimə deyirdim ki, Rza gəlib, onu qəbul edin. Rzanın hansı səlahiyyəti var idi ki?! Bir keçmişə baxın. Tək o da deyildi. Hüseyn Abdullayev və onun kimilər bu hadisələrin heç birində olmayıb. Onlar 1997-ci ildən sonra ortaya düşdülər. Bunların hamısını sübut edərəm. İstəyirlərsə, məni məhkəməyə də verə bilərlər. Amma dediklərimi sübut edərəm.

- Rza İbadovun Heydər Əliyevə birbaşa çıxışının olmadığını dediniz...

- Bəli. Ona heç yaxınlaşmağa da ixtiyarı yox idi. Rza gəlib Bəylər müəllimlə görüşüb məsləhətlər alardı və bütün xahişlərini də onun əli ilə çatdırardı. Rza heç vaxt ondan yuxarı qalxa bilməzdi. Rzanı Heydər Əliyevin qəbuluna ilk dəfə bilirsiniz haçan buraxmışıq?! Naxçıvandan Heydər Əliyevlə görüşə gələn bir qrup sakinlə birgə. Orada da Rza guya natiq idi. Durdu danışdı.

- 1995-ci ilin mart hadisələrini necə yadda saxlamısınız? Orada da fəal iştirak etmisiniz?

- O zaman OMON polis idarəsinə hücum elədi. Mən də Nizami Rayon Polis İdarəsi 23-cü polis bölməsinin rəisi idim. Bu vəzifəyə həmin il martın 3-də təyin olunmuşdum. 1994-cü il oktyabr hadisələrindən sonra, 1995-ci il, fevralın 28-də mühafizədəki işimdən çıxdım. Çıxarılmadım, çıxdım. Mən qırmızı adamam, hər kəsin üzünə deyirdim ki, ən təhlükəli günlərdə siz Heydər Əliyevi tək qoyub qaçmışdınız, gizlənmişdiniz. Həqiqəti deməyim də belə insanların xoşuna gəlmirdi.

- Yəni siz onlara irad tuturdunuz ki, Heydər Əliyevin çətin günündə niyə onun yanında olmamısınız?

- Mən onları sata bilərdim. Heydər Əliyevə deyərdim ki, oktyabrda onların çoxu qaçıb. Heydər Əliyev onların birini də işdə saxlamazdı. Amma biz həmkar idik, mən belə şeyi dostluğa, kişiliyə sığışdırmıram.

- Və sizinlə o insanlar arasında qarşıdurma yarandı...

- Onlar mənimlə qarşıdurmaya gedə biləcək insanlar deyildi. Bir gün məni Vaqif Axundov yanına çağırdı. Haşiyə çıxıb deyim ki, oktyabr hadisələrindən sonra mənə baş leytenant rütbəsi verilmişdi. İşimdə də heç bir nöqsanım yox idi. Vaqif Axundov isə mənə dedi ki, sən işdən azad olunursan və bu, Heydər Əliyevin göstərişidir. Dedi səni DİN-ə sərəncama vermişik, işə götürəcəklər, get orada işlə.

Mən də dedim ki, niyə getməliyəm, nə səhvim var. Dedim əgər Heydər Əliyev get desə, gedərəm. Dedim siz hamınız Surətin və Rövşənin qabağından qaçmışdınız, mən isə Heydər Əliyevin qapısının ağzında öz postumda idim, mən niyə getməliyəm.

Sonradan mühafizədə gördüyünüz yeni adamlar təhlükəli günlərdən sonra üzə çıxdılar. Məsələn, 1994-cü il hadisələrindən sonra Nehrəmdən Molla Muradəli Bakıya gəlib, indiki növbə rəisləri Abdulla ilə Səftəri Heydər Əliyevə etibarlı insanlar kimi təqdim edib, onların mühafizəyə işə götürülməsini xahiş etmişdi. Halbuki Naxçıvanda hamı bilirdi ki, Abdulla cəbhəçi olub, sonra da Naxçıvanda “bandotdel”in rəisi vəzifəsinə gətirilib.

1994-cü ildə bunlar gəldi, düşdülər mühafizə idarəsinə, oldular qəhrəman. Biz də o pis günləri keçdik, olduq heç nə.

- Sizi bundan sonra 23-cü polis bölməsinə rəis göndərdilər?

- Yox. Mən onlara dedim ki, Heydər Əliyevlə görüşməsəm, işdən çıxmayacam.

- Heydər Əliyev sizi qəbul etdimi?

- Bəli. Sadəcə mən bu insanlara sübut etmək istəyirdim ki, son qərarı verən adam onlar deyil. Sonra Heydər Əliyevlə görüşüm oldu.

- Təkbətək?

- Yox. Rəsul Quliyev də içəridə idi. Heydər Əliyev mənə dedi belə məsləhət görmüşük ki, səni Nizami Rayon Polis İdarəsi 23-cü polis bölməsinə rəis verək. Mən də dedim, necə məsləhətdirsə, elə də olsun. Amma sual da verdim. Dedim, cənab prezident, mən niyə getməliyəm.

Dedi mən belə məsləhət bilirəm, o, generaldır, onu işdən çıxarsam, qalmaqal olar, sən isə hələ cavansan. Sonra Heydər Əliyev Ramil Usubovu çağırdı. Dedi bunu 23-cü polis bölməsinə rəis ver. Ramil Usubov o bölmədə başqa adamın rəis olduğunu bildirdi. Amma Heydər Əliyevin tapşırığı əmr idi. İcra olunmalı idi. 23-cü polis bölməsinin rəisini çıxarıb Suraxanıya bölmə rəisi göndərdilər. Gərək ki, 33-cü bölməyə.

- Dediniz ki, Heydər Əliyevlə görüşəndə Rəsul Quliyev də orada idi. Cəmiyyətdə sonradan belə bir söz-söhbət yayılmışdı ki, sizin Rəsul Quliyevlə yaxınlığınız var. Yaxın idiniz doğrudan da?

- Bütün nazirləri Rəsul Quliyev çağırırdı. O nə deyirdisə, dərhal icra edirdilər. Mən də Heydər Əliyevlə görüşdə Rəsul Quliyevə deməli idim ki, siz çıxın çölə, mənim prezidentlə söhbətim var? Rəsul Quliyev hakimiyyətdə ikinci adam idi. Nazirlər gedib onun qapısında növbə gözləyirdi. Rəsul Quliyev məni çağırıb iclas keçirib, yoxsa mənə vəzifə verib, nə edib ki?! Onunla heç bir yaxın münasibətimiz olmayıb. Mən Heydər Əliyevin mühafizəçisi olmuşam.

- Deməli, 23-cü polis bölməsinə rəis təyin edildiniz…

- 1995-ci il, martın 3-də yeni iş yerimə çıxdım. Martın 7-8-də isə Qazaxda OMON hadisələri baş verdi. Onda bildim ki, məni elə “rasxod”a vermək üçün bu bölməyə göndəriblər.

- Yəni sizi əslində qaynar nöqtəyə göndərmişdilər...

- Bəli. Bilirdilər ki, mən heç nədən qorxan, geri çəkilən deyiləm.

- 1995-ci ilin mart hadisələrində iştirakınız, rolunuz nədən ibarət olub?

- Biz onda Nizami Rayon Polis İdarəsində otumuşduq. Maştağadan Vidadi adlı OMON-çu var idi. O gəlib Nizami Rayon Polis İdarəsinin rəisi Sahib Mirzəyevlə görüşdü. Yedilər-içdilər, söhbət etdilər. Vidadi gedəndən yarım saat sonra bizə hücum oldu. Bizdən iki nəfər yaralandı. Onlardan da yaralanan olmuşdu. Bizdən yaralananlardan birinin adı Kamal idi. İndi o, Naxçıvanda gömrükdə işləyir. Danışa bilmir, güllə ağzına dəymişdi. Bir də Azər idi bizdən yaralanan. İndi hamı qəhrəmanlıqdan danışır. Amma onda hamısı qaçıb divanın altında gizlənmişdi. Biri də yaxına gəlmirdi. Orada bizimlə birgə vuruşanlar Naxçıvan uşaqları idi.

- Deyirlər o zaman Naxçıvandan da dəstə gəlmişdi...

- Deyirlər, amma mən görməmişəm.

- Və o hadisələrdən bir il sonra siz həbs olundunuz…

- Bəli.

- Nə baş verdi? Sizi niyə tutdular?

- Heç nə. Öz ətrafımdakı adamların paxıllığından tutuldum. Yəqin özlüklərində deyirmişlər ki, Müşfiq niyə belə sürətlə qalxır. Mən dövlətçiliyə qarşı heç bir şey etməmişdim. Ayaz Mütəllibov ikinci dəfə hakimiyyətə gələndə onu Keşlə məscidinə aparıb xeyir-dua verib gətirmişdilər. Ətrafındakıların hamısı bakılılar idi. Mühafizəçisi, sürücüsü keşləli idi. Onlar özbaşınalıq edirdilər. Mənsə orada, Nizami rayonunda qayda-qanun yaratmışdım, vəssalam. Ayrı nə etmişdim ki?! Bakı qarnizonunda cinayətlərin açılma səviyyəsinə görə ən güclü bölmə mənim bölməm olub. Onlarsa bunu qəbul edə bilmirdilər.

Mən polisə təzə uşaqlar götürmüşdüm. Mənim paxıllığımı çəkənlər isə deyirdilər ki, Müşfiq cinayətkarları döyür. Nə etməli idim?! İndiki polislər idmançıdır, seçib götürürlər. O vaxt mən də Kikboksinq Federasiyasının vitse-prezidenti idim. Federasiyanın prezidenti şəkili balası Azər idi. İndi Uşu-Sando Federasiyasındadır. O uşaqları mən öz hesabıma, dostlarımın köməyi ilə yarışlara, dünya çempionatına aparmışam. 4 nəfər apardım, üçü medal gətirdi. Mən belə işlər görürdüm. Amma çoxu bunu görməzliyə vururdu.

- 1996-cı ildə səni həbs elədilər. Harada həbs elədilər?

- Daxili İşlər Nazirliyində həbs olundum. Rəisim Sahib Mirzəyev mənə dedi ki, bu gün nazirlikdə iclasdır, səni də çağırırlar. Halbuki nazir biz bölmə rəislərini heç vaxt nazirliyə yığmırdı. Onda Elçin Əmiraslanov həbs olunmuşdu. Mən soruşdum ki, Sahib, qardaş, bizi nə məqsədlə nazirliyə yığırlar. Dedi ki, bu iclas Elçinin həbsi ilə bağıldır.

- O vaxt belə bir söhbət də var idi ki, Elçin Əmiraslanovu sən gizlətmisən...

- Hə, belə söhbətlər var idi. Hətta Elçini içəridə döyürdülər ki, üzümə dursun. Ona deyirdilər ki, de düşmənimdir. Mən də vəkil Namizəd Səfərova dedim, yazıqdır, işgəncələrə dözməkdənsə qoy yalandan boynuna alsın. Onsuz da döyə-döyə “sındırır”lar. Sonra bizi Elçin Əmiraslanovla üzləşdirəndə işgəncələrə baxmayaraq o dedi ki mən qarşımdakı adamı tanımıram. Amma bütün problemləri mənim üstümə yıxmağa çalışırdılar. Məni hətta Afiyəddin Cəlilovun, Şəmsi Rəhimovun ölümünə bağlamaq istəyirdilər. Müstəntiq Vahid Məmişov var idi. Onun yadından çıxmışdı ki, Afiyəddin Cəlilov, Şəmsi Rəhimov öldürülən gün mən Heydər Əliyevlə birgə Amerikada olmuşam. Mən də vəkilim Yusifbəyliyə “zapiska” göndərdim. Ona yazdım ki, bu Amerika söhbətini müstəntiqə demə, qoy çaşsın, bu cəfəng iddianı cinayət işinə salsın. Məhkəmə başlayanda bu iş pis “partlayacaq”. Həmin gün Heydər Əliyevlə Amerikada olmağım bunların ağlına da gəlməmişdi. Mən necə oldu ki, Amerikadan uçub gəlib adam öldürmüşəm?

Demə, vəkil Yusifbəyli də bunların adamı imiş. Vəkil sonra özümə dedi ki, həbsxanadan çıxanda guya üstünü axtarıb məktubu tapıblar. Beləliklə, qətl məsələsini mənim üstümdən götürdülər. O alçaq vəkilə 8 min dollar da pul vermişdim.

- Qayıdaq həbsinizə. Siz DİN-ə iclasa gedəndə nə baş verdi?

- DİN-ə gedəndə məni heç vaxt yoxlamırdılar. Çünki uşaqların hamısı məni yaxşı tanıyırdı. Çoxu naxçıvanlılar idi. Mən üstümdə silah gəzdirmirdim. Həmişə çantama qoyurdum. Nazirliyin binasına bu dəfə girəndə ilk dəfə üstümü yoxlamaq istədilər. O uşaqlara çox hörmət eləmişəm. Bakıda ev, maşın alanda hamısına yardım eləmişəm. Onlar məni görəndə qabağıma gəlib görüşərdilər. Amma bu dəfə üstümü yoxladılar. Heç ağlıma da gəlməzdi bu. Öz-özümə dedim yəqin göstəriş veriblər ki, hər kəsin üstü yoxlansın. Mən, Sahib Mirzəyev, Suraxanı Rayon Polis İdarəsinin rəisi Etibar Qazıbəyov birlikdə girdik nazirliyə. İçəri girəndən sonra onlar mənə dedilər ki, sən burada gözlə, biz gedib nazir müavini Əsgər Ələkbərovla görüşüb gəlirik. Demə, onlar mənim həbs olunacağımı bilirmişlər. Əslində onların heç biri mənim həbsimi istəmirdi, amma vəziyyət belə gətirmişdi.

Nə isə, nazirin qəbuluna girdim. İclasda məni ayağa qaldırıb dedilər ki, sən iplik fabrikinin müdirindən rüşvət almısan. Fabrikin sahibinin qardaşı Zakir 9-cu polis bölməsinin rəisi idi. Fabrikin müdiri bir dəfə mənim yanıma görüşə gəlib. Təbrik etmək üçün. Bundan başqa mənim onunla görüşüm olmayıb. Yəni bu ittiham əsassız idi. Mənim üstümə başqa bir şey qoya bilmədilər. Sonra gedib evimdə axtarış aparmışdılar. Evdən də heç nə tapa bilməmişdilər.

- Sizi elə DİN-in binasında da qandalladılar? 

(davamı var) 

Söhbəti qələmə aldı: İlkin MURADOV

Xəbərlər